Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib

34
(Yenilənib 21:59 06.05.2016)
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Əl-Təmimi və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev iştirak edib.

BAKI, 6 may — Sputnik. Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib. Sputnik-in məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunmuş mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Əl-Təmimi və Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev iştirak edib. Azərbaycan cüdoçularının uğurlarını əks etdirən videoçarx nümayiş olunduqdan sonra, yarışda iştirak edən 76 ölkənin rəmzi olaraq adını daşıyan şəxslər parad şəklində tatamiyə daxil olub.

Tədbiri nazir A.Rəhimov yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. Nazir qeyd edib ki, Azərbaycan böyük qürur hissi ilə dünyanın ən nüfuzlu və mötəbər yarışlarına ev sahibliyi edir: "Dünyanın ən mötəbər beynəlxalq yarışları Azərbaycanda yüksək səviyyədə təşkil olunur. Belə böyük uğurlara ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idman və idmançılara xüsusi diqqət və qayğısı nəticəsində imza atırıq. İdmançılarımızın uğurları artır, dünyanın müxtəlif ölkələrində Azərbaycanın himni səsləndirilir. Azərbaycan idmanının ən böyük təntənəsi "Bakı-2015" birinci Avropa Oyunları olub. Hazırda Azərbaycanda cüdo üzrə "Böyük dəbilqə" turniri, 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçirilir. Biz inanırıq ki, bu yarışda da idmançılarımız yüksək nəticələr qazanacaqlar. Bir daha bütün idmançılara uğurlar arzulayıram".

Daha sonra çıxış edən BCF-in rəsmisi Əl-Təmimi Bakı şəhərində olmaqdan məmnun olduğunu söyləyib. O, "Böyük dəbilqə" turnirinə ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirib. BCF rəsmisi yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. BCF rəsmisi idmançılara qələbələr arzulayıb. ACF-in prezidenti Rövnəq Abdullayev qonaqları ölkəmizdə salamlayaraq, idmançılara ədalətli mübarizə diləyib. O, turnirdə güclü olanın qalib gəlməsini arzulayıb. Yarış açıq elan olunub və Azərbaycanın Dövlət Himni səsləndirilib. Bədii hissədən sonra möhtəşəm lazer-şou nümayiş olunub. Şouda Azərbaycanın milli atrebutları və musiqilərindən istifadə edilib. Açılış mərasimindən sonra yarışın ilk gününün final mərhələsinə start verilib.

Xatırladaq ki, yarışın birinci günü idmançılarımız üçün uğursuz başlayıb. Heç bir idmançımız qələbə kürsüsünə yüksələrək olimpiyadaya lisenziya qazana bilməyib. 

34