BAKI, 18 fevral — Sputnik. Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu bu gün başa çatır.
Sputnik Azərbaycan-ın məlumatına görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək. İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".
Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.
"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.
Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.