Distant təhsil, arxiv şəkli

Onlayn təhsilə əlçatanlıq təmin olunubmu? Nazirlik "hər şey əladır" desə də...

1970
(Yenilənib 00:02 06.04.2021)
Bölgələrdə də çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində..."

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Abşeronda, eləcə də Gəncə və Şəkidə ümumtəhsil müəssisələrində dərslərin onlayn keçirilməsinə başlanılıb. Dərslərin yenidən onlayn təşkili distant təhsilə əlçatanlığı olmayan ailələrdə yenidən qayğılar yaradıb.

Onlayn təhsilə əlçatanlıq ötən gün Milli Məclisdə də müzakirə mövzusuna çevrilib. Ombudsman Səbinə Əliyeva Milli Məclisin iclasında çıxışı zamanı deyib ki, pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır. S.Əliyeva bildirib ki, kəndlərdə bir sıra hallarda internetin, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur: “Bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir”.

© Sputnik / Elnur Salayev

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən mərhələli şəkildə bütün zəruri işlər həyata keçirilir:""Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") tərəfindən Bakı və ətraf ərazilərdə yerləşən fərdi evlərdən ibarət  yaşayış massivlərində “Evədək optika” layihəsinin icrasına başlanılıb. GPON (Gigabit Passive Network) texnologiyası əsasında tətbiq edilən bu layihə bir optik xətt üzərindən istifadəçilərin telefon, internet və televiziya xidmətlərinə qoşulmasına imkan yaradır. Texnologiya telefon xətlərindən asılılığın olmaması, 100 Mbit/s-ə qədər qoşulma sürəti və digər üstünlüklərə malikdir. Eyni zamanda, “Baktelecom” məhdud infrastrukturlu Bakıətrafı ərazilərdə simsiz rabitə – LTE (Long Term Evolution) texnologiyası üzərindən sakinlərin rabitə xidmətləri ilə təminatını həyata keçirir. Təqdim edilən “Simsiz rabitə” xidməti ilə uzun zaman mövcud olan telefon çəkilişi və internet xidmətləri ilə təchizat çətinliyi aradan qaldırılır. İstifadəçilər “simsiz” şəbəkəni dəstəkləyən xüsusi avadanlıq əldə etməklə rabitə xidmətlərindən yararlana bilirlər. “Aztelekom” MMC tərəfindən aparılan işlər nəticəsində artıq Sumqayıt şəhərinin ətraf ərazilərinin sakinləri internet və multimedia xidmətlərindən yararlanırlar".

Ombudsmanın qaldırdığı məsələyə gəlincə, nazirlikdən bildirilir ki, rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə yeni tikilən evləri və genişlənən əraziləri, habelə yeni salınmış yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, Zaqatala, Qazax rayonlarında və Şirvan şəhərində ONU (Optical Network Unit – Optik Şəbəkə Bloku) tipli avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, həyata keçirilən şəbəkənin müasirləşdirilməsi layihəsi çərçivəsində göstərilən xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir və GPON texnologiyası tətbiq edilir. Kəndlərdə köhnə tipli avadanlıqlar müasir avadanlıqlarla əvəz olunur, xətt şəbəkəsi təmir edilir, şəbəkənin genişləndirilməsi işləri aparılır. Proses hazırda da davam etdirilir. Görülən işlərin nəticəsi kimi, vətəndaşların telefon və internetlə təmin olunmasında artım müşahidə edilir. 

Qeyd edək ki, hazırda onlayn təhsilə əlçatanlığa mane yaradan amillərdən biri də internetin sürətinin çox aşağı olmasıdır. Nazirlikdən bildirirlər ki, internet xidmətinin verilməsində kəsintilər və ya sürətin aşağı enməsi müxtəlif xarici və daxili amillərin təsiri ilə baş verə bilər: "Mis kabellər müasir standartlara cavab verən fiber-optik xətlərə nəzərən xarici təsirlərə məruz qalır. ADSL texnologiyasında yüklənən axının sürəti ötürülən axının sürətindən yüksək – yəni asimmetrik olur. Bu səbəbdən “Baktelecom” tərəfindən mis xətlərin dayanıqlı fiber-optik xətlərlə əvəzlənməsi işləri aparılır. “Baktelecom” Bakı şəhəri üzrə köhnə və yeni tikililərdə optik şəbəkəyə keçidlə bağlı “Evədək optika” layihəsinin icrasını həyata keçirir. Görülən işlər çərçivəsində “Baktelecom”un inşa etdiyi 180 min mənzilə müasir standartlarla genişzolaqlı xidmətin ötürülməsinə imkan yaradılıb. “Baktelecom” istifadəçilərindən internetin sürəti ilə bağlı müraciətlər daxil olarkən çətinlik fərdi qaydada araşdırılır, xətt göstəricilərinin texniki normalara uyğunluğu müəyyənləşdirilir, şəbəkəni ötürən modemin saz vəziyyətdə olmasına diqqət yetirilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2024-cü ilədək fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı internet şəbəkələrinin və xidmətlərin əhatə dairəsinin 80%-dək genişləndiriləcəyi bildirilirdi. Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapmışdı. Amma hələ internetsiz ərazilər var. Bölgələrdə fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı internetin təmini gecikir.

Nazirlikdən isə bildirilir ki, bölgələrdə də çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər.

Nazirlik bölgələrdə onlayn təhsilə əlçatanlığın təmin olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü söyləsə də, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ucqar kəndlərdə onlayn təhsilə çıxış əldə edə bilməyən şagirdlərin sayı kifayət qədərdir:

"Xüsusilə ucqar kəndlərdə internetə çıxış məhduddur. Elə kəndlər var ki, orada onlayn təhsilin yalnız adı var. Elə Təhsil Nazirliyinin milli qiymətləndirmə keçirməsinin səbəbi də bu reallığı üzə çıxartmaq idi. Rayonlarda, kəndlərdə, hətta Bakıda onlayn təhsilə qoşulmaqda çətinlik çəkən şagirdlər var. Düzdür, Təhsil Nazirliyi bunu nəzərə alaraq teledərslər keçirdir. Televizor hər evdə var. Amma şagirdlərin gündəlik onlayn dərslərə qoşulmaq imkanı olmalıdır. Bölgələrdə xüsusilə internetə əlçatanlıq təmin edilməlidir".
1970
Teqlər:
internet, onlayn, təhsil
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Nazirdən məktəbəqədər təhsillə bağlı paylaşım

7
(Yenilənib 17:45 20.04.2021)
Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb.

BAKI, 20 aprel — Sputnik. Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında məlumat verib.

Xəbərdə qeyd edilir ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

7
Teqlər:
paylaşım, nazir, məktəbəqədər təhsil
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

4
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

4
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu