BAKI, 7 yanvar — Sputnik. Paytaxtda daha bir qurum vətəndaş qəbulunu dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Xəbərdə bildirilir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, BŞTİ Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin yanvarın 31-dək vətəndaşların qəbulunu dayandırıb.
Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər. Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.
Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.
O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.
Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.
"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.
Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.
Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.
BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.
O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".
BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.