Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 fevral — Sputnik. Fevral ayından məktəblərdə ənənəvi tədris mərhələli şəkildə başlansa da, artıq paytaxt məktəblərində koronavirusa yoluxmaya görə bağlanan siniflər var. Valideynlərin sosial şəbəkələrdə yaydığı məlumatlardan sonra mart ayında dərslərin yenidən dayandırılacağı barədə də xəbərlər dolaşır. "Whatsapp" qruplarında məlumatlar yayılır ki, mart ayının sonunda, yəni Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.
Sputnik Azərbaycan məktəblərdə virusa yoluxmaya görə siniflərin bağlanmasının ənənəvi tədrisin dayandırılmasına təsirini araşdırıb. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, məktəblərdə siniflərin bağlanması ənənəvi tədrisin dayandırılmasına gətirib çıxara bilməz: "Proqnozlaşdırılmış və planlaşdırılmış tədrisin bərpası davam edəcək. Fevralın 15-dən 9-cu sinfə qədər təhsilə cəlb edilən şagird sayı 1 milyon 300 minə çatacaq. Təbii ki, bu şagirdlərin hamısı dərsə getməyəcək. Amma fevralın 15-dən məktəbə gedən şagirdlərin sayı artdığından bu, yoluxmaya təsir göstərə bilər. Bununla belə, qorxub tədrisi dayandırmaq olmaz. Məktəbləri bağlamaq virusla mübarizə üsulu deyil. Mütəmadi yoxlama aparılmalıdır. Yoluxan şəxslər yalnız təhsildən müvəqqəti təcrid olunmalıdırlar".
Ekspert bildirir ki, mart ayında dərslərin yenidən dayandırılması barədə səslənən fikirlər də doğru deyil: "Mart ayında qeyri-iş günlərinin sayı çoxdur. Ona görə də martda tədrisi dayandırmaq olmaz. Çünki martda yoluxma o qədər çox olmayacaq. Tədrisin dayandırılması mübarizə üsulu ola bilməz. Əksinə, yoluxanların təcrid olunması məktəblər açılandan sonra artacaq. Bu gün yoluxan şagird, məsələn, mağazaya gedib kimisə yoluxdurursa, məktəblərdə onlar yoxlanıldığından təcrid olunurlar".
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur: "Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir. Hazırda məktəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur".
Nazirlikdən bildirdilər ki, məktəblərdə yoluxma sayı ilə bağlı məlumat hər həftə ictimaiyyətə açıqlanır. Bu həftə olan yoluxma sayı gələn həftə ictimaiyyətə açıqlanacaq.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, siniflərdə yoluxma hallarına görə yalnız virusa yoluxma qeydə alınan siniflərin bağlanması düzgün qərardır:
"Virusa görə lokal olaraq sinifləri bağlamaq düzgündür. Nəzərə almaq lazımdır ki, mikrobun inkubasiya dövrü var. Bu müddətin keçməsi üçün sinifləri bağlamaqda, həmin sinfi dezinfeksiya etməkdə fayda var. Amma buna görə məktəbi bağlamaq doğru deyil. Onsuz da tənəffüsdə uşaqların kontaktına icazə verilmir, onların ünsiyyəti azaldılır. Əgər 10 sinfin 7-də virusa yoluxma varsa, məktəbi bağlamaq olar. 10 sinfin bir-ikisində yoluxma varsa, bağlanma lokal olmaldıır. 14-21 gün keçdikdən sonra sinifdə ənənəvi tədris bərpa oluna bilər".
Qeyd edək ki, fevralın 15-dən Bakıda V-IX sinif şagirdləri həftədə iki dəfə dərsləri məktəbdə, ənənəvi qaydada keçəcəklər.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.