Auditoriyada tələbə, arxiv şəkli

Xarici universitetlərin diplomu hansı halda tanınmır? Araşdırma

700
(Yenilənib 17:36 07.04.2021)
"Həmin ali təhsil müəssisələri tələbələrinə ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzun olduqda diplom təqdim edir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən ay diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 10 universitetin 851 halda diplomuna imtina verilib. Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Qeyd edək ki, Təhsil Nazirliyi vaxtaşırı saxta diplomlarla bağlı məlumat yaysa da, bu universitetlərə Azərbaycandan tələbə qəbulu davam edir. Adları sadalanan universitetlərdə təhsilini başa vuran məzunlar isə diplomlarının saxta olduğunu ən sonda, ali təhsil haqqında sənədin tanınması üçün müraciət edib rədd cavabı aldıqda anlayırlar.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi tərəfindən diplomları tanınmayan universitetlərin hər il siyahısı çıxsa da, bu ali təhsil müəssisələrinə qəbul davam edir: "Təhsil Nazirliyi cəmiyyəti bu barədə mütəmadi olaraq məlumatlandırır. Amma buna baxmayaraq Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər. Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı xeyli maarifləndirmə işləri aparılmalıdır. Uşaqların çoxu təhsil şirkətlərinin qurbanına çevrilir".

İ.Orucov deyir ki, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri televiziyalarda özlərini reklam edirlər: "Onlar hətta televiziyalarda ayrıca verilişlər açır, həmin universitetləri təbliğ edirlər. Televiziyalar belə təhsil şirkətləri ilə bağlı ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı ilə oynamaq deməkdir. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".

Ekspert iddia edir ki, əvvəllər diplomların tanınması ilə bağlı müəyyən qanunpozuntuları olsa da, indi Təhsildə Keyfiyyət Təminatı Agentliyi şəffaf fəaliyyət göstərir:

"Necə olur ki, Ukraynada rus dilində  təhsil alan məzunlar sonda rus dilində 5 cümlə belə danışa bilmirlər? Ona görə də saxta diplomlu şəxslərin ölkəmizə heç bir faydası yoxdur. Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savadsız diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar".

İ.Orucov bildirir ki, Təhsil Nazirliyi xaricə diplomu tanınmayan universitetlərə tələbə aparan təhsil şirkətləri ilə mübarizə apara bilmir: "Təhsil Nazirliyi çox maarifləndirmə işi aparsa da, belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidmət haqqı alırlar. Ona görə də bu cür şirkətlərlə hüquq mühafizə orqanları da işləməlidir".

Təhsil şirkətləri ilə əlaqə zamanı da onların adları sadalanan universitetlərə tələbə qəbulu apardıqlarını öyrəndik. Əlaqə saxladığımız bir neçə təhsil şirkətindən bildirildi ki, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, V.N.Karazin adına Xarkov Milli Universiteti dövlət ali təhsil müəssisələri olduğundan onların hər birinin diplomu Azərbaycanda tanınır. "İnterstudent" təhsil şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, onlar adları çəkilən universitetlərə tələbə qəbulunu davam etdirirlər: "Bu universitetlərin diplomlarının tanınmadığı barədə məlumatlar doğru deyil. Bizim vasitəmizlə təhsil alan məzunların diplomları tanınıb. Çünki Azərbaycan qanunvericiliyində də qeyd olunub ki, dövlət qeydiyyatına alınan ali təhsil müəssisələrinin verdiyi təhsil haqqında sənəd tanınır. Bu universitetlərin verdiyi diplom mavi diplomdur, tanınmama ehtimalı yoxdur". 

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı da məlum olub ki, diplomlarına imtina verilən xarici universitetlərin heç də bütün tələbələri eyni aqibətlə üzləşmir. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a bildirildi ki, xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların verilməsinin səbəbləri var: "2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Ona görə də biz həmin universitetlərin adlarını açıqlamışıq. Amma adları sadalanan universitetləri bitirib diplomları Azərbaycanda tanınan məzunlar da var. Çünki həmin universitetlər dövlət universitetləridir, akkreditasiyaları var. Həmin ali təhsil müəssisələri tələbələrinə ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzun olduqda diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır".

Məlumat üçün qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan tələbələrin məhkəməyə müraciət etmək hüququ var.

700
Teqlər:
tanınma, diplom, ali təhsil
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş Birinci...! adlı foto-sərginin açılışı

"Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib" - FOTO

35
(Yenilənib 15:36 10.04.2021)
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Moskva Kosmonavtika Muzeyi və "Roskosmos" tərəfindən təqdim olunan materiallar əsasında qeyri-adi foto sərgisi açılıb.

BAKI, 10 aprel — Sputnik, Kəmalə Əliyeva. Bu günlərdə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 12 aprel tarixində bütün dünyada qeyd olunan Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı olub. Altmış il əvvəl məhz həmin gün sovet kosmonavtı Yuri Qaqarin "Vostok-1" kosmik gəmisində insanın kosmosa ilk uçuşunu gerçəkləşdirib.

Ekspozisiya materialları Moskva Kosmonavtika Muzeyi və "Roskosmos" tərəfindən təqdim olunub. Həmin materiallarda Yuri Qaqarin və sovet kosmik proqramının banilərindən biri olan azərbaycanlı Kərim Kərimovun tərcümeyi-halına aid maraqlı faktlar öz əksini tapıb.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Bu münasibətlə təşkil olunan tədbirin aparıcısı siyasi şərhçi, müəllif proqramının teleaparıcısı, Azərbaycan Rus icmasının sədr müavini Anastasiya Lavrina olub.

"O dövrdə oğlanlar da, qızlar da uşaq vaxtlarından kosmonavt olmağı arzulayırdılar. Hər birimiz üçün Beynəlxalq Kosmonavtika Günü Yeni İllə, azərbaycanlılar üçünsə Novruz bayramı ilə müqayisə olunurdu. Bütün dünya bu günü qeyd edirdi. Və biz də 12 aprel 1961-ci ildə baş verənləri açıq şəkildə nümayiş etdirən fotosərginin açılışı ilə bu əlamətdar tarixi qeyd etmək qərarına gəldik", - deyə "Rossotrudniçestvo"nın Bakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov sərginin açılışında qeyd edib.
© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Tədqiqatçı, tarixçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgi Zapletin sovet kosmik proqramının banilərindən biri, azərbaycanlı mühəndis-alim Kərim Kərimovun tərcümeyi-halı barədə geniş məlumat verərək bildirib ki, o, uzun illər sovet kosmonavtikasının əsas simalarından biri hesab olunub. Ancaq həmişə, necə deyərlər, kadr arxasında qalıb.

"Onun bütün həyatı kosmosla bağlı idi", - deyə Zapletin vurğulayıb.

Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin isə ilk insanın kosmosa ayaq basdığı gün orta məktəbdə oxuduğunu xatırlayaraq həmin gün bütün təhsil müəssisələrində dərslərin dayandırıldığını yada salıb. Deputat deyib ki, o vaxtlar bütün uşaqlar kimi o özü də kosmonavt olmaq arzusu ilə yaşayırmış.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

"Azərbaycan Sovet İttifaqında kosmonavtikanın inkişafına böyük töhfə verib", - deyə Zabelin vurğulayıb. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev bu sahəni xüsusi diqqətdə saxlayıb: "Onun dəvəti ilə bir sıra məşhur kosmonavtlar Azərbaycana gəliblər. Mən Kərim Kərimovla ilk dəfə Moskvada, Azərbaycan səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi tədbirdə tanış olmuşdum. O, çox ağıllı, intellektli insan idi. Çox təəssüf ki, Azərbaycan xalqı belə vacib şəxsiyyət haqqında uzun müddət məlumatsız olub. Əvəllər bu məsələlər çox açıqlanmırdı. Günü bu gün belə onun haqqında kifayət qədər məlumat yoxdur. Biz hamımız onun xidmətlərindən xəbər tutmalıyıq", - deyə Zabelin qeyd edib.

© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Deputat uzun illər qoruyub saxladığı əşyaları da sərginin açılış mərasiminə gətirib: kosmonavtların Azərbaycan məktəblilərinə müraciətini əks etdirən açıqca, vaxtilə Azərbaycanda buraxılmış Yuri Qaqarin nişanı və s.

