Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Bürünc" ilinin qızıl oğlanları: San-Siro onu ayaq üstdə alqışlayırdı

© Photo : Из личного архива автораЗаслуженный мастер спорта Алекпер Мамедов
Заслуженный мастер спорта Алекпер Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
İkinci hissədə Beskovun əvəzinə meydana çıxanda, tribunadan "çayxana", "arşın malçı", "meyxana" deyə qışqırırdılar. "Məni möhkəm pressinq edirdilər. Birinci topu gürcülər vurdular, Bakı küçələrində öyrəndiyim texnikanı yada salmalı oldum"...

BAKI, 27 apr — Sputnik. Daha öncə yazdığım kimi 1962-cü il mövsümündə "Neftyanik" yaxşı oyun nümayiş etdirdi. Məşqçi heyəti gənclik və təcrübənin uğurla bir-birini tamamladığı kollektivi yarada bilmişdi. Komanda haqqında mətbuatda müsbət rəylər yazılırdı. Futbol mütəxəssisləri onu perspektivli olaraq qiymətləndirirdilər. Lakin, 1963-c2 ildə baş məşqçi Arkadyev məzuniyyətdən qayıtmadı və Moskva "Lokomotiv"inə başçılıq etmək qərarına gəldi. Bu barədə Bakıda yalnız yanvarın sonlarında xəbər tutdular. Çox fikirləşmədən baş məşqçi vəzifəsi əməkdar idman ustası Ələkbər Məmmədova təklif olundu. Bu gün söhbət ondan gedəcək.

Ələkbər Məmmədov

4 sentyabr 1955-ci il, Milanın "San-Siro" stadionu. Tribunada 100 000 tamaşaçı, stadionun ətrafında da 10 000 avtomaşın var. Moskvanın "Dinamo" komandası, onda artıq yığma komandası iki dəfə dünya çempionu titulunu qazanmış İtaliyaya gedən ilk sovet komandası idi. Görüşə xüsusi olaraq İsveçrədən, Fransadan və AFR-dən futbol mütəxəssisləri gəlmişdi. Komandanın heyətində dünya ulduzları var idi. İtalyan "tiffoziləri" iki ay əvvəl Moskvada "Milan"ın "Dinamo"ya 4:2 hesabı ilə qələbəsini xatırlayaraq moskvalıların İtaliyada darmadağın edəcəklərini səbirsizliklə gözləyirdilər. Birinci hissənin 25-ci dəqiqəsində fenomenal bombardir rekordunun (235 oyunda 225 qol) sahibi isveçli Qundar Nordal hündürə tullanaraq başı ilə topu "Dinamo"nun qapısının yuxarı küncünə yönəltdi — 0:1.
Stadion fit, qələbə zümzüməsi və alqışlardan partladı.

Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Sergey Kramarenko və komandanın rəhbəri Şövkət Orduxanov - Sputnik Azərbaycan
İDMAN
Bürünc ilin qızıl oğlanları: Stalin bu məğlubiyyəti ona bağışlamadı

İkinci hissədə dinamoçular dərhal hücuma başlayırlar. Üç dəqiqədən sonra, Lev Yaşinin xatırladığı kimi, Ələkbər Məmmədov Yuri Kuznetsovun ötürməsi ilə gözəl zərbə ilə cavab qolu vurdu: 1:1. Stadion gözlənilməz gedişatdan dondu…
İlk qoldan 13 dəqiqə sonra, Rıjkinin sürətli keçidindən sonra cərimə metdançasının mərkəzinə dəqiq ötürməsi və top Məmmədovdadır. Sürətlə irəliləyən Məmmədov qapıçı ilə təkbətəyə çıxaraq 16 metrdən soyuqqanlı şəkildə topu Buffonun qoruduğu qapıdan keçirir — 2:1.

Cəmi iki dəqiqədən sonra stadion yenidən alqışlarla silkələnir. Şabrov cərimə meydançasına daxil olur və topu dəqiq yaxınlıqdakı Məmmədova ötürür. Sonuncu topu qəbul edərək onu qapıçının yanından qapıya vurur — 3:1. Final fitinə 20 dəqiqə qalmış Kuznetsovun dəqiq ötürməsindən sonra Məmmədov bu oyunda özünün dördüncü qolunu vurur. Qonaqların oyunu tamaşaçıları valeh edir, ev sahibləri isə moskvalıların qapısına hücuma keçirlər, lakin Yaşinin başçılıq etdiyi müdafiə sayıqdır…

Sonralar Yaşin yazırdı ki, "Ələkbər sırf texnikalı oyunçudur, orijinal keçmə üsulu var, meydançanı gözəl görür. O əsl hücum lideri idi".

Mən bu möhtəşəm oyunu görə bilmədim, çünki bir qədər gec dünyaya gəlmişdim. Mənə Ələkbər Əmiroviçlə tanış olmaq xoşbəxtliyi nəsib olub. Bizi beynəlxalq dərəcəli görkəmli hakim, Məmmədovun yaxın dostunun oğlu Rüstəm Rəhimov tanış etdi. Sizin müəllifə Bakı "Neftyanik"inin, Moskva "Dinamo"sunun və SSRİ yığmasının əfsanəvi forvardı ilə bir neçə dəfə uzun müzakirələr aparmaq zövqünü yaşamaq nəsib olub. Əlbəttə, məni ilk olaraq həmyerlimizin "San-Siro"da etdiyi "poker" maraqlandırdı. O, idman tərcümeyi-halındakı bu parlaq faktı izah edərkən çox təvazökar oldu: "Orda nə var idi ki… Başa düşürsən, mən o mövsümdə onsuz da yaxşı formadaydım, həmin görüşdə isə oyunum da alındı. Nə edirdimsə, yaxşı alınırdı. Ona görə də italyanlara dörd top vurdum. Fuad, düzünü deyim, daha çox vura bilərdim, lakin gördüm ki, oyunçularımız qısqanırlar. Ona görə də arxaya çəkildim, onları önə çıxardım". Bu sözlər qeyri-adi dərəcədə təvazökar və səmimi olan Ələkbər Məmmədovu gözəl xarakterizə edir.

Ələkbər Məmmədov Bakının öz idman nailiyyətləri ilə tanınan 6 saylı orta məktəbində təhsil alıb. Mən də iki onillik sonra həmin məkətbə oxumuşam. O dövrdə bu məktəbin bədən tərbiyəsi müəllimi Leonid Eduardoviç Yurfeldin adı bütün respublikada məşhur idi. O, öz işini sevən biri idi və Yurfeld haqqında Ələkbər Məmmədova da yüksək fikirdə idi. Erkən yaşlarından idmanla məşğul olan Məmmədov futbola ciddi həvəs göstərirdi. 17 yaşında Ələkbər "Neftyanik"in ustalardan ibarət heyətində oynayır. Lakin onu xoş qarşılamalarına baxmayaraq, özünü inamsız hiss edir.

O vaxt Bakıda ot örtüyü olan stadion yox idi. Lakin Moskva "A" qrupundakı komandaların sayını artırmaq istədi və bura Bakı, Yerevan və Riqa komandaları düşdülər. İlk görüş HHQ komandası ilə oldu. O komandada məşhur oyunçular var idi. Komandaya isə Stalinin oğlu Vasili hamilik edirdi. Qonaqlar iki xalı ciblərində zənn edərək oyuna böyük əhval-ruhiyyə ilə gəlmişdilər. Oyun Razin stadionunda keçirdi. Tribunalar dolu idi, bəzi azarkeşlər həyatlarına təhlükə olmasına baxmayaraq, elektrik qatarlarının üstünə çıxıb oradan oyuna baxırdılar. Oyun heç-heçəyə doğru gedirdi və birdən Abramaşvili bir anlıq pressindən qurtularaq topu qapı istiqamətində vurdu. Qapıçının qaytardığı topu Anoşkin qapıdan keçirdi. Bu "Neftaynik"in ilk iki xalı idi. Sonra onlar "Torpedo" ilə heç-heçə oynadılar. Burada Ələkbərə Ponomaryovu "söndürmək" tapşırılmışdı. Oyundan sonra ekstravaqant məşqçi Putilin hamının qarşısında şlyapasını çıxararaq Məmmədovu düzgün qiymətləndirmədiyini etiraf etdi.

1951-ci il sentabrın 16-da Stalin adına yeni respublika stadionunun təntənəli açılışı oldu. Həmin gün "Neftyanik" Vilnüsün "Spartak"ı üzərində 4:0 hesablı qələbə qazandı. Stadiondakı ilk qolun (30-cu dəqiqədə) müəllifi kimi tarixə düşmüş Ələkbər Məmmədov bütün mövsüm boyu 36 top vurdu.

1952-ci il mövsümündə komanda Yuri Kuznetsov kimi qiymətli oyunçunu əldə etdi. Mövsümün əsas hədəfi "A" sinfinin birinci qrupuna keçmək idi. O zaman Ələkbərin ikinci qrupda oynamasına baxmayaraq onu ölkə yığmasının tərkibində beynəlxalq oyunlara çağırmağa başladılar. O "Spartak"ın tərkibində Macarıstanın güclü "Vaşaş" klubuna qarşı oynadı. Bu oyunda gənc Ələkbərin tərəfdaşı Bobrovun özü idi.

Macarların qapısına vurulan beş topdan ikisini Ələkbər vurmuşdu. "Spartak" Məmmədova onların əsas heyətinə daxil olmağı təklif etdi. Mövsüm davam edirdi, yoldaşları Ələkbəri buraxmaq istəmirdi. Amma onun taleyini Moskvadan gələn zəng həll etdi və o, 1954-cü ildə Moskvaya getdi. Orada Məmmədova "Dinamo" komandası ilə birlikdə iki oyunda oynamaq üçün Çexoslavakiya və Danimarkaya getməyi təklif etdilər. Bu, gənc Ələkbərin xaricə ilk səfəri idi. Səfər uğurlu keçdi, üç matçda iki qələbə və bir heç-heçə. Kopenhagenda hesab 1:1 olanda Ələkbər müdafiəçini keçərək topu Bobrova ötürdü və hesab 2:1 oldu.

"Dinamo" ilə Tbilisidəki oyun çətin oldu. İkinci hissədə Beskovun əvəzinə meydana çıxanda, tribunadan "çayxana", "arşın malçı", "meyxana" deyə qışqırırdılar. "Məni möhkəm pressinq edirdilər. Birinci topu gürcülər vurdular, Bakı küçələrində öyrəndiyim texnikanı yada salmalı oldum", — deyə sonralar Məmmədov xatırlayırdı. Nəticədə Moskva "dinamoçuları" 2:1 hesabı ilə qalib gəldilər — 2:1. Ələkbər isə "Dinamo"nun tərkibində möhkəmləndi. 1954-cü il mayın 2-də futbol mövsümü iki ən populyar komandanın — "Dinamo" və "Spartak"ın görüşü ilə başladı. "Dinamoçu"lar 2:0 hesabı ilə qalib gəldilər. Qollardan biri Ələkbərovun aktivinə yazılmışdı. Mövsümün sonunda isə o özünün çempionatdakı ilk qızıl medalını qazandı.

Növbəti mövsümdə "Dinamo"nun Başaşkin kimi güclü müdafiəçisi olan MOİK-lə çətin oyunu yadda qaldı. Bu mövsümdə ilk dəfə olaraq "Neftyanik"dən keçmiş Yuri Kuznetsov da oynayırdı. Hərbçilərin qapısına vurulmuş dörd topdan ikisi Məmmədovun hesabında idi. İsveçin komandası ilə görüşdə Ələkbər hesabı açdı. Bu görüşdə o elə parlaq oyun göstərdi ki, onu parlamaqda olan ulduz saymağa başladılar. Ələkbər Məmmədovun "Dinamo"ya keçməsi ilə bu komanda bakılıların qismində böyük bir sadiq azarkeşlər ordusunu qazandı. Belə ki, futbola təkcə sevimli komandaya azarkeşlik etmək üçün deyil, futbol ulduzlarının — Eduard Streltsovun, Ələkbər Məmmədovun, Anatoli Banişevskinin oyunundan həzz almaqdan ötrü də gedirdilər.

1956-cı ilin payızında SSRİ-nin yığma komandasının qarşısında Melbrunda 15-ci Olimpiya oyunlarında çıxış etmək vəzifəsi dayanırdı. Yığma komandanın tərkibində dörd dinamoçu vardı. Lakin son məqamda idman komitəsinin sədri İ.Romanovun əmri ilə Məmmədov məşqçi korpusunun etirazına baxmayaraq əvəz olundu. Bu, məmurun bakılı ustaya qarşı çoxdankı ədavətinə görə oldu. Nəsə…
Bir ildən sonra Moskvaya ilk dəfə Braziliyanın "Vasko da Qama" komandası gəldi. Braziliyalıların məşqinə baxmaq üçün çoxlu azarkeş gəlmişdi. Dinamoçular da gəlmişdilər. Təəssürat güclü idi: saat yarım caz musiqisinin sədaları altında onlar akrobatika, tullanma və top çiləməklə məşğul oldular.

