BAKI, 6 iyun — Sputnik. İyunun 4-də Azərbaycan paytaxtında ilk dəfə qarışıq döyüş növləri üzrə məşhur "M-1 Challenge 67" yarışı — "Odlar Yurdunda döyüş" adlı turnir keçirilib. "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışda 15 ölkəni təmsil edən idmançıların iştirakı ilə 10 döyüş baş tutub.
Sputnik xəbər verir ki, turnirdə Azərbaycanı üç idmançı təmsil edib. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir. "Baku Fighter" klubundan olan iki təmsilçimiz gecənin super görüşündən qalib ayrılıb.
Döyüşə inamlı başlayan Zaur Hacıbabayev birinci raundda almaniyalı rəqibi Lazar Todevi məğlub edib. Digər döyüşçümüz Taleh Nəcəfzadə Ekvatorial Qvineya idmançısı Felipe Nsueyə qarşı yarışıb. T. Nəcəfzadə görüşün üçüncü raunddunda rəqibindən güclü olub.
Gecənin və günün son döyüşündə 77 kiloqram çəki dərəcəsində "M-1" yarışında debüt edən Azərbaycan idmançisi Etiqat Atakişiyev ispaniyalı rəqibi Adrian Pereslə üz-üzə gəlib. İdmançimiz rəqibini boğucu fəndlə məğlub edərək adını mükafatçılar sırasına yazdırıb.
Orta çəkidə "M-1" üzrə dünya çempionluğu uğrunda ilk titul döyüşündə slovakiyalı İvan Buxinger (Slovakiya) rusiyalı rəqibi Mixail Korobkova ilk raundda qalıb gəlib. Vadim Malygin (Rusiya) — İbrahim Novruzov (Gürcüstan) görüşü hakimlərin qərarı ilə heç-heçə yekunlaşıb.
"M-1 Challenge" üzrə dünya çempionluğu uğrunda yüngül çəkidə Aleksandr Butenko (Ukrayna) beş raunddun nəticəsi olaraq Artyom Damkovskidən (Belarus) üstün olub. O, öz çəki dərəcəsi üzrə çempionluq kəmərinə layiq görülüb.
Turnirin digər görüşündə Azamat Zantuduev (Qırğızıstan) Bair Ştepinə (Qazaxıstan), Yevgeni Myakinkin (Rusiya) Yevgeni Guryanova (Ukrayna), Zalimbeq Omarov (Ukrayna) Mixail Sırbura (Moldova), Şavkat Raxmanov (Qazaxıstan) nokautla Marselo Britoya (Braziliya) qalib gəlib.
Qeyd edək ki, dünyanın 150 ölkəsində canlı yayımlanan turnirdə fəxri qonaq qismində Ümumdünya Qarışıq Döyüş novləri Assosiasiyasının (WMMAA) və M-1 Global-ın prezidenti Vadim Finkelşteyn də iştirak edib.
BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".
Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".
Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.
BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.
Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.
Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.
Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.
BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"ndan bildirilib.
Xəbərə görə, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri" bərpa ediləcək.