CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bu şəxslər üçün imtahandır

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) keçirəcək. DİM imtahanla bağlı zəruri məlumatları paylaşıb.

BAKI, 9 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyul 2021-ci il tarixində SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunacaq.

Tələbələr "İmtahana buraxılış vərəqəsi"ni iyulun 6-dan etibarən bu linkdən çap edirlər.

İmtahan saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İmtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. SABAH-ın hədəfləri təhsildə innovativ tədris metodlarının və təhsilalanların təşəbbüslərinin dəstəklənməsi və qabaqcıl təcrübənin tətbiqi, təhsilverənlərin inkişafı və stimullaşdırılması, akademik və biznes mühitlərinin əlaqələrinin genişləndirilməsi və inteqrasiyasıdır. SABAH qruplarına qəbul 3 mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə aparılır. Müsabiqədə Respublikanın istənilən ali təhsil müəssisəsində yalnız tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin I kursunda əyani əsaslarla təhsil alan və orta akademik göstəricisi 61-dən yuxarı olan tələbələr iştirak edə bilərlər.

Eləcə də oxuyun:

Xəbər lenti
0