Distant təhsil, arxiv şəkli

"Cibimə sərf eləmir" - Şəkidə məktəbə aidiyyatı olanlar çıxılmaz vəziyyətdə qalıblar

626
(Yenilənib 15:35 07.04.2021)
“Xəstəliyə görə distant təhsilə keçmişik. Bu təhsilin keyfiyyətli olması üçün isə sürətli internet lazımdır. Güclü optik internet də Şəkidə yoxdur" - məktəb müəllimi.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Artıq üç gündür ki, 4 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində distant təhsilə keçilib. Bu şəhərlərdən biri də Şəkidir. Sakinlərin sözlərinə görə, distant təhsilə keçilsə də, internetin zəif olması təhsili keyfiyyətsiz edir. Şəhər sakini İradə Kərimova Sputnik Azərbaycan-a bildirib ki, mobil nömrələrə aid internetdən istifadə edirlər və şəbəkənin zəif olması şagirdlərin onlayn dərsdə iştirakına tam imkan vermir.

“Şəki şəhərində yaşayıram, iki övladım var. Biri 6-cı, o biri 4-cü sinifdə oxuyur. İnternetin sürəti çox zəifdir. Demək olar ki, uşaqlarım dərsə girə bilmirlər. Dərsə qoşulanda da internetin zəif olması səbəbindən ya uşaq çıxır şəbəkədən, ya da müəllim. Dərs çox keyfiyyətsiz alınır. Demək olar ki, uşaqların hansısa dərsdə axıra qədər olduğu yadıma gəlmir”, – İ.Kərimova qeyd edib.

İradə Kərimova vurğulayır ki, internet paketlərini götürmək maddi cəhətdən də sərf etmir. Evə internet xəttinin çəkdirilməsi isə müşkülə çevrilib: "Meqabayt, yəni internet paket almalı oluruq. 10 manatlıq götürəndə də uşaqlar cəmi 3 dərsə qoşula bilirlər. O da mənim cibimə sərf eləmir. Sürətli internetə ehtiyacımız var. İstəyirik, amma yoxdur, çəkdirmək də olmur. Hər dəfə “Gözləyin, boş yer yoxdur” deyirlər”.

İnternetin zəif olması müəllimlərin də narahatlığına səbəb olur. Şəhərdəki orta məktəblərdən birinin müəllimi olan Asimə Gülüzadə kimi. Asimə Gülüzadə də deyir ki, bu cür internetlə dərsin keyfiyyətindən danışmaq olmaz.

“Xəstəliyə görə distant təhsilə keçmişik. Bu təhsilin keyfiyyətli olması üçün isə sürətli internet lazımdır. Güclü optik internet də Şəkidə yoxdur. Distant təhsilə alışmağa məcburuq. Amma zəif internet olduqda dərsin keyfiyyətindən necə söhbət gedə bilər? Bir dərsi izah etmək üçün bəzən 3-4 dəfə şəbəkədən ayrılıb-qoşulmalı oluruq”, – deyə A.Gülüzadə qeyd edib.

Çoxuşaqlı ailələrdə bu problem özünü daha ciddi şəkildə büruzə verir.

“Ailədə iki, üç və ya daha çox uşaq olanda vəziyyət daha da çıxılmaz olur. Uşaqlardan biri və ya ikisi eyni vaxtda onlayn dərsə qoşulduqda, digərləri sürətin zəifliyi səbəbindən ümumiyyətlə qoşula bilmirlər. "Whatsapp"la da tapşırıqları göndərmək çox effektli olmur. Çünki dərsi də normal şəkidlə izah etməliyik”, – A.Gülüzadə əlavə edib.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, regionlarda rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində mərhələli şəkildə tədbirlər görülür. Xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis-kabel xətləri fiber-optik xətlərlə əvəzlənir. Eyni zamanda tələbatı nəzərə alaraq çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası - LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər. Həmçinin, digər rayonlardan edilən müraciətlər də qeydə alınır, sakinlərin telefon və internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir.

626
Teqlər:
Şəki, internet, onlayn, təhsil, distant
 Pandemiya zamanı imtahan

Bu gün buraxılış imtahanı keçirilir

24
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq

BAKI, 15 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayıb. Buraxılış imtahanında iştirak üçün 8124 şagird qeydiyyata alınıb. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilən şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.

"İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır", - DİM bildirib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılıb.

Xatırladaq ki, aprelin 15-16-da keçiriləcək imtahan üçün şəhər və rayonlarda ümumilikdə 115 bina və 2001 zal ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

24

Xaricdə təhsil alanların diplomları niyə tanınmır ekspert açıqlayır

44
(Yenilənib 01:15 15.04.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər.
Kamran Əsədov: “Diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var”

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərin taleyi ilə oynayırlar: “Belə mərkəzlər diplomu tanınmayan, lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparırlar. Azərbaycan tərəfindən diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var. Diplomların tanınmasına səbəb təhsilalanların mövcud parametrlərə uyğun gəlməməsidir. Övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə  bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Təəssüf ki, bu işlərlə məşğul olduğunu iddia edən şirkətlər hər il bir ad altında fəaliyyət göstərirlər”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

44
Teqlər:
xarici ölkə, Azərbaycan, tanınma, diplom, ali təhsil
Kişi uşağı ilə, arxiv şəkli

Bu il 17 uşaq övladlığa verilib

0
Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

 

BAKI, 17 aprel — Sputnik. Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu ilin yanvar-mart aylarında 17 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan müddətdə 17 uşaq (9-u oğlan, 8-i qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

Uşaqların övladlığa götürüldüyü ailələrdə inkişafı üçün şəraitin olmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilir, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər aparılır.

0