İmtahan

Kimin bəxti gətirdi? Ekspert ixtisas qruplarının dəyişdirilməsini şərh edir

23
(Yenilənib 16:10 23.12.2020)
"Son illərin nəticələrini təhlil edəndə görürük ki, bu ixtisaslar III qrupda olduqda daha çox yüksək ballı abituriyentlər bu fakültələrə qəbul olunurdu və plan yerləri də tamamilə dolurdu" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. ""Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisasları istər struktur baxımından, istərsə də tədris olunan fənlər baxımından II qrupa uyğun deyildi. "Regioşünaslıq"da heç də həmin ərazilərin coğrafiyası tədris olunmurdu. Daha çox regionlar üzrə həmin ölkələrin siyasi həyatı, iqtisadiyyatı öyrənilirdi ki, bu da daha çox III ixtisas qrupuna uyğun idi".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov adıçəkilən ixtisaslarla bağlı verdikləri təklifin dəyərləndirilməsi, həmin ixtisasların artıq III qrupa aid edilməsi haqda danışarkən deyib.

O bildirib ki, adıçəkilən ixtisaslar 2011-ci ilədək III ixtisas qrupuna şamil edilsə də, sonradan dəyişikliklə II ixtisas qrupuna şamil edilib: "Son illərin nəticələrini təhlil edəndə görürük ki, bu ixtisaslar III qrupda olduqda daha çox yüksək ballı abituriyentlər bu fakültələrə qəbul olunurdu və plan yerləri də tamamilə dolurdu. Lakin "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" II qrupa aid edildikdən sonra plan yerləri boş qaldı, bu ixtisaslara daha az balla qəbul olundular. Hətta bu il 150 balla "Regionşünaslıq", 200 balla isə "Beynəlxalq münasibətlər" ixtisasına ödənişsiz qəbul vardı".

"Qeyd edim ki, III ixtisas qrupunda abituriyent sayı çox, plan yeri az, II ixtisas qrupunda isə bunun tam əksi olduğundan, bu dəyişikliyi, yəni həmin ixtisasların III qrupa şamil edilməsini müsbət və zamanında atılan addım kimi dəyərləndirirəm. Bu il ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə 8 min abituriyent müsabiqə şərtini ödəmişdi ki, onlar da 14 min plan yerinə ixtisas seçimi edə bilirdi. Belə olan halda 6 mindən çox plan yeri boş qalırdı. III qrupda isə 18 min abituriyent 12 min plan yerinə ixtisas seçimi edə bilirdi. Bundan sonra isə artıq vəziyyət dəyişəcək və III ixtisas qrupu üzrə qəbul imkanları artacaq. Lakin bu o demək deyil ki, II ixtisas qrupunda şanslar azalacaq. Plan yerləri saya uyğun olaraq düz mütənasibdir", - deyə ekspert əlavə edib.

23
Teqlər:
Kamran Əsədov, ekspert, şərh, dəyişiklik, II və III ixtisas qrupların cavabı, abituriyent
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

117
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

117
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil

Azərbaycanda məktəblər açılacaq

298
(Yenilənib 12:09 16.01.2021)
Nazirlər Kabibeti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejimini aprelin 1-dək uzatsa da, yanvarın 18-dən mərhələli şəkildə müəyyən yumşalmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".

298
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

0
(Yenilənib 18:03 18.01.2021)
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:

"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu "ASAN xidmət" mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.

Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", - məlumatda bildirilib.

0