Matça 90 min tamaşaçı gəlmişdi. Əlbəttə, braziliyalılar yüksək texnika, topa ustalıqla sahib olmağı nümayiş etdirdilər. Lev Yaşinin rəhbərliyi altındakı müdafiə isə sakit və təhlükəsiz oynayırdı. Birinci hissə — 0:0. İkinci hissədə braziliyalılar dərhal hesabı açdılar. Bu gərginliyi aradan qaldırdı və dinamoçuların hücumu kəskin olmağa başladı. Tezliklə Ələkbər cavab qolu vurur, sonra 15 dəqiqə ərzində moskvalılar daha 2 qol vururlar ki, onlardan da birinin müəllifi bizim həmyerlimiz olur. Ümumi hesab — 3:1.

Ələkbərlə dost olan Lev Yaşin özünün "Çətin qələbələrin xoşbəxtliyi" kitabında 1958-ci ildəki "Dinamo" — "Torpedo" oyununu təsvir edir. Sonuncu Eduard Streltsovun sayəsində yüksəlişdə idi. Onlardan sensasiya, liderlər üzərində qələbə gözləyirdilər. Lakin Məmmədovun başçılıq etdiyi "Dinamo"nun hücum xətti çox gözəl oynadı. Kombinasiyalar, çoxgedişli süjetlər bir-birini əvəz edirlər. Toplar bir-birinin ardınca vurulurdu. Ümumi hesab — 5:2. Oyundan sonra "Torpedo"nun məşqçisi dedi: "Məmmədov kimisinə qarşı gənc və sürətli birini buraxmaq lazımdır".

Lakin Alik (onu yalnız bakılı deyil, bütün sovet futbol azarkeşləri belə adlandırırdılar) Bakıya qayıtmağı çox istəyirdi. Və tezliklə o digər görkəmli bakılı, əməkdar idman ustası Yuri Kuzetsovla doğma "Neftyanik"ə qayıtdı. Boris Arkadyev Alikdən futbolu dərhal tərk etməməyi, daha bir mövsüm oynamağı xahiş etdi. Qocaman məşqçinin Moskva "Lokomotiv"indən ayrılmasından sonra, 1963-cü ildə Bakı klubuna Ələkbər Məmmədov rəhbərlik etməyə başladı.

Növbəti SSRİ çempionatında iştirakçıların sayı 20 komandaya qədər azaldı. Startdan əvvəl həmçinin bəyan edildi ki, güclülər dəstəsini üç deyil, sonuncu mövsümdə olduğu kimi beş komanda tərk edir. Bu mühüm faktı nəzərə alan Ələkbər Məmmədov təcrübəli oyunçalara — Kuznetsova, Qryazevə, Trofimova üstünlük verdi, gənclərdən Tuayevi, Markarovu və Çançalaşvilini də yaddan çıxarmadı. Əvəzedicilərdən əsas heyətə həmçinin Şeyxov, Bruxti, Boqdanov keçirildi, Kirovabaddan Babayev və Abdullayev çağırıldı. On altı yaşlı Banişevski əvəzedici heyətdə Kabanov soyadı altında çıxış edirdi (o zaman 16 yaşlı futbolçulara böyüklərin tərkibində çıxış etməyə icazə verilmirdi).

1963-cü ildə komanda əla oynadı. On birinci turdan sonra "Neftyanik" 17 xalla birini yerə çıxdı (8 qələbə, 2 məğlubiyyət və bir heç-heçə). Xüsusilə hücum məhsuldar oynayırdı — 48 top vurulmuşdu. Müdafiə zəif idi — 44 top buraxılmışdı.

Çempionatın sonuncu turunda Moskva "Spartak"ı ilə oyunda "Neftyanik" 1:0 hesabı ilə irəlidə idi (Kuznetsov fərqləndi). Görüşün sonunda gözlənilməz bir şey baş verdi. Qapının üzərindən keçməli olan top küləyin təsiri ilə…"Neftyanik"in qapısına daxil oldu — 1:1. Heç-heçə bakılıları səkkizinci yerə saldı. Qələbə halında onlar altıncı ola bilərdilər. SSRİ çempionatında iştirakın yekunlarına əsasən 1962-1963-cü illərdə ilk dəfə olaraq "Neftyanik"in 12 futbolçusu SSRİ-nin idman ustası adına layiq görüldü. Həmçinin ilk dəfə Azərbaycan futbolunun təmsilçisi — Kazbek Tuayev SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına düşdü və milli yığmaya dəvət olundu.

1964-cü ildə əsas liqanın heyətinə artıq 17 klub daxil oldu. Gördüyümüz kimi onların sayı azalmışdı. Bununla yanaşı daha bir yenilik tətbiq olundu: orta təhsili olmayan oyunçular çempionatda iştirak edə bilməzdilər.

Adamets Qolodets oyunlarını başa vurdu və dərhal Ələkbər Məmmədovun köməkçisi oldu. Məmmədov isə mövsümü dəyişikliklərlə açmağa qərar verdi: o radikal surətdə heyəti gəncləşdirmək qərarına gəldi, baxmayaraq ki, Kuznetsov və Qolodets bu təşəbbüsün vaxtından əvvəl irəli sürüldüyünü hesab edirdilər. Buna baxmayaraq, komandanın heyətində Kramarenko, Abdullayev, Boqdanov, Bruxti, Zabrodin, Banişevski peyda oldu.

Qarabag-Neftçi - Sputnik Azərbaycan
İDMAN
Məşhur futbol klubumuzda tənəzzül: veteranları nə məyus edib?

Bu mövsüm "Neftyanik" üçün çox çətin, enişli-yoxuşlu keçdi. Bir məqamda bakılılar hətta təhlükəli zonada idilər, lakin 4 oyundan 7 xal toplayaraq finişi 12-ci yerdə tamamladılar. Həlledici görüş Bakıda "Neftyanik"dən iki xal artıq toplamış "Volqa" ilə oldu. Meydan sahiblərinə yalnız qələbə lazım idi və onlar bunu əldə etdilər. Yeganə topu Banişevskini yıxmağa görə təyin olunmuş penaltidən ustalıqla Hacıyev vurdu. 1964-cü ildə "Neftyanik" Rumıniya, Bolqarıstan, İsveç və Pakistanın klubları ilə 12 beynəlxalq görüş keçirdi. Bu görüşlərdə də 10 qələbə qazandı. Mütəxəssislərin fikrincə, 1964-cü ildə "Neftyanik"in heyətində komandanın şanlı 1966-cı ildəki uğurlu çıxışlarının özülü qoyuldu.

1965-ci ili "Neftyanik" Moskva "Torpedo"su (yeri gəlmişkən, həmin il ölkə çempionu oldu) üzərində parlaq qələbə ilə başladı — 3:0. Lakin sonradan ayrı-ayrı qələbələrlə növbələnən acınacaqlı məğlubiyyətlər zolağı başladı. Komandanın məşqçisi Ələkbər Əmiroviç Məmmədovun komandanın formalaşması prosesinə müdaxilə edən və növbəti oyunların heyətinin təyin olunmasını nəzarət altına alan idmanın "böyük" rəhbərləri ilə münasibətləri alınmırdı. Komandanın ikinci dövrədə uğursuzluqları davam edəndə, oyunçuların narazılığına baxmayaraq, "Neftyanik"də rəhbərlik dəyişikliyi baş verdi. Bakılılar Moskvaya "Spartak"la oyuna gəldikdən sonra elan olundu ki, baş məşqçi əməkdar idman ustası Vasili Sokolov təyin edilib.. Onun qısamüddətli rəhbirliyindən sonra, kluba Əhməd Lətifoviç Ələsgərov (növbəti yazımız ona həsr olunub) başçılıq etdi.

Ələkbər Əmiroviç uzun və zəngin həyat yaşayıb. Artıq "Neftçi" olan komanda üçün ən ağır məqamda o yenidən kluba rəhbərlik etdi, lakin onu güclülər dəstəsində saxlaya bilmədu. Ələkbər Əmiroviç təkcə Azərbaycanda deyil, bütün SSRİ-də, o dağılandan sonra isə postsovet məkanında idman ictimaiyyəti arasında böyük nüfuzə malik idi. Təvazökarlıq, sadəlik və hədsiz səmimilik bu dünyanı 2014-cü ildə tərk etmiş bu böyük futbolçuda cəmlənmişdi.

Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti
0