Təhsil naziri: 1,6 milyon kompüteri alıb paylamaq təhsilin problemlərini həll etməyəcək

25
(Yenilənib 19:18 22.04.2021)
Emin Əmrullayev: "Təhsil xərcləri kifayət qədər böyükdür. Düzünü desəm, təhsilin keyfiyyətinə müsbət təsir edən tələblərlə çox da üz-üzə qalmırıq".

BAKI, 22 aprel - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev buraxılış imtahanlarına çətin sualların salındığı barədə ictimaiyyət arasında yaranan narazılıqlara münasibətini ifadə edib.  

"Təəssüf ki, bizdə bütün imtahanlardan sonra ən çox müzakirə olunan məsələ imtahanın çətinliyi və asanlığıdır. İmtahanlar həmişə ya çətin, ya asan olur", - deyə nazir Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, imtahanlarda hansı suallar verilirsə, hansı tip suallar soruşulursa, bu cavabların iqtisadiyyatımıza, ölkəmizin gələcəyinə hansı formada xidmət etməsini başa düşmürüksə, bu, yenə də kifayət qədər ciddi problemdir

Nazir bildirib ki, pandemiya dövründə ən çox müzakirə olunan məsələlərdən biri şagirdlərin kompüterlərlə təchizatı məsələsidir:

"Başa düşürəm ki, kompüter olduqca vacibdir və rəqəmsallaşma Azərbaycan təhsilinin ən vacib prioritetlərindən biridir. Eyni zamanda, şagirdlərin, müəllimlərin daha çox rəqəmsal alətlərdən istifadəsi imtahanların rəqəmsallaşması, kompüter əsaslı imtahanların keçirilməsi və s. Təhsil Nazirliyinə və digər təhsil idarəedicilərinə daha çox məlumat ötürməyə, məlumatları düzgün toplamağa, sistemləşdirməyə, həmin məlumatlar əsasında daha yaxşı qərarlar qəbul etməyə imkan verir. Bu, məsələnin danılmaz həqiqət hissəsidir. Amma 1 milyon 600 min kompüteri qısa zaman ərzində şagirdlərə alıb paylamaq Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”. 

E. Əmrullayev deyib ki, gömrük orqanlarından gələn məlumata görə, Azərbaycan bütün ölkə üzrə il ərzində təxminən 150 min kompüter alır: “Birdən-birə bundan 10 dəfə çox kompüterin alınıb uşaqlara paylanmasını texniki olaraq fikirləşmək lazımdır. Hər bir siyasətdə istənilən məsələ fürsət hədəfləridir. Bu o deməkdir ki, bir məsələni düzəldirsizsə, digər fürsəti qaçırırsız. Bu gün uşaqlara 1 milyon 600 min kompüter alırıqsa, demək, məktəbləri təmir etmək qalır. Bizim resurslarımız məhduddur, bunu başa düşmək lazımdır. Ölkə olaraq Azərbaycan həm koronavirus vaxtında, həm işğaldan azad olunan torpaqların bərpası baxımından kifayət qədər böyük xərclərlə üz-üzədir. Eyni zamanda, təhsil xərcləri də kifayət qədər böyükdür. Düzünü desəm, təhsilin keyfiyyətinə müsbət təsir edən tələblərlə çox da üz-üzə qalmırıq. 1 milyon 600 min kompüteri də alıb insanlara verdikdən sonra onların hansı məzmunla təchiz edilməsi çox vacib sualdır".

25
Çovdar nekropolundan çıxarılan eksponatlar

Qəbirlərdən 6000-dən çox eksponat çıxarılıb

25
(Yenilənib 06:46 08.05.2021)
"Daşkəsən" arxeoloji ekspedisiyası təşkil edilib. 5 ay müddətində davam edən arxeoloji qazıntı işləri zamanı aşkarlanan qəbirlərin sayı 156-ya çatıb. Qəbirlərdən 6000-dən çox eksponat çıxarılıb.

BAKI, 8 may — Sputnik. Heydər Əliyev Fondu və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Çovdar nekropolunda aşkar edilən tapıntılar üzərində elmi tədqiqatların ikinci mərhələsinə başlayıb. Bu barədə "AzerGold" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, "AzerGold" QSC və Arxeologiya və Etnoqrafiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, Son tunc - Erkən dəmir dövrünün (e.ə.II min.sonu - I min. əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş artefaktların kameral tədqiqi həyata keçirilir. Layihənin əsas məqsədi qədim mədəni irsimizin daha dərindən tədqiq və təbliği, arxeoloji tapıntıları konservasiya edərək gələcək nəsillərə ərməğan etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində arxeologiya sahəsində zəngin təcrübəyə malik xarici ekspertlər də elmi tədqiqatlara cəlb ediləcək, nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında onların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbləri, qohumluq əlaqələri və qida rasionu kimi məlumatların əldə olunmasını təmin edən C14, karbon (13C) və azot (14N) izotopları üzrə analizlər aparılacaq. Bundan başqa, Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin poleoekoloji şəraiti, landşaftı, topoqrafiyası və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi planlaşdırılıb. Həmçinin görülən işlər və onların nəticələrinin beynəlxalq səviyyədə təbliği məqsədilə beynəlxalq nüfuzlu elmi dərgilərdə silsilə məqalələrin dərci, o cümlədən elmi hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub.

  • Çovdar nekropolundan çıxarılan eksponatlar
    © Photo : AzerGold
  • Çovdar nekropolundan çıxarılan eksponatlar
    © Photo : AzerGold
  • Çovdar nekropolundan çıxarılan eksponatlar
    © Photo : AzerGold
  • Çovdar nekropolundan çıxarılan eksponatlar
    © Photo : AzerGold
1 / 4
© Photo : AzerGold
Çovdar nekropolundan çıxarılan eksponatlar

Xatırladaq ki, 2019-cu ilin fevral ayında "AzerGold" QSC-nin Daşkəsən rayonunda yerləşən "Çovdar" Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələri aşkar edilib. Ərazidə tikinti işləri dərhal dayandırılıb, aidiyyəti üzrə çöl-tədqiqat işlərinin həyata keçirilməsi üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilib. Nəticədə institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilovun rəhbərliyi altında "Daşkəsən" arxeoloji ekspedisiyası təşkil edilib. 5 ay müddətində davam edən arxeoloji qazıntı işləri zamanı aşkarlanan qəbirlərin sayı 156-ya çatıb. Qəbirlərdən 6000-dən çox eksponat çıxarılıb.

25
Dövlət İmtahan Mərkəzinin binası

Aprelin 15-16-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

25
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib.

BAKI, 6 may - Sputnik. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan nəticələri saat 17:50-dən etibarən Mərkəzin saytına yerləşdirilib.

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı)həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb.

Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən il imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 16-19 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.


25

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0