BAKI, 2 yanvar - Sputnik. Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb.
Belə ki, siyahıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.
İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.
Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.
O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.
Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.
"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.
Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.
Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.
BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.
O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".
BAKI, 16 yanvar — Sputnik. Son günlər sosial şəbəkələrdə yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına görə TƏBİB tərəfindən kompensasiya veriləcəyi ilə bağlı şayiələr həqiqəti əks etdirmir. Sputnik Azərbaycan-a bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki,TƏBİB tərəfindən belə bir açıqlama verilməyib. Ümumiyyətlə, sözügedən məsələlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə aid deyil: "Qeyd olunmalıdır ki, bu günədək Azərbaycanda hər hansı vaksinlə əlaqəli fəsadın yaranması və ölümə səbəb olması faktı qeydə alınmayıb. İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar. Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndə gəldikdə isə bir daha bildirmək istərdik ki, 3-cü klinik fazanı keçən bütün vaksinlərin təhlükəsizliyi və effektivliyi yüksək qiymətləndirilir. Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks göstəriş deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.
Vaksin istehsal edən şirkətlər tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Deyilənləri nəzərə alaraq, vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik. Pandemiya ilə mübarizə dövlətimizin təhlükəsizlik məsələsidir və ümid edirik ki, həmrəyliyimiz nəticəsində bu mübarizədə də qalib olacağıq. Biz birlikdə güclüyük!"