İmtahan, arxiv şəkli

Dövlət İmtahan Mərkəzinin pandemiya dövründə imtahan labirinti

84
(Yenilənib 15:55 29.12.2020)
"Pandemiya səbəbindən dərslər əyani keçirilməyib. Çox şagird bu tip sualları cavablandırmaqda çətinlik çəkəcək".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Gələn il 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq.

 2021-ci ildən buraxılış imtahanının yeni model əsasında aparılması valideynlərdə narahatlıq yaradıb. Valideynlər pandemiya dövründə bu yeniliyin tətbiqinin şagirdlərin imtahan nəticəsinə təsirsiz ötüşməyəcəyindən narahatdırlar.

Sputnik Azərbaycan yeni imtahan modelinin pandemiya dövründə tətbiqinin hansı nəticələrə səbəb olacağını araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, imtahanların birmərhələli keçirilməsi labüd idi. Onun sözlərinə görə, bu, texniki və xərclər baxımından vacib addımdır. Amma ekspert dinləyib anlama və həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli tapşırıqların imtahan suallarına salınmasının pandemiya dövründə şagirdləri çətinə salacağını söyləyir. K.Əsədovun fikrincə, pandemiya dövründə təhsil məsafədən təşkil olunduğundan, şagirdlərə bu səpkili tapşırıqları həll etmək öyrədilməyib:

"Məsələn, ingilis dilindən dinləyib anlamaya görə imtahana suallar salınacaq. 30 sualın 16-sı qapalı olacaq. Açıq suallar isə iki formatdadır. Dinləmə və anlama üçün 6 tapşırıq verilir. Həmin 6 tapşırıqdan 1-i yazılı olacaq, 5-i qapalı. Oxuyub anlamaya aid isə 1 mətn verilir. Bir mətndə 8 sual olacaq. O sualların 3-ü açıq, 5-i qapalı. Onlayn dərslərdə isə şagirdlərə nə dinləmə, nə də oxuyub anlama ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün bilik və bacarıqlar öyrədilib".

Ekspert bildirir ki, Azərbaycan dili fənni üzrə də imtahana dil qaydalarına aid suallar salınacaq. Riyaziyyat fənnindən isə sualların 15-i qapalıdır: "Riyaziyyatdan 25 sualdan 10-u açıqdır. Onlardan da 6-sı kodlaşdırma tələb edir. 4-ü isə həll variantı ilə olacaq. Onlayn dərslərdə bu bacarıqlar öyrədilmir. Şagirdlər bu tip tapşırıqları məktəbdə kağız üzərində işləyirdilər. Pandemiya səbəbindən isə dərslər əyani keçirilməyib. Çox şagird bu tip sualları cavablandırmaqda çətinlik çəkəcək. Düşünürəm ki, imtahan birmərhələli olsa da, qapalı suallar salınmamalı idi. Bundan əlavə, suallar 11 və 9-cu siniflərdə 1-ci yarımilliyi əhatə edəcək. Şagirdlərin isə bir qismi bu mövzuları mənimsəməyib. Çünki mart ayından etibarən pandemiya üzündən dərslərin əyani keçirilməsi dayandırılıb. Məsafədən təhsil imkanlarından isə bütün şagirdlər istifadə edə bilməyiblər. Bundan əlavə, imtahana salınacaq hər bir sualın qiymətləndirmə meyarı eyni deyil".

DİM-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikasında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) Təhsil Nazirliyi ilə razılaşdırılmış modeldir: "Prezidentin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"nə əsasən, ümumi təhsil pilləsində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası ) Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)"na və "Ümumtəhsil məktəblərinin VXI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında" Təhsil Nazirliyinin 2011-ci il tarixli 963 nömrəli Əmrinə əsasən, buraxılış imtahanının məzmunu, keçirilmə vaxtı Mərkəz və Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir. Buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir və bu qiymətlər Mərkəz tərəfindən elektron təhsil sənədində buraxılış imtahanı aparılan fənlər üçün nəzərdə tutulan xanaya daxil edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır. İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumatları özündə əks etdirən "Şagird-məzun" elektron məlumat bazası Təhsil Nazirliyi (ümumi təhsil müəssisələri) tərəfindən təhsilalanların fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya pasportun FİN kodu, əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin FİN kodu) göstərilməklə təqdim edilən məlumatlar (verilənlər bazası) əsasında Mərkəz tərəfindən formalaşdırılır".

DİM-dən bildirilir ki, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanı tədris Azərbaycan dilində olan təhsil müəssisələrinin şagirdləri üçün – "Azərbaycan dili", "Riyaziyyat" və xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) fənlərindən, tədris rus dilində olan təhsil müəssisələrinin şagirdləri üçün – "Rus dili", "Riyaziyyat" və xarici dil (ingilis, alman və fransız dilləri) fənlərindən, tədris gürcü dilində olan təhsil müəssisələrinin şagirdləri üçün – "Gürcü dili", "Riyaziyyat" və xarici dil (ingilis, alman, fransız və rus dilləri) fənlərindən, Azərbaycan, rus və gürcü dilləri istisna olmaqla tədris digər dillərdə aparılan təhsil müəssisələrinin şagirdləri üçün "Riyaziyyat" və xarici dil fənlərindən Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə aşağıda təqdim edilən model əsasında keçirilir.

Belə ki, tədris dili ilə bağlı dil qaydalarına dair qapalı tipli 10 tapşırıq, oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq, bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 və qapalı tipli 8 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20 tapşırıq) veriləcək. Bu da cəmi 30 tapşırıq deməkdir.

"Riyaziyyat" fənnindən isə qapalı tipli 15 tapşırıq, cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 6 tapşırıq, həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq veriləcək. Bu isə cəmi 25 tapşırıq təşkil edir.

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) üzrə dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq veriləcək. Bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 və qapalı tipli 5 tapşırıq, qapalı tipli 16 tapşırıq, oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq, bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 5 tapşırıq təqdim olunacaq. Bu da cəmi 30 tapşırıq deməkdir. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır. Azərbaycan dili (dövlət dili kimi) tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər, qeyd edilən fənlərdən əlavə, "Azərbaycan dili" (dövlət dili kimi) fənnindən də imtahan verirlər. Bu şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara 30 qapalı tipli test tapşırığı təqdim olunur. İmtahanın müddəti 45 dəqiqədir.

Bir daha qeyd edək ki, 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər fənn üzrə toplanan nisbi ballar cəmlənir. Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün "Abituriyent" jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.

84
Teqlər:
qayda, yeni, 9-cu sinif, sual, imtahan, DİM
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

50
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

50
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil

Azərbaycanda məktəblər açılacaq

208
(Yenilənib 12:09 16.01.2021)
Nazirlər Kabibeti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejimini aprelin 1-dək uzatsa da, yanvarın 18-dən mərhələli şəkildə müəyyən yumşalmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".

208
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət