Asim Mollazadə

Peşə təhsili ali təhsil kimi populyarlaşmalıdır - Asim Mollazadə

72
(Yenilənib 02:02 26.11.2020)
Deputat: Azərbaycanda orta məktəbi bitirən uşaqların yalnız 25 faizi universitetlərə daxil olur. Bəs qalanları necə olur? O uşaqların gələcəkdə işlə təmin olunması, peşəkar mütəxəssislər kimi yetişməsi üçün məhz peşə məktəblərinə cəlb edilməsi vacibdir.

BAKI, 23 noyabr - Sputnik. Dünyanın əksər ölkələrində gənclər diplom almağa yox, peşə öyrənməyə cəhd edir. Azərbaycanda da son illər peşə məktəblərinə maraq artıb. Bununla belə hələ də gənclər arasında ali təhsilə maraq daha böyükdür. Bunun bir səbəbi ali təhsilin hələ də prestij hesab olunmasıdırsa, digər səbəb sözsüz ki, peşə təhsili məktəblərinin müasir tələblərə cavab verməməsidir. Elə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə söhbətdə də peşə təhsilinin dirçəldilməsi, cəmiyyətdə peşə təhsilinə marağı artırmaq üçün görülməli işlərdən danışdıq...

- Asim müəllim, peşə təhsili ilə bağlı millət vəkilləri içərisində məhz sizinlə həmsöhbət olmağımız heç də təsadüfi deyil. Çünki, siz dəfələrlə Milli Məclisdə bu məsələni müzakirəyə çıxartmısınız, “Peşə təhsili haqqında” qanunun qəbuluna böyük töhvə vermisiz. Bu gün Azərbaycanda peşə təhsili verən məktəblərin sayı sizi qane edirmi?

-Azərbaycanda peşə təhsili ilə bağlı vəziyyət əlbəttə ki, əvvəlki illərlə müqayisədə müqayisəyəgəlməzdir. “Peşə təhsili haqqında” qanunun qəbulu, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması peşə təhsilinin inkişafında böyük rol oynadı. Azərbaycanda yeni peşə təhsili mərkəzləri yaradılır, onların sayı artır.

-Bu gün peşə təhsili müəssisələrinin maddi-texniki bazasını, səviyyəsini qənaətbəxş hesab etmək olarmı?

-Əlbəttə ki, peşə təhsili müəssisələrinin sayı hələ arzuolunan qədər deyil. Amma bu gün ölkəmizdə müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlamaq imkanı olan peşə məktəbləri var. Onlar müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunur.

-Peşə təhsilinin inkişafı üçün hansı işlər görülməlidir? Özəl sektor bu prosesdə sizcə necə iştirak etməlidir?

-Peşə təhsilinə maraq üçün ölkəmizdə istehsalat güclənməli, müəssisələrin özləri müvafiq kadrların yetişdirilməsi prosesində iştirak etməyə maraqlı olmalıdırlar.

-Asim müəllim, peşə təhsilinin inkişafı üçün hansı ölkənin təcrübəsindən istifadə daha məqsədəuyğundur?

-Avropada peşə təhsili ilə bağlı uğurlu təcrübə var. Azərbaycanda da bu belə olmalıdır. Bizdə gənclər ali təhsil almağa can atırlar. ABŞ-da isə peşə təhsili populyarlığı var. Azərbaycanda da peşə təhsilinə marağı artırmaq istiqamətində işlər görülməlidir. Artıq Azərbaycanda uğurlu beynəlxalq təcrübələrdən istifadə edilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi Təhsil Nazirliyi ilə birgə bu istiqamətdə çox işlər gördülər. 

Düşünürəm ki, bu istiqamətdə hələ işlər davam etdirilməlidir. Çox təəssüf ki, pandemiya və müharibə ilə bağlı peşə təhsilinin inkişafı istiqamətində görülən işlərdə ləngimə müşahidə olundu. Amma bu sahə inkişaf etməlidir.

-Azərbaycan cəmiyyətində peşə məktəblərinin fəaliyyətinə zərurət nə səviyyədədir?

- İnsanlara peşə öyrədən məktəblərin fəaliyyət göstərməsinə böyük ehtiyac var. Azərbaycan iqtisadiyyatının şaxələnməsi, müvafiq islahatları həyata keçirmək üçün cənab Prezident tərəfindən "Yol Xəritəsi” təsdiq olunub. "Yol Xəritəsi”nin müvafiq bəndlərində peşə təhsilinə xüsusi yer verilib. Vurğulanıb ki, iqtisadiyyatımızın çoxşaxəli istiqamətdə inkişafı üçün güclü kadrların hazırlanmasına ehtiyac var.

Mən hər zaman gənclərin əməyə cəlb olunması, peşəkar işçilər, kadrlar kimi yetişməsi üçün peşə təhsilinin önəmini qeyd etmişəm. Təsəvvür edin ki, ölkədə turizm sahəsində inkişaf gedir, möhtəşəm otellər tikilib, yeni xidmət sahələri açılıb. Amma bu sahələrdə işləyəcək mütəxəssis yoxdur. Bu mütəxəssisləri hazırlayan peşə məktəblərimiz də azdır. Yaxud da, görürsən ki, şirkətlər yaxşı qaynaqçı, santexnik və digər peşə sahiblərini axtarırlar, amma tapa bilmirlər. Bu peşə növlərinə ehtiyac çoxdur, amma peşəkar kadrlar tapmaq çətindir. İllər əvvəl mən Milli Məclisdə məsələ qaldırdım ki, niyə Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinə işçilər Sinqapurdan, Malayziyadan, Hindistandan gətirilir, amma mənim xalqımın övladları işsiz-gücsüz qalıb? Bilirsiz, iclasdan sonra SOCAR-ın rəhbərliyindəki şəxslər mənə yaxınlaşıb nə dedilər? Dedilər ki, bu saat bizə yaxşı qaynaqçılar lazımdır, yüksək maaşla işə qəbul edirik, amma tapa bilmirik. Demək ki, bu kadrları peşə məktəblərində yetişdirmək lazımdır.          

Azərbaycanda orta məktəbi bitirən uşaqların yalnız 25 faizi universitetlərə daxil olur. Bəs qalanları necə olur? O uşaqların gələcəkdə işlə təmin olunması, peşəkar mütəxəssislər kimi yetişməsi üçün məhz peşə məktəblərinə cəlb edilməsi, onlara keyfiyyətli təhsil verilməsi vacibdir.

Ümumiyyətlə müasir dövr təhsil sahəsindəki islahatların sürətləndirilməsini xüsusilə zəruri edir. Parlamentdə təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilib. Onların icra mexanizmləri tapılmalı və həyata keçirilməsinə şərait yaradılmalıdır. "Peşə təhsili haqqında" yenilənmiş qanunu qəbul etməklə, ölkədə güclü peşə təhsili sistemini formalaşdırmaqla, biz gənc nəslin işlə təmin olunması sahəsində mühüm problemlərdən birini həll etmiş olarıq.

P.s. Bu müsahibə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

72
Teqlər:
Azərbaycan, peşə təhsili, peşə, millət vəkili Asim Mollazadə, Asim Mollazadə
Dərs cədvəlinə baxan məktəbli, arxiv şəkli

Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

46
(Yenilənib 19:16 21.01.2021)
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun verdiyi açıqlamaya görə, qış tətili şənbə və bazar günləri də daxil olmaqla cəmi 5 gün olacaq.

BAKI, 21 yanvar — Sputnik. Yanvarın 27-də şagirdlərin qış tətili başlayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq.

46

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

53
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

53

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya