Tələbələr, arxiv şəkli

Bu xarici universitetlərdə təhsil alanlardan 385-nin diplomu tanınmayıb

18
(Yenilənib 14:25 19.03.2021)
Vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar" bölməsi ilə tanış olmaları tövsiyə olunur.

BAKI, 19 mart — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 385 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan Rusiya Federasiyasının Azərbaycan Respublikası ərazisində filialları fəaliyyət göstərən ali təhsil müəssisələrinə məxsusdur:

Dağıstan Dövlət Universiteti;

Cənubi Rusiya Humanitar İnstitutu;

Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu;

Rusiya Dövlət Sosial Universiteti.

Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar üzrə əldə edilən ixtisaslar ölkəmizdə tanınır:

Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar" bölməsi ilə tanış olmaları tövsiyə olunur.

18
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Bölgələrdəki məktəblərlə bağlı hansı qərar veriləcək? Nazirlik açıqladı

565
(Yenilənib 16:32 13.04.2021)
"Hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Son günlər bölgələrdə yerləşən təhsil ocaqlarında koronavirusa yoluxma hallarının qeydə alınması rayonlarda da təhsilin distant formaya keçəcəyinə dair məlumatların yayılmasına səbəb olub. Xəbərlərə görə, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidən sonra koronavirusa yoluxma qeydə alınan məktəblərin yerləşdiyi rayonlarda da təhsilin distant formaya keçəcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə koronavirusa yoluxmaya görə bir sıra bölgələrdə əyani tədris dayandırılıb.

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib. Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov deyib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb. Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb. Tovuz, Qazax, Mingəçevir, Şəmkir rayonlarında da koronavirusa yoluxmaya görə ənənəvi tədrisi dayandırılan məktəblər var.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda şagird sıxlığı yüksək olan məktəblərdə əyani tədris dayandırılıb. Yoluxma qeydə alınan digər bölgələrdə isə şagird sıxlığı çox deyil:

"Bakıda 440 min şagird var. 1,6 milyon şagirdin yarısı bağlanan məktəblərdə yerləşir. Digər rayonlarda şagird sayı çox aşağıdır. Sıxlıq, demək olar ki, o qədər də çox deyil. Bundan əlavə, bölgələrdə intensivlik aşağıdır. Odur ki, virusa yoluxma qeydə alınan rayonlarda təhsili tam dayandırmağa ehtiyac yoxdur. Məktəblərdə tədrisin dayandırılması lokal xarakter daşımalıdır".

K.Əsədov bildirir ki, koronavirusa yoluxma qeydə alınan məktəblərdə ənənəvi təhsilin tam dayandırılması bölgələrdə təhsildən yayınmaya yol açır: "Əgər bölgələrdə bir neçə məktəbdə yoluxmaya görə rayon üzrə təhsil dayandırılsa, şagirdlər üçün problemlər yaranacaq. Çünki rayonların çoxunda alternativ təhsil almaq imkanı çox aşağıdır. Dərslər distanta keçərsə, bölgələrdə dərsə qoşulanların sayı azalır. Ona görə də bölgələrdə tədrisin dayandırılmasına ehtiyac yoxdur".

Ekspert deyir ki, hazırda virusa yoluxma Ağdam, Tovuz, Kürdəmir və Ucar rayonlarındakı təhsil müəssisələrində rast gəlinir: "Elə rayonlar var ki, oradakı ümumtəhsil müəssisələrində ümumiyyətlə virusa yoluxma yoxdur".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdəki məktəblərdə koronavirusa yoluxma barədə rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən mütəmadi məlumat verilir. C.Valehov bölgələrdəki koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədrisin lokal dayandırıldığını söyləyib:

"Koronavirusa yoluxma qeydə alınan məktəblərdə tədris həmin bölgə üzrə yox, yoluxma olan məktəblər üzrə distant formaya keçir".

C.Valehov deyib ki, hazırda hansısa bölgədə yerləşən məktəblərdə yoluxma faizinin daha yüksək olduğunu söyləmək mümkün deyil. Bütün bölgələr üzrə ümumtəhsil ocaqlarında virusa yoluxma qeydə alınır. Əgər yoluxma halları çoxdursa, məktəb müvəqqəti distant formaya keçir.

565
Teqlər:
Təhsil Nazirliyi, yoluxma, bölgələr, təhsil, distant, məktəb
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

DİM xüsusi rejimdə buraxılış imtahanlarına start verir

13
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

BAKI, 13 aprel - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 15-16 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlar respublikanın 25 şəhər və rayonunda təşkil olunacaq

DİM-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, imtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Şagirdlər  imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 5-dən etibarən çap edib götürə bilirlər.

İmtahanlar 15-16 aprel tarixlərində respublikanın 25 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 115 imtahan binası, 2001 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

Aprelin 15-də keçiriləcək imtahanlarda 8124, aprelin 16-da keçiriləcək imtahanlarda isə 18367 nəfər olmaqla, ümumilikdə 26491 şagirdin iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

 

13
Teqlər:
buraxılış imtahanı, buraxılış, DİM, imtahan
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin