Məktəbdə müəllim, arxiv şəkli

Diplomlu işsizlər- müəllim çox, yeri yox!

97
(Yenilənib 11:21 24.08.2021)
Müəllim ixtisası üzrə vakant yerlərin sayının müəllim işləmək istəyənlərin sayından dəfələrlə az  olması isə müəllim peşəsinə yiyələnənlərin harada işləyəcəyi barədə sual yaradıb.

BAKI, 23 avqust — Sputnik. Bu il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları müəllim peşəsinə yiyələnlərin sayının vakant yerlərlə müqayisədə həddindən artıq çox olması problemini üzə çıxartdı. Qeyd edək ki, bu il üçün məktəblərdə müəllim peşəsi üzrə 8000-ə yaxın vakansiya olsa da, MİQ imtahanlarında iştirak üçün 60 minə yaxın müəllim qeydiyyatdan keçmişdi. Onlardan 46 930 nəfər MİQ imtahanlarında iştirak edib. Ümumilikdə bu il ötən illə müqayisədə MİQ imtahanında iştirak edərək müəllim işləmək arzusunda olanların sayı 18 min nəfərdən 60 min nəfərə qədər artıb. Müəllim ixtisası üzrə vakant yerlərin sayının müəllim işləmək istəyənlərin sayından dəfələrlə az  olması isə müəllim peşəsinə yiyələnənlərin harada işləyəcəyi barədə sual yaradıb. Sputnik Azərbaycan müəllim peşəsi üzrə kadr hazırlığının təlabatdan çox olması problemini araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1990-cı ilə qədər müəllimlər imtahana cəlb olunmayıb. O, müəllim işləmək üçün problemin məhz müəllimlərin biliyinin sınağa çəkilməsindən sonra yaşandığını bildirib. N.İsrafilov deyir ki, hazırda ölkədə mövcud tələbatdan 3 dəfədən artıqdır müəllim var:

"Müəllim peşəsi üzrə kadr hazırlığı məsələsində tələb-təklif prinsipi pozulub. Müəllim bolluğu yaranıb.  Ölkədə müəllim artıqlığının yaranması müşahidə olunur. Sovet dövründə təlabat öyrənilir, hər fənn üzrə nə qədər müəllimə ehtiyac vardısa kadr hazırlığı da ona uyğun aparılırdı. Bizdə hazırda müəllim ştatında vakansiya ancaq müəllim təqaüdə getdiyi hallarda yaranır. Müəllimin dərs yükü isə 18 saatdır. Məsələ ondan ibarətdir ki, müəllim 18 saatdan az dərs deməməlidir. Burada süni vakansiya yaratmağa ehtiyac yoxdur. Bir məktəbdə üç müəllim varsa, əmələ gələn vakansiya onların arasında bölüşdürülsün. Amma məktəblərdə süni vakansiyalar yaradılır. Halbuki dərs saatlarını müəllimlər arasında bölüşdürmək olar. İndi isə dərs saatı keçid balına görə tənzimlənir".

Nadir İsrafilov onu da deyir ki, bu gün müəllim peşəsi üzrə kadr hazırlığını təlabata uyğun sayda hazırlamaq mümkün deyil. Çünki, ali təhsil müəssisələri üçün buna hər hansı bir məhdudiyyət yoxdur. Əlində diplom olan müəllimlərin işsiz qalmasının digər səbəbinin şagird sayının il-ildən azalması ilə əlaqəli olduğunu söyləyir. Onun sözlərinə görə, hazırda ölkəmizdə müəllim- şagird nisbəti 13.5 -dir. Yəni orta hesabla hər müəllimə 13 şagird düşür.

Təhsil eksperti Kamran Əsədov Sputnik-ə bildirib ki, Azərbaycan-ın 4447 orta ümumtəhsil müəssisəsində  150 min müəllim çalışır. Onun sözlərinə görə, hal-hazırda ölkəmizin 4447 orta təhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır:

"Hər 10 şagirdə bir müəllim düşür. Bakıda bu rəqəm daha aşağıdır. Paytaxtda orta hesabla 9 şagirdə bir müəllim düşür. Hər il ali məktəblər 12 minə yaxın pedoqoji kadr hazırlayır. Onların işlə təmin olunmasında ciddi problem yaranır. Amma bu o demək deyil ki, Azərbaycanda pedoqoji kadr hazırlanmamalıdır. Çünki, digər sahələrdə, özəl sektorda da ali təhsilli şəxslərə ehtiyac var", - deyə K.Əliyev bildirir.

Ekspert deyir ki, ölkəmizdəki ümumtəhsil müəssisələrində vakant yerlərin yaranması üçün müəllimlərin də vahid maaşı olmaldır:

"12 saat dərs deyən müəllim vəzifə maaşı almalıdırlar. Bu zaman yerdə qalan dərs saatları vakant yer kimi çıxardılacaq. Həmçinin müəllimlərin təqaüdə çıxma yaşı dəyişdirilməlidir. Müəllimlər əmək haqları müqabilində təqaqüdə çıxardılmalıdır ki, gənc müəllimlər üçün vakant yer yaransın".

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev öz açıqlamasında bildirib ki, Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb.

"60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər", - deyə nazir vurğulayıb.

Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.

"Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var", - deyə nazir bildirib.

Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.

Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.

Həmçinin oxuyun:

Müəllimlərin nəzərinə: İşə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

97
Teqlər:
diplom, müəllim,

İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir

473
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

BAKI, 24 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "Nizami Gəncəvi İli"nə həsr olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.

Eyni zamanda, konfransda "Sənaye 4.0 və yeni təhsil texnologiyaları", "Bilik idarəçiliyi", "Rəqəmsal kənd təsərrüfatı", "İqtisadiyyatın rəqəmsallaşması", "Süni intellekt və etika", "Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir" və "Rəqəmsal dövrdə yeni peşələr" kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.

Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.

Beynəlxalq spikerlər "Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması", "4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər", "4-cü Sənaye İnqilabı və "Əşyaların İnterneti" (IoT) üçün yeni bir təhsil yolu", "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

473
Teqlər:
Bakı, konfrans, sənaye, inqilab
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

26
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

26
Teqlər:
universitet, dərs

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə