Yer kürəsi

Hər 27 milyon ildən bir baş verən hal təkrarlanır - Canlıların kütləvi məhvi başlayıb

111
(Yenilənib 22:33 13.12.2020)
Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetinin alimləri, Yerdəki heyvanların, o cümlədən amfibiyalar, sürünənlər, məməlilər və quşların kütləvi şəkildə məhv olmasının tsiklik baş verdiyini aşkar ediblər.

BAKI, 13 dekabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetinin alimləri, Yerdəki heyvanların, o cümlədən amfibiyalar, sürünənlər, məməlilər və quşların kütləvi şəkildə məhv olmasının tsiklik baş verdiyini aşkar ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu proses hər 27 milyon ildən bir baş verir və qlobal təbii fəlakətlərlə üst-üstə düşür.

Tədqiqat göstərir ki, Yer tarixində yox olma böyük asteroid təsirləri və geniş lava axını ilə müşayiət olunan vulkan püskürmələri nəticəsində baş verir. 

"Daşqın bazalt vulkanizmi yaradan böyük cisimlərin düşməsi və Yerin daxili fəaliyyətinin impulsları, Qalaktikadakı orbitin sönməsi ilə birlikdə 27 milyon illik dövrdə baş verə bilər", - deyə araşdırma müəllifləri qeyd ediblər.

Belə ki, 66 milyon il əvvəl planetdəki bütün həyatın 70%-i asteroid zərbəsindən sonra tükənib. Sonradan, paleontoloqlar belə kütləvi sönmələrin təsadüfi bir hadisə olmadığını, müəyyən bir dövriyyəyə sahib olduğunu kəşf ediblər.

Yeni elmi əsərin müəllifləri quru heyvanlarının kütləvi şəkildə məhv olması barədə məlumatları araşdıraraq, okean həyatının yox olması ilə üst-üstə düşdüyü qənaətinə gəliblər.

Onlar yeni statistik təhlillər apararaq, bu hadisələrin təxminən 27,5 milyon illik bir dövrü əhatə etdiyini hesablayıblar.

Kütləvi məhv olma tək dövrü hadisə deyil. Yer səthinə düşən asteroidlər və kometlərin yaratdığı toqquşma kraterlərinin yaşı da həmin vaxt çərçivəsinə uyğundur.

Astrofiziklər Günəş sistemində hər 26-30 milyon ildən bir kometa yağışlarının baş verdiyini, planetlərə çırpıldığını və kütləvi şəkildə yox olmaya səbəb olduğunu irəli sürüblər.

"Artıq məlumdur ki, quruda və dənizdə növlərin üç dəfə kütləvi məhv olması son 250 milyon ildəki üç ən böyük kosmik təsirlə eyni vaxtda baş verib", - deyə alimlər bildiriblər.

Yeni məlumatlar sübut edib ki, fəlakətlərin səbəbi yalnız kosmosda deyil. Qurudakı və okeanlardakı səkkiz kütləvi yox olma bazalt püskürmələri ilə üst-üstə düşüb. Bu püskürmələr buz dövrləri, turşu yağışı, ozon tükənməsi və radiasiya səviyyəsinin artması ilə müşayiət olunmalı idi.

111

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0