Anastasiya İbrahimli, ağır atletika üzrə Avropa çempionu

"Bu idman növü ilə ailə həyatı heç cür alınmır..."

416
(Yenilənib 18:57 10.02.2016)
Azərbaycanı olimpiadada təmsil etməyə iddialı olan ağır atlet xanım: "Rio-2016-da 2017-ci il İslam oyunlarında ölkəmi təmsil edib, qələbə qazandıqdan sonra karyerama son qoyacam"

BAKI, 10 fev — Sputnik. Ağır atletika Azərbaycanda qadınlar arasında o qədər də məşhur olmayan idman növüdür. Amma, az da olsa, bu sahədə bayrağımızı beynəlxalq arenada dalğalandıran xanımlarımız var. Sputnik-in bu dəfəki qonağı kimi ağır atletika üzrə Avropa çempionu Anastasiya İbrahimlinin müsahibəsini təqdim edirik:

Anastasiya İbrahimli Sputnik agentliyinin mətbuat mərkəzində
© Sputnik / Farid Babayev
Anastasiya İbrahimli Sputnik agentliyinin mətbuat mərkəzində

- Xanım və ağırlıqqaldırma… Bu idman növü ilə məşğul olmağa necə qərar verdiniz?

— Mən Qazaxıstanda doğulub böyümüşəm. O zaman yaşadığım məhəllədə bütün oğlanlar ağır atletika ilə məşğul olurdular. Həmişə mənə maraqlı gəlirdi ki, bu necə idman növüdür, necə məşq edirlər. Mən özüm də məşq etmək istəyirdim, amma nədənsə alınmırdı. Çünki bizim rayonda heç bir qız məşğul olmurdu bu idman növü ilə. Bir gün zala getdim və məşqçiyə məşq etmək istədiyimi bildirdim. Doğrusu, məşqçi mənim ciddi olduğuma inanmırdı və düşünürdü ki, bir-iki gün gələcəm, sonra çıxıb gedəcəm. Amma belə olmadı. Məşq etdikcə daha çox bu idman növünü sevməyə başladım və həyat tərzimə çevirildi ağır atletika. Sonradan artıq yarışlarda iştirak etməyə başladım. İlk yarışımda uşaq olsam da, rəqiblərim çox olsa da, 4-cü yerə çıxdım və bu, ilk yarış üçün böyük uğur sayılır. O zaman 12 yaşım vardı. Bundan sonra bir neçə yarışda ard-arda çempion oldum və beləliklə idman koryerama başladım. Sonradan Azərbaycana gəldim və burada da uğurlu nəticələr qazandım.

- Qazaxıstandan, böyük məbləğdə maaş qarşılığında, o ölkəni təmsil etməyiniz üçün yenidən təklif gəlsə, gedərsiniz?

— Mən evdə də həmişə deyirəm, nəinki Qazaxıstandan, hətta ABŞ-dan da təklif gəlsə, mən Azərbaycandan başqa yerdə məşq etmərəm.

- Deməli Azərbaycanı idman üçün seçmisiniz?

— Mən Azərbaycanı ürəkdən seçmişəm və ruhən bu ölkəyə bağlıyam. 4 il burada yaşamağıma baxmayaraq, elə düşünürəm ki, uzun illərdir, burada yaşamışam.

- Qız övladınız olsa, onun da məhz bu ağır idman növü ilə məşğul olmasına icazə verərsiniz?

— Mən övladlarımın hansı idman növünü seçmələrinə qadağa qoymayacam. Əgər uşağın istəyi olacaqsa, deməli bu, onun seçimidir. Düşünürəm ki, övladım bu idman növünün çətinliyini görüb istəməyəcək.

- Azərbaycan xanımlarının bu idman növünə marağı, demək olar ki, yoxdur. Nə zamansa idmançı karyeranıza son qoyduqdan sonra məşqçilik etmək planınız var?

— Bu haqda heç nə deyə bilmərəm. Zaman göstərəcək. Ümumiyyətlə mən öncədən danışmağı sevmirəm və indi də deyə bilmərəm ki, mən mütləq məşqçi olacam. Bəlkə də başqa bir bizneslə məşğul olmağa başladım.

- Qarşıdan Rio-2016 olimpiadası gəlir. Olimpiadada iştirak edə biləcəksinizmi?

— Olimpiadaya ən güclümüz gedəcək. Sinəyə döyüb, "mən gedəcəm" demək olmaz. Bu, idmandır və yarışa kimi elə travma ala bilərsən ki, iştirak edə bilməzsən. Amma mən sona kimi məşq edəcəm və çalışacam bu yarışa qatılım. Allah qismət eləsə, gedəcəm.

- Xaricdə olan rəqiblərinizi izləyirsiniz?

— Əlbəttə, izləyirəm. Rəqiblərimin rekordlarına, fiziki güclərinə diqqət edirəm, nə qədər çəki qaldırdığını izləyirəm. Çünki bu, mənim rəqibimi tanımağıma və öz üzərimdə daha çox işləməyimə kömək edir.

