Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Peşə təhsilində yenilik

11
(Yenilənib 13:12 13.01.2021)
İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır

BAKI, 13 yanvar — Sputnik. 2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır.

İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır. Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir.

Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə "Turizm təşkilatçısı", "Turizm sahəsində iaşə üzrə mütəxəssis", "Mehmanxana inzibatçısı", kənd təsərrüfatı istiqaməti üzrə "Aqroservis mütəxəssisi", "Bitkiçilik mütəxəssisi", Heyvandarlıq mütəxəssisi", iaşə və xidmət istiqaməti üzrə isə "Geyim üzrə dizayner", "Dərzi" və bu kimi digər ixtisasları əhatə edir. Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.

11
Teqlər:
kitab, yenilik, peşə təhsili
Məktəbdə dərs prosesi, arxiv şəkli

Məktəb, vaksinasiya, metro borclar: milyon yarım şagirdlə bağlı qərar veriləcək?

24
(Yenilənib 17:13 19.01.2021)
Yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın COVID-19 əleyhinə vaksinasiyaya başlaması ənənəvi təhsilin bərpasına ümid yaradıb. Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvənddən sonra məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq. Onun sözlərinə görə, məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

Sputnik Azərbaycan peyvənddən sonra təhsilin hansı formada bərpa olunacağını araşdırıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilən risk qrupunda təhsil işçiləri də var. Təhsil işçilərinin peyvənd olunması isə ənənəvi tədrisin bərpası yönündə atılmış addımdır: "Ölkəmizdə vaksinasiyadan sonra məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər. Amma düşünürəm ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olmalıdır. Virusa yoluxmadan narahat olanların və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək".

K.Əsədov deyir ki, məktəblər açılan kimi birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmənin həyata keçirilməsi mümkün deyil: "Birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1,6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Birinci yarımil yanvarın 27-də başa çatır. Çox güman ki, şagirdlərin biliyi ikinci yarımilin sonunda qiymətləndiriləcək. Bu isə yekun qiymət olacaq".

Ekspert bildirir ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması mümkündür:

"Nəzərə almaq lazımdır ki, 1-ci kurs tələbələri ümumiyyətlə təhsil müəssisələrinə getməyiblər. 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri var. Eyni zamanda, bəzilərinin akademik borcları yaranıb. Bütün bu problemlər bu semestr həll olmalıdır. 4-cü kurs tələbələrinin diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Tədris bərpa olunsa belə, ekspert orta və ali məktəblərdə yaşı 65-dən yuxarı olan şəxslərin dərslərə buraxılmasının riskli olduğunu söyləyir: "Ənənəvi təhsil bərpa edilərkən yoluxma sayının artmaması üçün metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti azaldıla bilər. Əsas fənlər ənənəvi, digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusilə ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ənənəvi təhsilin bərpasına tələsmək olmaz: "Koronavirus yayılan kimi ilk olaraq məktəblər bağlandı. Bu, səbəbsiz deyildi. Çünki təhsil müəssisələri virusun yayılması üçün ən böyük risk məkanları sayılırdı. Ona görə də biz ənənəvi təhsili bərpa etməyə tələsməməliyik. Vaksinasiya hər iki risk qrupu üzrə başa çatdıqdan və müsbət nəticə əldə edildikdən sonra məktəblərdə ənənəvi təhsilə mərhələli şəkildə başlamaq olar. Mənim fikrimcə, məktəblərdə tam ənənəvi təhsilə keçmək düzgün olmaz. Məktəblərdə dərslər hibrid formada təşkil edilməlidir".

Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Türkiyədə isə yaxın vaxtlarda təhsilin hibrid formada bərpası nəzərdə tutulur.

24
Teqlər:
Təhsil Nazirliyi, vaksinasiya, karantin, məktəb
Onlayn təhsil, arxiv şəkli

Şagirdlərə bu gün xüsusi dərslər keçiriləcək

11
Dərslərdən əlavə, kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

11
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0