BAKI, 23 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb. Sputnik Azərbaycan-a Dövlət Xidmətindən verilən məlumata görə, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb. Aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilib. Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparıldı. "Qaltan dərəsi" adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb.
İkinci kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və "o dünyaya yolda azuqəlik" kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.
"Karvandərəsi" adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılmışdır. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib.
Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.
Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin, sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.
Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.
Əldə olunan nəticələr göstərir ki, "Keşikçidağ kurqanlar vadisi" qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
BAKI, 8 mart - Sputnik. Sağçı qadınlar İspaniyanın paytaxtı Madrid şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən aksiyada iştirak edən feministlərə hücum edib.
Report-un məlumatına görə, bu barədə “Antena 3” telekanalı xəbər verib.
Yeni növ koronavirus infeksiyası ilə bağlı nümayişlərin keçirilməsi qadağan edilsə də, tələbə həmkarlar ittifaqının təşkil etdiyi aksiya baş tutub. Yüzdən çox insanın qatıldığı nümayiş paytaxtın mərkəzində yerləşən Puerta del Sol meydanında sona çatıb.
Feministlər meydanda əyləşərək qadın və kişi bərabərliyi ilə bağlı şüarlar səslənidirblər. Bu zaman bir neçə qadın aksiya iştirakçılarına yaxınlaşaraq onları təhqir edib.
Daha sonra qadınlar arasında mübahisə davaya çevrilib, bir neçə feminist döyülüb. Qadınları yalnız polisin müdaxiləsindən sonra ayırmaq mümkün olub.
Bundan əlavə, naməlum şəxslər Madriddə məşhur qadınların təsvir olunduğu qrafitini pis vəziyyətə salıblar.