Qadın güləşi üzrə Azərbaycan yığmasının üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb

Qadın güləşçilərimiz beynəlxalq turnirdən 7 medalla qayıtdılar

199
(Yenilənib 11:41 15.02.2016)
Ukraynada keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb

BAKI, 15 fev — Sputnik. Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Güləş Federasiyasının mətbuat xidmətindən Sputnikə verilən məlumata görə, qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Hər iki güləşçimiz qarşılaşdıqları bütün rəqiblərini üstələyib. Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib.

Finalda güləşçimiz yerli idmançı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herheli məğlub edib.

55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan turnirin gümüş medalına yiyələnib. Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıb.

63 kq-da mübarizə aparan İrina Netreba bürünc medal görüşündə macarıstanlı dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Turnirdə 5-ci olan daha bir güləşçimiz isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.

199
Teqlər:
sərbəst, yunan-Roma və qadın güləşi, Ukrayna, Kiyev, güləşçi
Əlaqədar
Güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar
Güləşçilərimiz hərbçilərin Dünya Oyunlarında növbəti medal qazanıblar
Azərbaycan güləşçiləri daha iki Olimpiya lisenziyası əldə edib
I Avropa Oyunlarında dalaşan güləşçilər diskvalifikasiya edildilər