BAKI, 1 fevral - Sputnik. Bu gündən ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunur.
Sputnik Azərbaycan bildirir ki, məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkil ediləcək.
İbtidai siniflər üzrə əyani dərslər iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla keçiriləcək.
Fevralın 1-dən sonrakı iki həftə müddətində isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.
Qeyd edək ki, 2020-ci il oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. 2020-ci il noyabrın 2-dən isə tədris və təlim-tərbiyə prosesi distant formada təşkil edilib.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.