Nəzakət Qarayeva

"Həyatımı idmana həsr edəcəm, özümü başqa yerdə görmürəm"

344
Nəzakət Qarayeva: "Peşəkar olmaq üçün mütləq öz üzərimdə işləməliyəm. Xüsusilə milli yığmamızda olan çinli qızlar daha güclü və təcrübəlidirlər. Məhz onlara çatmaq üçün öz üzərimdə çox işləyəcəm"

BAKI, 15 fev — Sputnik. Onun 15 yaşı olsa da, stolüstü tennis idman növü üzrə böyük nailiyyətlərə imza atıb. Bakıda keçirilən Respublika çempionatına qatılaraq, ilk 5-liyədək yüksəlib. Rəhbərliyin də gələcəyinə böyük ümidlər bəslədiyi Nəzakət Qarayevanın Sputnik-ə müsahibəsini təqdim edirik:

- Nəzakət, cəmi 15 yaşın var və artıq stolüstü tennis üzrə milli yığmaya namizədsən. Necə oldu ki, bu idman növünü seçdin?

— Məktəbdə bu idman növü üzrə məşqlərin keçirilməsi ilə bağlı reklam verilmişdi. Mən də o reklamı gördüm, maraqlı gəldi mənə və getdim məşqlərə qatıldım. Bu gün də gördüyünüz kimi…

- Bu idmanı seçərkən, məqsədin hobbi olaraq tennislə məşğul olmaq idi, yixsa bu sahənin peşəkarı olmaq?

— İlk vaxtlar sadəcə özüm üçün məşq etməyə başladım. Sonradan yavaş-yavaş yaxşı alındığını görüb daha da marağım artdı və qərara gəldim ki, peşəkar şəkildə məşğul olum. Və zaman keçdikcə artıq peşəkar məşqlərə başladım.

- Rəqiblərindən qorxursan?

- Əlbəttə, qorxmuram. Amma rəqiblərə məğlub olmamaq üçün daha çox məşq eləməliyəm. Peşəkar olmaq üçün mütləq öz üzərimdə işləməliyəm. Xüsusilə milli yığmamızda olan çinli qızlar daha güclü və təcrübəlidirlər. Məhz onlara çatmaq üçün öz üzərimdə çox işləməliyəm.

- İdmanda hədəflərin nədir?

— Hədəfim və məqsədim daha da çox məşq edib Avropa çempionu olmaqdır. Hal-hazırda var gücümlə buna çalışıram. Avropa çempionu olandan sonra Dünya çempionu olmağı qarşıma məqsəd qoyacam. Məqsədlər çoxdur, məşq eləmək lazımdır.

- Yalnız idmanla məşğul olursan, yoxsa dərslərə də yer ayırırsan?

— Həm dərslərimə vaxt ayırıram, həm də məşqlərimə. Çalışıram, dərslərimi yaxşı oxuyum. Çünki idmançı üçün savad da mütləqdir. Dərslərimi 4-5 qiymətləri ilə oxuyuram. Amma həyatımı idmana həsr etmək niyyətindəyəm. Mən özümü idmanda görürəm, ona görə başqa sahədə çalışa bilmərəm. Stolüstü tennis həyatımın bir parçasıdır.

344
Teqlər:
məşq, Nəzakət Qarayeva, stolüstü tennis, idman
Əlaqədar
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."
İdman öz həmyerlilərini "cəzalandırmaq" vasitəsidir?
İki idmançımız liderliyi ələ aldı
İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq