İlham Əliyev

Prezident futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı sərəncam imzaladı

85
Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

BAKI, 15 fev — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyinə fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti isə fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, UEFA nümayəndə heyəti üzvlərinin, UEFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionatla və çempionat tədbirləri ilə bağlı Azərbaycana gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, onlara Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etməlidir.

Səhiyyə Nazirliyinə çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görmək, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyinə isə öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı UEFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etmək həvalə olunub.

Öz növbəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görməlidir, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etməlidir.

85