- Bu idman növü birbaşa psixologiya ilə bağlıdır. Psixoloqunuz kimdir?

— Mənim ən yaxşı psixoloqum müəllimimdir. O, mənə daha yaxşı məsləhətlər verə bilir və yarışda uğur qazanmağım üçün məni motivasiya edir.

- Qazanmaq istədiyiniz ən böyük uğur nədən ibarətdir?

— Məqsədim — Rio-2016 Olimpiyadasında və 2017-ci il İslam oyunları yarışlarında Azərbaycanı təmsil edib, qələbə qazanmaq və bununla da karyerama son qoymaqdır. Artıq bir xanım olaraq uşaq böyütməliyəm. Bu idman növü ilə ailə həyatı heç cür alınmır.

416
Teqlər:
Anastasiya İbrahimli, ağırlıqqaldırma, Ağır atletika, idmançı qız, Qazaxıstan, idmançı, idman, Azərbaycan, qadın
Əlaqədar
İki idmançımız liderliyi ələ aldı
"Formula 1 mühüm idman yarışıdır, amma böhran dövründə deyil..."
Transseksual idmançılarla bağlı sensasion təklif: bu, reallaşarsa...
İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakını pul gətirən layihədən çıxarırlar?

89
(Yenilənib 13:30 25.01.2021)
Türkiyə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, paytaxtımız UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər.

BAKI, 25 yanvar — Sputnik, Teymur Tuşiyev. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2020-ci ildə keçirilməli olan və koronavirus pandemiyası səbəbindən 2021-ci ilə kimi təxirə salınan Avropa çempionatının təşkilatçı sayını azaltmaq məqsədilə dörd variantı nəzərdən keçirir. Sputnik Azərbaycan bu barədə Express.de-yə istinadən xəbər yayıb.

AVRO 2020-nin təşkilatçıları ilə bağlı ssenarilərdən biri çempionata ev sahibliyi edəcək şəhərlərin sayının 12-dən 10-a endirilməsindən ibarətdir. İkinci variantda şəhərlərin sayının 5-ə, üçüncü variantda isə 2-yə endirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sonuncu dəfə 2012-ci ildə Avropa çempionatı iki ölkədə keçirilmiş, həmin vaxt turnirə Polşa və Ukrayna ev sahibliyi etmişdi.

Nəhayət, dördüncü ssenari keçən il Avropa Liqasının həlledici mərhələsində olduğu kimi, çempionatın yalnız bir ölkədə keçirilməsini nəzərdə tutur.

Bununla belə, hansı şəhərlərin təşkilatçılar siyahısından çıxarıla biləcəyi haqqında məlumat verilmir, yalnız o qeyd olunur ki, şəhərlərin sayının azaldılması çoxsaylı səfərlərin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər coğrafi prinsipdən çıxış edilərsə, siyahıda Avropaya ən uzaq olan şəhərlər Bakı və Sankt-Peterburqdur. Bu səbəbdən AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılan ilk namizədlər məhz bu şəhərlər ola bilər.

"Qarabağ" futbol klubundan sensasion açıqlama>>

Digər tərəfdən, üç qarşılaşması Bakıda keçirilməli olan "A" qrupunda Türkiyə yığması da var. Özü də bu ölkə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, Bakı UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər. Bununla belə, eyni qrupda olan Uels komandası Bakıya gəlmək üçün min kilometr yol qət etməlidir. Odur ki, UEFA qərar qəbul edərkən bu iki amildən birinə üstünlük verməlidir.

Əgər Avropa Futbol İttifaqı AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını kəskin şəkildə azaltmağa qərar versə, bu halda oyunların keçirilə biləcəyi dörd Avropa şəhəri qeyd olunur: Münhen (Almaniya), London (Böyük Britaniya), Vyana (Avstriya) və Lissabon (Portuqaliya).

UEFA AVRO 2020-nin təşkilatçılarının sayının azaldılması ehtimalı ilə bağlı xəbərləri şərh etməyib, bununla belə qurumdan bildirilib ki, hazırda assosiasiya 12 təşkilatçı ilə birgə Avropa çempionatı ərzində stadionların hansı formada doldurulması ilə bağlı turnir ssenariləri üzərində işləyir. Həmin ssenarilərə əsasən, çempionat vaxtı tribunaların 50 faizdən 100 faizə, 20 faizdən 30 faizə qədər doldurulması və ya oyunların tamamilə azarkeşsiz keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Bakı futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi etməli idi. Bakı Olimpiya Stadionunda İsveçrə - Uels, Türkiyə - Uels və İsveçrə - Türkiyə milli komandaları arasında A qrupunun oyunları və dörddə bir finallardan birinin keçirilməsi nəzərdə tutulmuşdu. AVRO 2020-nin bu il iyunun 11-dən iyulun 11-nə kimi keçirilməsi planlaşdırılır.

Avropa çempionatının formatı ilə bağlı son qərar martın əvvəlində açıqlanacaq.

89
Teqlər:
Bakı, UEFA, AVRO-2020, futbol
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

24
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

24
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

0
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

0