Tədbirin ən mühüm hissələrindən biri də pilot-kosmonavt Aleksandr Samokutyayevlə onlayn görüş olub. O, kosmos təəssüratları, həmin vaxt keçirdiyi hisslər, peşəsi ilə əlaqədar üzləşdiyi çətinliklərdən danışıb və gələcək həmkarlarına tövsiyələr verib.

  • Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı
    © Sputnik / Kemale Aliyeva
  • Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı
    © Sputnik / Kemale Aliyeva
1 / 2
© Sputnik / Kemale Aliyeva
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Beynəlxalq Kosmonavtika Gününə həsr olunmuş "Birinci...!" adlı foto-sərginin açılışı

Tədbirdə, həmçinin "Rossotrudniçestvo"-nın Türkiyədəki və Fransadakı nümayəndələri, eləcə də Azərbaycanın Rus icmasının, "RAMMAA" Rusiya Universitetləri Məzunlarının Azərbaycan Assosiasiyasının, Azərbaycandakı Rus Gəncləri Assosiasiyasının, Rusdilli Məktəblərin Müəllimləri Assosiasiyasının, "Yaşlek" Azərbaycandakı Tatar Gəncləri Mərkəzinin təmsilçiləri və başqa şəxslər iştirak edib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində təşkil olunan fotosərgi aprelin 30-na kimi davam edəcək. Arzu edən hər kəs həmin tarixə kimi bu nadir "kosmik" kadrları izləmək imkanı əldə edə bilər.

35
Teqlər:
sərgi, foto, Kərim Kərimov, Yuri Qaqarin, Bakı, Kosmonavtika günü, kosmos
Мозг человека в лаборатории, фото из архива

Bioçipin içində kiçik canlı beyin yetişdirdilər

825
(Yenilənib 01:19 09.04.2021)
Bu cür mexanizm həm də insan orqanoidləri ilə patogenlərin (koronavirus da daxil olmaqla) qarşılıqlı fəaliyyətinin modelinin tam təcrd olunmuş formasını yaratmağa imkan verir.

BAKI, 9 aprel - Sputnik. Alimlər üçölçülü çapdan istifadə edərək insan hüceyrəsindən mini beyin yetişdiriblər. Bu orqanoid kamil orqanın funksionallığına malik olmasa da, əsəb hüceyrələrinin böyüməsi və inkişaf etməsini izləmək üçün rahat platformadır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazır.

Eksperiment zamanı alimlər mikroflüoidikaya əsaslanan yeni texnologiyadan istifadə ediblər: bu zaman qida maddələri çox kiçik borucuqlar vasitəsilə çatdırılır. Üçölçülü printer içində canlı hüceyrələr yetişdirilən, kanal və dəlikləri olan bioçiplərin istehsalını ucuzlaşdırmağa imkan verir. Satışda olan kultivasiya kasalarının bəzi çatışmazlıqları var, məsələn, onlar bəzi mikroskoplarla işləmək üçün yaramır, hüceyrələrin böyüməsi üçün lazım olan qida maddələri isə orqanoidlərin daxilinə çatmır.

Tədqiqat nəticələri göstərib ki, 3D printerdə çap olunmuş yeni bioçiplərdə beyin hüceyrələrinin bir həftə boyunca yaşama şansı adi çiplərdən xeyli çoxdur. Kameranın daxilində daimi perfuziya (orqanizmin orqan və toxumalarının damar sistemindən qanın, qanı əvəz edən maddələrin və bioloji aktiv maddələrin keçirilməsi - red.) təmin olunur, o, canlı hüceyrədə fizioloji mühiti imitasiya edir və beynin kiçik modelinin içində hüceyrələrin ölmə riskini azaldır. 

Bu cür mexanizm həm də insan orqanoidləri ilə patogenlərin (koronavirus da daxil olmaqla) qarşılıqlı fəaliyyətinin modelinin tam təcrd olunmuş formasını yaratmağa imkan verir.

825
Teqlər:
model, çip, beyin
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda