Qarabağ futbol klubu

Futbol mütəxəssisləri: “Qarabağ” “Seltik”dən çəkinməməlidir

104
(Yenilənib 13:12 28.07.2015)
Ağasəlim Mircavadov: Əks-hücumlardan maksimum istifadə olunmalıdır.

BAKI, 28 iyul – Sputnik. Sabah Çempionlar liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”, səfərdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək. 

AFFA Məşqçilər komitəsinin sədri Vaqif Sadıqov və komitənin əsas üzvlərindən Ağasəlim Mircavadov sabahkı oyun barədə Sputnik-ə öz dəyərləndirmələrini ediblər.

Vaqif Sadıqov
Vaqif Sadıqov

Vaxtilə milli komandamızı da çalışdırmış Vaqif Sadıqov, “Seltik”dən çəkinməyə gərək olmadığını söyləyib.

““Qarabağ” futbol klubu öz dəsti xəttinə malik olan komandadır. Və oynadığı oyunla hamımızda müsbət təsir bağışlayır. Ona görə də, “Seltik”dən çəkinmək lazım deyil.  Baxmayaraq ki, “Seltik” Avropada güclü klublardan hesab olunur, amma “Qarabağ”ın da oynadığı futbol göz önündədir. Və hamımızı qane edir. Sabahkı qarşılaşma haqda ancaq və ancaq müsbət düşünmək lazımdır”, deyə Vaqif Sadıqov bildirib.

Ağasəlim Mircavadov da sabahkı oyunu şərh edərkən olduqca nikbin danışıb. Təcrübəli mütəxəssis, “Seltik” klubunun Şotlandiyada ən güclülərdən olduğunu, ancaq “Qarabağ”ın bu işin də öhdəsindən gələcəyinə inandığını deyib.

Ağasəlim Mircavadov
apasport.az
Ağasəlim Mircavadov

“Biz də avropalılar kimi, öz komandamızı Çempionlar Liqasının qruplarında görmək istəyirik. Əgər “Qarabağ” sabah öz oyununu oynasa, müsbət nəticə əldə edəcəyinə inamım tamdır. Əsas odur ki, futbolçularımız göylə oynamaqdan yayınsınlar. Çünki bu “Seltik”lə oyunda istənilən effekti verməyə bilər. Şotlandlar ingilislərdən fəqli olaraq göy futboluna önəm verirlər. Ona görə də “Qarabağ” əsasən yerlə oynayaraq topu özündə çox saxlamalı, rəqib komandanı yormalı və qol vəziyyətləri yaratmalıdır. Əks-hücumlardan maksimum istifadə olunmalıdır. Belə olsa uğur əldə olunacaq”, deyə Ağasəlim Mircavadov qeyd edib.

104