BAKI, 5 fevral — Sputnik. "Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.
O qeyd edib ki, teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrilib:
"Bu günə qədər 6700-dən çox teledərs hazırlanıb. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq".
BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib.
Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.
"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.
Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir.
Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.
BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir.
Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.