* AZƏRBAYCAN *
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Məktəblər bu il iyunun 30-da bağlanacaq - Nazirin yeniliyi şagirdlərə verəcək?

2170
(Yenilənib 19:17 03.06.2021)
Pandemiya dövründə yay məktəblərinin təşkilinin şagirdlər üçün nə vəd etdiyi, yay məktəblərinin tədris proqramından nə ilə fərqlənməli olduğu Sputnik Azərbaycan-ın sosial müxbiri Zülfiyyə Quluyevanın araşdırmasında.

BAKI, 3 iyun — Sputnik. İyunun 15-də ümumtəhsil müəssisələrində tədris başa çatsa da, bu dəfə Azərbaycanda məktəblər həmin tarixdən bağlanmayacaq. Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan yay məktəblərinə start veriləcək.

Qırx dörd faiz yay məktəbinin təşkilinə "hə" deyib?

Qeyd edək ki, Təhsil Nazirliyi yay məktəblərinin təşkili ilə bağlı qərarı keçirilmiş sorğu əsasında verib. Təhsil naziri Emin Əmrullayev bildirib ki, sorğu nəticəsində 44% respondent yay məktəbinin təşkilinə müsbət rəy verib. Nazir deyib ki, bu I-IX siniflərdə təhsil alan təqribən 1,350,000 şagirddən 600,000 nəfərinin valideyninin övladlarının iyun ayının ikinci yarısında əlavə təhsil almasını dəstəkləməsi deməkdir: "Hətta sorğuda mümkün xətaları nəzərə alsaq, bu say 500,000-nə (yarım milyon) yaxındır. Təhsil Nazirliyi olaraq yüz minlərlə şagirdimizin öyrənməsini təmin etmək bizim əsas vəzifəmizdir. Hər hansı səbəbdən bu təşəbbüsə qoşulmaq istəməyən valideynlərin seçimini də anlayışla qarşılayırıq. Xatırlatmaq istərdim ki, yay məktəbləri könüllü və ödənişsiz əsasda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq təşkil ediləcək".

Yay məktəbləri necə olacaq?

Nazirlikdən bildirdilər ki, şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslər də olacaq.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, yay məktəbində dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər. O qeyd edib ki, iki həftəlik yay məktəbi bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: "Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəbdənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil".

V.Yaqublu əlavə edib ki, yay məktəbinin təşkili bütün məktəblər üçün keçərlidir: "Bir dərs müddəti 45 dəqiqə olacaq. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək".

Bəs görəsən, Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri şagirdlər üçün faydalı olacaqmı? Əslində yay məktəbləri necə təşkil edilməlidir? Sputnik Azərbaycan valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.

"İki həftəyə uşaq nə öyrənəcək" deyənlərə cavab...

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik-ə açıqlamasında bildirib ki, nazirliyin yay məktəblərinin təşkili ilə bağlı qərarı alqışlanmalıdır. Ekspert deyir ki, xüsusilə pandemiya dövründə yay məktəblərinin keçirilməsi zəruridir: "Məsafədən təhsil zamanı bir çox boşluqlar yarandı. Dərslər gah distant, gah əyani, gah da hibrid keçirildi. Təhsil Nazirliyi bu boşluğu aradan qaldırmaq üçün tədbirlər həyata keçirir. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də yay məktəblərinin təşkilidir. Bəzən sosial şəbəkələrdə yay məktəbləri keçirilməmiş onun faydasız olacağı barədə şərhlərə rast gəlirik. Amma bu doğru fikir deyil. Yay məktəblərinin şagirdlərə heç bir ziyanı yoxdur. Əksinə, yay məktəblərinin təşkilinin şagirdlərin biliyinin zənginləşdirilməsi baxımından faydası var. Üstəlik yay məktəbləri ödənişsiz və könüllüdür".

N.İsrafilov bildirir ki, yay məktəblərinin müddətinin iki həftə olması, bu müddətdə şagirdlərin lazımi bilik əldə edə bilməyəcəyi barədə mülahizələr də əsassızdır. Ekspert deyir ki, iki həftə öyrənmək bilik əldə etmək üçün elə də az müddət deyil. Onun sözlərinə görə, yay məktəbləri iki həftə uşaqların vaxtının səmərəli keçməsinə imkan yaradacaq.

Yay məktəbləri yay düşərgələri ilə əvəzlənə bilər

Həmsöhbətimiz bildirir ki, yay məktəbləri təcrübəsi sovet dövründə də olub. Onun sözlərinə görə, sovet dövründə yay düşərgələri məktəblilərin tətil müddətində asudə vaxtının səmərəli keçirilməsi baxımından əhəmiyyət daşıyıb: "Sovet dövründə hər rayonun təhsil şöbəsinin öz düşərgəsi vardı. Rayonlarda olan bu düşərgələrdə şagirdlər yay tətili müddətində hər öyrənir, həmçinin də dincəlirdilər. Nəzərə almaq lazımdır ki, məktəbin funksiyası yalnız bilik öyrətmək deyil. Məktəblilərin şəxsiyyət kimi formalaşması, onların özlərinə dost tapması, asudə vaxtının təşkil edilməsi baxımından da məktəblərin üzərinə böyük məsuliyyət düşür. Yay məktəbləri, yay düşərgələri uşaqların küçələrdə nəzarətsiz dolaşmasının qarşısını alır. Onları pis vərdişlərdən yayındırır. Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri tam olaraq bu funksiyaları yerinə yetirməyə hədəflənməsə də, ümumilikdə pandemiyanın təhsilə təsirini azaltmaq baxımından faydalı olacaq.

Ekspert deyir ki, pandemiya dövründə təşkil olunmuş yay məktəbləri bundan sonra ənənə halını ala bilər. Yay məktəbləri gələcəkdə yay düşərgələrinin geniş miqyasda həyata keçirilməsinə stimul verə bilər.

Yay məktəbləri keçirilsin, amma formal yox!

Təhsil üzrə ekspert Kamran Əsədov da yay məktəblərinin pandemiya dövründə təşkilini vacib hesab edir. K.Əsədov deyir ki, pandemiya dövründə təhsildə fasilələr, təhsilin formasının tez-tez dəyişməsi şagirdlərə bir il ərzində lazımi bilikləri əldə etməyə imkan verməyib. Ekspert deyir ki, yay məktəblərinin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradacaq: "Müəyyən fənlər vardı ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. Yay məktəblərində həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər. Sorğuda 44 faizin yay məktəblərinin keçirilməsinə müsbət rəy verməsi də onu göstərir ki, valideynlər bu dərslərin keçirilməsini istəyir.

Ekspert bildirir ki, yay məktəblərinin keyfiyyətli olması müəllimlərdən asılı olacaq.

"Əgər onlar şagirdlərdə yay məktəbinə maraq oyada biləcəklərsə, məktəblilər həvəslə dərslərdə iştirak edəcəklər. Yox, əgər bunu edə bilməyəcəklərsə, yay məktəbləri formal xarakter daşıyacaq", - deyə K.Əsədov bildirir.

K.Əsədov buna görə də yay məktəbləri ilə bağlı monitorinqlər aparılmalı olduğunu söyləyir. Onun sözlərinə görə, pandemiya dövründə keçirilməyən və zəif mənimsənilən dərslərin şagirdlərə öyrədilməsi baxımından yay məktəbləri bir fürsətdir.

Müəllimləri razı salmaq lazım gələcək?

Ekspert deyir ki, yay məktəblərinin keyfiyyətli təşkili üçün müddətsiz müqavilə ilə işləyən müəllimlərə əlavə maaş verilməsinə ehtiyac yoxdur: "Orta ümumtəhsil məktəblərində müəllimlər əmək müqaviləsinə əsasən, iyulun 1-dən məzuniyyətə çıxırlar və məzuniyyət müddəti 56 gündür. Ona görə də iyunun 30-na qədər istər müddətli, istərsə də müddətsiz müqavilə əsasında çalışan müəllimlər məktəbdə olmalıdırlar. Həmin məktəbdə yay məktəbinin olub-olmamasından asılı olmayaraq bu, qüvvədədir. Yəni 30 iyuna qədər heç bir müəllim məzuniyyətə çıxmır, dərs saatına görə əmək haqqı alır və əgər ona 16-30 iyunda yay məktəbi dərsi veriləcəksə, həmin müəllim bunu yerinə yetirməlidir", - deyə ekspert bildirir.

Onun sözlərinə görə, məktəbdə müqaviləsiz və saathesabı işləyənlərin isə iş müddəti iyunun 15-də başa çatdığı üçün həmin müəllimlər yay məktəblərinə cəlb olunarlarsa, əlavə vəsait ödənilə bilər.

Pandemiya ödənişli yay məktəblərinin təşkilinə də problem yaradıb

Qeyd edək ki, Azərbaycanda yay məktəbləri bəzi tədris kurslarının nəzdində də təşkil olunur. Təhsil Nazirliyinin ödənişsiz təşkil etdiyi yay məktəblərinin özəl tədris mərkəzlərində qiyməti 200 manatdan 3600 manatadək dəyişir. Hədəf kurslarından Sputnik Azərbaycan-a bildirdilər ki, pandemiyadan əvvəl Londonda iki həftəlik yay məktəbinin qiyməti bir şagird üçün 3600 manat təşkil edib. Qubada təşkil olunan iki həftəlik yay düşərgəsinin qiyməti 650 manat, Bakıda isə bir aylıq yay məktəblərinin qiyməti 200 manatdır. Kursun direktor müavini Elvin Əliyev deyir ki, paytaxtdan kənarda, yaxud da ölkə xaricində keçirilən yay məktəblərində əsas üstünlük şagirdlərin dil biliklərinin təkmilləşdirilməsinə yönəldilirmiş. E.Əliyev bildirir ki, hazırda pandemiyaya görə belə kamplar təşkil etmək mümkün olmadığından, kursda təhsil alan şagirdlər bir il keçdiklərini təkrar edir, gündəlik 4 saat dərs keçirilir. Bununla belə E.Əliyev şagirdlər üçün yay məktəblərinin əyləncəli olması üçün robot, kodlaşdırma ilə bağlı həftədə 90 dəqiqə dərslər keçirildiyini, kiçik yaşlarda isə yay məktəblərinin maraqlı olması üçün ekskursiyalar təşkil edidiyini söyləyir.

E.Əliyev deyir ki, yay məktəblərinin proqramı dərs proqramından fərqli olmalıdır ki, şagirdlərdə yay məktəblərində iştirak etməyə maraq oyansın. "Pandemiyadan əvvəl yay məktəblərini daha maraqlı təşkil etmək mümkün idi. Yay məktəbləri məktəb mühitindən kənarda keçirildikdə daha maraqlı olur. Çox təəssüf ki, pandemiya buna imkan vermir. Amma yay məktəbləri məktəb mühitində keçirilsə belə, proqramları uşaqların bilik əldə etməsi ilə yanaşı, əylənərək öyrənməsi, inkişaf etməsinə imkan yaratmalıdır. Yay məktəblərində uşaqlar məktəb mühitindən uzaqlaşmalıdırlar", - deyə həmsöhbətimiz söyləyir.

Yay istirahət etmək üçündür, oxumaq üçün yox?!

Valideynlər arasında isə yay məktəblərinin təşkilinə maraq göstərən də var, buna lüzum olmadığını düşünənlər də...

Valideyn Günel Salmanova deyir ki, yayda ailəliklə Naxçıvana getdiklərindən uşaqlarını yay məktəbinə göndərməyəcək. Valideyn bildirir ki, üç övladı məktəb dövründə repetitor hazırlığına getdiyindən tətil müddətində onlara istirahət verəcək: "Uşaqlar yayı istirahətdə keçirməlidirlər ki, gələn dərs ilinə enerji yığsınlar".

Gülnar Səfərova adlı valideyn isə deyir ki, uşaqlar yayda gün boyu oynadıqlarından dərslə maraqlanmırlar. Yay məktəblərinin keçirilməsi uşaqların gününün ən azı dörd saatını dərsə ayırmağa məcbur etdiyindən keçirilən dərsləri təkrarlamağa imkan yaranacaq.

Valideynlər yay məktəblərinin könüllü və ödənişsiz olmasından da razıdırlar. Onların sözlərinə görə, bu, valideynlərə seçim etmək imkanı yaradır. Üstəlik valideyn heç bir xərcə düşmür...

Eləcə də oxuyun:

  • Təhsil Nazirliyi məktəblilər üçün yay məktəbi təşkil edəcək

  •  Valideynləri sevindirəcək qərar: Repetitora bir ətək pul xərcləmək lazım gəlməyəcək

  •  Pandemiyanın uşaqlara faydası dəyib - Baş pediatr açıqladı

2170
Teqlər:
şagird, müəllim, pedaqoq, yay məktəbi, məktəb
Rəfael Hüseynov adına 49 №li İntellekt məktəb-liseydə Yay məktəbi

Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları "Yay məktəbi"ndən niyə qoparmaq olmur

1621
(Yenilənib 10:14 23.06.2021)
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir. Sputnik Azərbaycan  "Yay məktəb"lərinin ənənəvi dərslərdən nə ilə fərqləndiyini araşdırıb.

BAKI, 22 iyun — Sputnik. Təhsil Nazirliyi bir il ərzində pandemiya səbəbindən tədrisdə yaranan boşluqları aradan qaldırmaq üçün orta ümumtəhsil məktəblərində "Yay məktəb"ləri təşkil edib. Məsafədən təhsilin şagirdlərə bilik və bacarıqların mənimsənilməsində yaratdığı çətinlikləri aradan qaldırmaq, bu dövrdə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün iyunun 16-dan ödənişsiz və könüllü əsaslarla təşkil olunan “Yay məktəb”ləri 2 həftə müddətində davam edəcək. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir.

Sputnik Azərbaycan həmin məktəblərdən birində,  Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə “Yay məktəb”inin necə təşkil edildiyini izləyib. 

© Sputnik / Murad Orujov
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi"  keçirilir.

Şagirdlər də məmnundurlar, müəllimlər də...

Məktəbin həyətində oynayan kim, ağacın kölgəsində dincələrək dərs öyrənən kim, sinif otaqlarında  nağılları səhnələşdirən kim... Havanın isti olmasına baxmayaraq nə şagirdlər məktəbi tərk etməyə tələsir, nə də müəllimlər onlara öyrətməkdən yorulurdular. “Yay məktəbi” təşkil edilən siniflərdə apardığımız müşahidələrimizdə şagirdlərin üzündə sevinc, müəllimlərin simasında isə məmnunluq hiss edilir.

Sinif otaqlarında “Yay məktəbi”nin necə təşkil edildiyini öyrənmək üçün əvvəlcə 1Ə sinfinin qapısını döyürük. Bu sinifdə 13 şagirdin iştirak etdiyi “Yay məktəbi”ndə dərslərin necə tədris olunduğu barədə bizə sinif rəhbəri Nigar Əhmədova məlumat verir. Bildirir ki, uşaqlar “Yay məktəbi”nə ənənəvi dərslərdən daha maraqla gəlirlər. N. Əhmədova deyir ki, “Yay məktəbi”ndə  şagirdlərə onlayn dərslərdə qavramadıqları mövzular təkrar öyrədilir. Müəllim bildirir ki, bu gün ilk dərsdə “Əkinçi və Canavar” nağılını səhnələşdirərək öyrənən şagirdlərə ikinci dərsdə çörəyin necə ərsəyə gəldiyi izah edilib. N. Əhmədova şagirdlərin  dərsləri əylənərək daha tez qavradıqlarını və maraq göstərdiklərini söyləyir: “Birinci dərsdə “Əkinçi və Canavar” nağılını əvvəlcə üzündən oxuduq. Daha sonra şagirdlər bu nağılı böyük maraqla səhnələşdirdilər. Sinifdəki sünbül vasitəsilə onlar çörəyin necə ərsəyə gəldiyini öyrəndilər. Bundan sonra biz açıq havada halqalarla oyun keçirdik. İndi isə, gördüyünüz kimi, şagirdlər plastilin və kibrit çöpləri ilə fəza fiqurlarını modelləşdirirlər”.

© Sputnik / Murad Orujov
Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə “Yay məktəb”inin təşkili

Nigar müəllim şagirdlərin “Yay məktəbi”ndə fəal iştirak etməsinin onu da həvəsləndirdiyini söyləyir: “Şagirdlər dərsə o qədər maraq göstərirlər ki, biz üç saatın necə gəlib-getdiyini hiss eləmirik”.

Əylənərək öyrənmək uşaqlara zövq verir

4F sinfinin şagirdləri isə açıq havada əyləncəli oyunla dərslərinə davam edirdilər. Sinif rəhbəri Nübar Məmmədova şagirdləri ilə oyunlar keçirməyin çox əyləncəli olduğunu, bunun şagirdlərdə “Yay məktəbi”ə böyük maraq oyatdığını söyləyir. Onun sözlərinə görə, şagirdlər arasında keçilmiş dərslər üzrə sual-cavab aparılır. Sinif iki qrupa bölünür. Hansı qrup daha çox suala düzgün cavab verirsə, həmin qrup da qalib olur. Müəllim bu yolla şagirdlərin hansı mövzuları zəif mənimsədiklərinin üzə çıxartdığını, həmin mövzuların təkrar keçirildiyini bildirir. Nübar müəllimə sinfində 11 şagirdin “Yay məktəbi”ndə iştirak etdiyini, onların dərsləri əylənərək daha tez mənimsədiklərini söyləyir.

4B sinif şagirdləri isə bu gün riyaziyyat dərsindən məsələni elə məktəblə üzbəüz yerləşən parkda əylənərək həll ediblər. Sinif rəhbəri Günay Abdullayeva riyaziyyat dərsində məsələni şagirdlərin ağacların arxasında gizlənməklə yarışaraq həll etməyin onlara böyük zövq verdiyini, məsələnin cavabını beləcə daha tez tapdıqlarını bildirir. G.Abdullayeva deyir ki, riyaziyyat dərsində şagirdlərin hansı mövzunu zəif mənimsədiklərini öyrənmək üçün onların arasında yarış təşkil etdiyini, sonda qalib komandanın seçildiyini bildirir: “Dərslər göstərir ki, uşaqlara əylənərək öyrənmək daha zövq verir. Onlar dərsdə yorulmur, əksinə daha həvəslə iştirak edirlər”.

  • Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
    © Sputnik / Murad Orujov
  • Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
    © Sputnik / Murad Orujov
  • Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
    © Sputnik / Murad Orujov
  • Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
    © Sputnik / Murad Orujov
1 / 4
© Sputnik / Murad Orujov
Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub

"Biz əksini gözləyirdik, onlar məktəbə can atırlar"

Öz övladlarının “Yay məktəbi”ndə bu qədər həvəslə iştirak etməsi valideynləri də təəccübləndirib. Saat 10:30-da övladını evə aparmaq üçün gələn valideyn Aygün Məmmədova onu məktəbdən ayıra bilmədiyini söyləyir: “Uşağın “Yay məktəbi”nə belə maraq göstərəcəyinə inanmırdım. Düşünürdüm ki, bir gün getdikdən sonra isti havada dərs öyrənmək ona çətin olar. Amma əksinə vəziyyətlə üzləşmişik. Uşaqlar heç vaxt olmadığı qədər məktəbə can atırlar”.

© Sputnik / Murad Orujov
“Yay məktəb”ləri 2 həftə müddətində davam edəcək. 

Şagird Nərmin Musazadə deyir ki, “Yay məktəbi”nə böyük həvəslə gəlir: “Mən məktəbə gələndə öz topumu, sevimli oyuncaqlarımı, plastilinimi də gətirirəm. Müəllim bizi həyətə çıxardır, biz əyləncəli oyunlar oynayırıq”.

Şagirdlərlə söhbət zamanı öyrənirik ki, onlar oxuduqları nağılları səhnələşdirməkdən xüsusi zövq alırlar. Heyvanların dilindən danışmaq üçün onlara bənzəmək üçün aldıqları geyimlər sinif otağını bir anlıq teatr səhnəsinə,  şagirdləri isə nağıl qəhrəmanlarına çevirir.

Müəllimlər isə “Yay məktəbi”ndə öz fəallığı ilə seçilən şagirdlərinin zəhmətini onlara sertifikat, təşəkkürnamə verməklə qiymətləndirirlər. Müəllimlər bildirirlər ki, “Yay məktəbi”ndə ənənəvi qiymətləndirmə metodikasından istifadə edilmir.

10-cu siniflərin əlinə fürsət düşüb...

10-cu sinif şagirdləri üçün isə “Yay məktəbi” təkcə oxuyub öyrənmək üçün deyil, öz sinif yoldaşları və müəllimləri ilə yenidən görüşmək imkanı yaradıb. Axı tədris ili boyunca onlar dərslərinə məsafədən davam ediblər. Bu gün 49 saylı məktəbin akt zalında “Yay məktəbi”nin daha bir dərsini keçən 10Ç sinif şagirdləri əsl bilik yarışı keçirirdilər. Məktəbin kiçik akademiyasının şagirdləri müxtəlif fənlər üzrə salınan sualları cavablandırmaqla hansı mövzunu tam mənimsədiklərini, hansı mövzunu isə zəif öyrəndiklərini üzə çıxardırlar. Müəllim Şəhla Əliyeva “Yay məktəbi”nin şagirdlərin bir-biriləri ilə ünsiyyət qurmalarına, bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratdığını söyləyir.

© Sputnik / Murad Orujov
“Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər.

Məktəb bəhanə, ünsiyyət şahanə...

Təhsil ocağından apardığımız müşahidələr də onu göstərdi ki, “Yay məktəbi” təkcə şagirdlərin zəif mənimsədikləri mövzuları təkrar öyrənməsinə deyil, pandemiyada  məsafədən təşkil edilən müəllim-şagird münasibətlərinin yenidən, daha isti, daha sıx qurulmasına şərait yaradır... 

Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə isə tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənn üzrə  məşğələlər təşkil olunur.

Xatırladaq ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir. 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkil edilməsi iyunun 30-da başa çatır.  Onu da qeyd edək ki, Təhsil Nazirliyi “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirib və sorğuda iştirak edən respondentlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib.

Eləcə də oxuyun:

  • Təhsildə yeniliklər olacaq: müəllimlər və valideynlər nə gözləyirlər

  • Paytaxtda "yay məktəbləri" kimi fəaliyyət göstərəcək müəssisələrin sayı bilindi

  • Yay məktəbində bir gün - FOTOLENT

1621
Teqlər:
müəllim, dərs, şagird, reportaj, yay məktəbi
Mövzu:
Bakının son xəbərləri

"Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

9
(Yenilənib 11:09 22.06.2021)
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır.

BAKI, 22 iyun - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

İmtahanda, ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

9
Kişi saçlarını darayır, arxiv şəkli

Bizə qənim kəsilən qəzəbli adamlar

0
(Yenilənib 21:41 23.06.2021)
Sputnik Azərbaycan-ın köşə yazarı son illər çox aktual olan sosial şəbəkə dözülməzliyi mövzusuna toxunub.

BAKI, 23 iyun — Sputnik. Sosial şəbəkələrdə bir qrup insan var ki, oturub kimlərisə linç etmək üçün fürsət gözləyir.

Əgər sənin şəxsi fikirin varsa, ümumi fikirə zidd bircə kəlimə yazsan, vay halına. Bu mühafizəkar və qəzəbli adamlar səni didib-parçalayar, məhv edər.

Onlar heç kəsin tənqidi fikrini, şəxsi yanaşmasını qəbul etmir. Ellikcə sevinib, ellikcə kədərlənən bu insanlar onların duyğularına şərik olmayanları bihörmət etməyə məqam gözləyirlər. Onlar üçün azadlıq əxlaqsızlıq, şəxsi fikir tərbiyəsizlik, fərdi düşüncəni bölüşmək mənasızlıqdır.

***

Onların düşməni də, dostu da ümumidir. Qəfildən sözü bir yerə qoymuş kimi kimisə sevə, ya da söyə bilirlər. Həmrəy, həmfikir olmaqda əndazəni aşmış bu adamların gözündən yayınıb azacıq müstəqil fikir yazsan, sənin xalq düşməni olduğunu sübut edənə qədər səndən əl çəkməzlər. Sosial şəbəkələrdəki qaraguruhu müşahidə edəndə, Nemət Pənahlının “Meydan” hərəkatındakı performansını xatırlayıram. Hərçənd, o dönəmdə uşaq olsamda, dumanlı xatirələrim və böyüklərdən eşitdiklərim Nemətin kütləni necə coşdurmasını yaddaşımdan silinməyə qoymur. Nemətin bir kəlməsi ilə oturub-qalxan minlərlə adam vardı illər öncə...

Sonra həmin kütləvi həmrəylik unuduldu getdi, illər sonra o adamların “varisləri” sosial şəbəkələrdə peyda oldu. İndi də onlar kütləvi şəkildə həmrəy və həmfikir olmaqla sosial şəbəkələri “Azadlıq meydanı”na çeviriblər. Onların da öz nemətpənahlısı var – sosial şəbəkə fenomenləri...

Müharibə vaxtı bu kütlənin qəzəbini də, coşğusunu da gördük. Sülh tərəfdarlarının təhqir edilməsi, fərqli düşünənlərin linç edilməsi hələ də davam edir. Bəli, bu adamlar alternativ, müstəqilfikirə hörmət etmir, hətta qəbul etmirlər. Onlar kimi düşünmürsənsə düşmənsən, namərdsən, satılmısan. Şüar birdir: “ya bizdənsən, ya düşmən”.

***

Şübhsiz ki, kütlənin azad fərdlərə qarşı dözümsüzlüyü yenilik deyl. İllər öncə də sosial şəbəkələrdə qəzəbli adamlar, əsəbi kütlə vardı, bu gün də var. Lakin getdikcə onların bölünməsi, qruplaşması fərqli istiqamətdə təşəkkül tapır. Nə qədər bölünüb, parçalanıb, şaxələnib inkişaf etsələr də, onların ortaq nöqtəsi mütləq var: fərdlərə, azad, müstəqil fikirli insanlara qarşı dözümsüzlük. Əgər şəxsi fikirin varsa, bunu ifadə etmək istəyirsən yüz ölçüb, bir biçməlisən. Yoxsa, hücuma, linçə, təhqirə hazır olmalısan.

Onlar klassikləri çıxmaq şərti ilə, heç bir musiqiçini, rejissoru, aktyoru, yutuberi, siyasətçini, yazıçını və şairi bəyənmirlər. Onların fikirincə “bizimkilər” heç nəyi bacarmır. Məsələn, indiki müğənnilər oxuya bilmir, komediya aktyorları güldürə bilmir, rejissorlar çəkməyi bacarmır, yazıçılar isə yazmasa daha yaxşıdır. Nirvanada olduğunu düşünən bu ərənlər, onlar kimi düşünməyənləri cahil, savadsız, savadsız, bacarıqsız hesab edir. Çünki haqqı bilən sadəcə onlardır və onlar da “kövni-məkana sığmırlar”.

***

Xülaseyi-kəlam, bu qəzəbli və əsəbi insanlar arasında yaşamaq, ömür tükətmək əməlli-başlı işgəncədir. Bir yandan pandemiya, bir yandan gündən-günə çətinləşən həyat şərtləri, “bir yandan da havalar...” Açığı hər şeyə birtəhər dözmək, səbr etmək mümkündür. Adamı nə yayın istisi yandırır, nə də susuzluq. Adamı yandıran anlayışsız insanlar arasında yaşayıb, ömür-gün tükətməkdir. Bu qəzəbli, heç nəyi bəyənməyən, hamıya potensial düşmən kimi baxan adamlarla eyni səmanın altında eyni ulduzları seyr etmək o qədər çətindir ki...

0