Təhsil naziri ilin yekunlarını vurur - "Son zəng"lə bağlı şərtləri açıqladı

1547
(Yenilənib 20:19 10.06.2021)
"Böyüksaylı, yəni 100-dən çox məzunu olan məktəblərdə, yəqin ki, bir neçə hissədən ibarət son zəng tədbirlərinin keçirilməsi planlaşdırılır".

BAKI, 10 iyun — Sputnik. "Ağır bir tədris ilini başa vurmaq üzrəyik, amma təsirlərini uzun müddət aradan qaldırmalı olacağıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev tədris ilinin yekunlarına dair canlı yayımda çıxışında bildirib.

Uşaqları yormaq istəmirlər

O deyib ki, bu ilki tədris ili fərqli oldu: "Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı".

Nazir qeyd edib ki, bu il ümumtəhsil müəssisələrinin XI sinfini 84 mindən çox, IX sinfi isə 131 mindən çox şagird bitirir. Bu il 160 mindən artıq I sinif şagirdi üçün də fərqli il oldu, onlar da bu dərs ilini yarı distant, yarı hibrid bitirirlər.

Təhsil naziri Emin Əmrullayev məktəblərdə "Yay məktəbi"nin əhəmiyyətindən də danışıb. Nazir bu layihənin təşkilindəki məqsədin uşaqları yormaq və məcburiyyət olmadığını bildirib.

O, layihənin könüllü olduğunu qeyd edib: "Bu dərs ilinin uzadılması deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb məktəbdə bir arada maraqlı məzmunla təmin edək. İki həftəlik olsa da, 10 günlük dərs müddətidir. Sual olunur ki, on gün ərzində nə öyrəniləcək? Öyrənmək istəyən şagird fəsilə və ya vaxta baxmır. Bəzən müəllimlər də şikayət edir. Nazirlik olaraq məzmunu daha zəngin etməyə çalışırıq. İyulun 8-dən başlayaraq "Yay məktəbi" üçün müraciət başlayaq. İki gün ərzində 177 mindən çox müraciət daxil olub. Növbəti günlərdə sayın artacağına ümid edirəm".

E.Əmrullayev deyib ki, "Yay məktəbi"nin təşkili ilə pandemiya zamanı yaranan çətinlikləri qismən də olsa bərpa etməkdir.

Son zəng üçün şərtlər

Nazir diqqətə çatıdırb ki, bu il məktəblərdə "Son zəng" tədbirləri məktəblərdə təşkil olunacaq. Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. şərtlər çox sadədir. Açıq havada və müəyyən say məhdudiyyətlər tətbiq olunacaq. Böyüksaylı, yəni 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət son zəng tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb olunacaq".

Pandemiyanın təhsilə təsiri

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılıb. Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklərin fəaliyyətinə icazə verilib. Bu gündən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi yoxdur.

1547

Buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlanıb

421
(Yenilənib 10:45 14.06.2021)
DİM iyunun 16-sı və 17-də ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarını keçirəcək.

BAKI, 14 iyun — Sputnik. İyunun 16-17-də 34 mindən çox şagird buraxılış imtahanı verəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 16-17 iyun 2021-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

Məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Həmçinin oxuyun:

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrini açıqladı

Növbəti buraxılış imtahanı nə vaxt olacaq? DİM-dən təzə xəbər

421
Tələbələr, arxiv şəkli

Diplom işi yazmaq yox, dövlət imtahanı yox - Yeni qərarın kadr hazırlığına təsiri

4299
(Yenilənib 08:50 14.06.2021)
Nazirlər Kabinetinin bu qərarı ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

BAKI, 14 iyun — Sputnik. Bu il də ali və orta ixtisas təhsili üzrə məzunlar dövlət imtahanından azad olunacaq. Baş nazirin dünən imzaladığı bu qərarın keyfiyyətli kadr hazırlığına təsiri Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevanın araşdırmasında...

Artıq iki ildir ki, pandemiya səbəbindən ali təhsil müəssisələrinin məzunları dövlət imtahanından azad edilirlər. Dünən Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.

Sputnik Azərbaycan pandemiya dövründə məzunlara edilmiş bu güzəştlərin kadr hazırlığının keyfiyyətinə təsirini araşdırıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin karantin dövründə bu qərarı verməsi məqsədəuyğundur: "Baş nazir tərəfindən verilən qərarla bu il dövlət imtahanı verəcək tələbələr dövlət imtahanından azad edilirlər. Onların qiymətləndirilməsi əvvəlki illərin nəticələrinə görə baş tutacaq. Ötən il də Nazirlər Kabineti belə bir qərar vermişdi. Builki tədris ili də pandemiya şəraitində davam etdi. Təhsilalanlar xeyli əziyyət çəkməli oldular. Ona görə də NK-nın bu qərarını çox humanist və pandemiya dövrünə uyğun qəbul edilmiş qərar hesab edirəm".

İ.Orucov deyir ki, bu qərar dövlətin təhsilalanlara münasibətidir. Onun sözlərinə görə, bununla pandemiya dönəmində dərs proqramını mənimsəməyə çətinlik çəkmiş tələbələrin işi yüngülləşmiş oldu. Ekspert bildirir ki, bu tədris ilində böyük əksəriyyəti rayonlarda yaşayan tələbələr arasında onlayn təhsilə qoşulmaqda çətinlik yaşayanlar olub. Dövlət onlara dəstək olmağa çalışsa da, internetə əli çatmayan tələbələr az deyil.

İ.Orucov bildirir ki, bu qərar keyfiyyətli mütəxəssis hazırlığına elə də ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, müasir dövrdə dörd il universitet təhsili kifayət etmir: "Müasir dövrdə insanlar daim yenilikləri öyrənməlidirlər. Ali təhsil müddətində əldə edilən biliklər daim artırılmalıdır. Çünki dövr bunu tələb edir. Pandemiya dövründə tətbiq edilən güzəştlər onların biliyinin azalması ilə nəticələnməyəcək. Koronavirus pandemiyası təkcə Azərbaycanda deyil, dünyada təhsilin keyfiyyətinə təsir göstərdi. Nəzərə almaq lazımdır ki, əvvəlki imtahanlarda qazanılan qiymətlərlə onların biliyi qiymətləndirilir. Tələbələr pandemiya dövründə kifayət qədər stres və çətinliklə üzləşiblər. Ona görə də verilən qərarı pandemiya şəraitinə uyğun hesab edirəm. Biliyi insan yalnız tələbə olduğu müddətdə qazanmır. Baza biliyini daim təkmilləşdirməyə ehtiyac var. Bu əmək bazarının tələbidir. Hazırkı dövrdə əsas məsələ insanların sağlamlığını qorumaq, onların qayğısına qalmaqdır", - deyə İ.Orucov bildirir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə təsir edib. Tələbələr bu şəraitdə normal təhsil almaqda çətinlik çəkiblər. Onun sözlərinə görə, mühazirədə iştirak edə bilməmək, kitabxanaların əlçatan olmaması tələbələr üçün çox ciddi problemlərdir: "Bunların fonunda yekun dövlət imtahanının keçirilməsi çətin ola bilərdi. Tələbələrin diplom işi yazması üçün kitabxanalardan istifadə etməsi vacib idi. Pandemiya şəraitində isə bu imkanlardan bəhrələnmək məhduddur. Tələbələr elmi rəhbərləri ilə görüşə bilmirlər. Ona görə də bu mövcud şərtlər daxilində atılmış doğru addımdır. Çünki ən əlaçı tələbə belə, iki-üç il əvvəlki materialları oxumaq üçün kitabxanaya getməlidir", - deyə ekspert bildirir.

K.Əsədovun sözlərinə görə, dünyanın heç bir ölkəsində yekun attestasiya yoxdur. O bildirir ki, müxtəlif ölkələrin bununla bağlı təcrübəsi var: "Əgər diplomu dövlət verirsə, dövlət imtahan keçirməlidir. Amma semestr imtahanlarını təhsili həyata keçirən qurum yox, müstəqil qurum həyata keçirir. Bu da keyfiyyət üçün vacib amildir. Amma ümumilikdə götürdükdə Azərbaycan universitetləri keyfiyyətli kadr hazırlamır. Təbii ki, bu güzəşt müəyyən mənada tələbələrin ixtisas biliklərinin zəif olmasına gətirib çıxara bilər. Amma pandemiyanın çətinliklərini nəzərə alsaq, bunu ədalətli qərar kimi qiymətləndirmək lazımdır", - deyə K.Əsədov bildirir.

Təhsil Nazirliyindən isə bildirilir ki, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib. Hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.

NK-nın müvafiq qərarına əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası, eləcə də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək. Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.

Sonda onu da qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı ölkənin ali təhsil müəssisələrində təhsil alan 167 min bakalavrdan son kursda oxuyan 44 min məzuna şamil olunacaq.

4299
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

0
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

0