Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Peşə məktəbindən əmək bazarına - Onları işə götürməkdən kim imtina edər ki?

52
(Yenilənib 02:15 23.11.2020)
Buradakı emalatxanalar bütün ixtisaslar üzrə tələbələrin praktiki bilik və bacarıqlara yiyələnməsi üçün zəruri müasir avadanlıqlarla təmin olunub.

BAKI, 16 noyabr — Sputnik. Peşə məktəbi dedikdə çoxumuzun ağlına sovetdən qalma, heç bir texniki bazası olmayan təmirsiz təhsil müəssisələri gəlir. Çox təəssüf ki, bu gün belə peşə təhsilinə dırnaqarası baxan, bunu lazımsız sayanlar da var. Elə bu səbəbdən də valideynlərin çoxu övladlarının ali məktəbə qəbul olması üçün dəridən-qabıqdan çıxır. Baxmayaraq ki, bu gün əmək bazarında peşə təhsilli ixtisaslı kadrlara ciddi tələbat var. Amma cəmiyyətdə peşə təhsili ilə bağlı yaranmış yalnış təsəvvür hələ tam dəyişməyib. Apardığımız kiçik araşdırma da göstərir ki, son illər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində xeyli iş görülüb. Hətta bu gün Azərbaycanda dünya peşə standartlarına uyğun, praktiki biliyə malik mütəxəssis hazırlayan peşə məktəbləri də fəaliyyət göstərir. Elə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi də onlardan biridir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Müasir tədris binası olan təhsil kompleksi, iki böyük emalatxana, yataqxana, idman meydançası... Kənardan baxdıqda bu məkanın peşə məktəbi olduğu ağıla gəlməsə də, burada əmək bazarının tələblərinə uyğun, praktiki bilik və bacarıqlara yiyələnən kadrlar hazırlanır. Burada bizə məlumat verilir ki, bu gün bir sıra peşə məktəblərində olmayan ixtisaslar üzrə burada peşə təhsilli mütəxəssislər yetişdirilir. Bu peşə təhsili mərkəzində əmək bazarında ciddi tələbat olan peşələr üzrə ixtisaslar tədris olunur. Burada veb-dizayner, avtomobil üzrə elektrik, avtomobillərin təmiri çilingəri, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mebel ustası, torna və frezer dəzgahlarının operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, inşaat ustası, veb dizayner və proqram təminatçısı, avtomatika üzrə usta, kompüter sistemlərində proqram təminatı, nəqliyyat vasitələrinin texniki istismarı sahələri üzrə ixtisaslı kadrlar hazırlanır.

Peşə təhsilində sözsüz ki, praktiki biliklərin verilməsi vacibdir. Odur ki, yolumuzu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarından salırıq. Burada bizə məlumat verilir ki, bütün ixtisaslar üzrə tələbələrin praktiki bilik və bacarıqlara yiyələnməsi üçün bütün avadanlılar var. Təhsil Mərkəzinin birinci emalatxanasında olarkən burada tədris olunan ixtisaslara uyğun emalatxana otaqlarının olduğunun, onların hər birinin lazımi dəzgah və cihazlarla təmin olunduğunun şahidi oluruq. Bizə məlumat verilir ki, avtomobillərin təmiri çilingəri, avtomobil diaqnostikası və təmiri ustası peşəsinə yiyələnmək istəyənlər buradakı avadanlıqların köməyi ilə praktiki biliklər əldə edirlər. Hətta emalatxanada olan müasir və bahalı avtomobillər də təcrübədə istifadə edilir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

İkinci emalatxanada da bütün otaqlar zəruri avadanlıqlarla təchiz edilib. Proseslərin avtomatlaşdırılması otağına yaxınlaşaraq peşə məktəbinin müəllimi Rəşad Çopsiyevlə həmsöhbət oluruq. Onunla söhbət zamanı öyrənirik ki, proseslərin avtomatlaşdırılmasında elektrik və elektronika dərsini tədris edir. R. Çopsiyev deyir ki, bu Mərkəz emalatxanaları ilə dünyanın ən müasir peşə məktəblərini xatırladır:

"Peşə təhsilində praktiki bilik çox vacibdir. Əgər bir peşə məktəbinin bunun üçün emalatxanası, müasir avadanlıqları yoxdursa, müəllim tələbəyə nəzəri bilik verməklə kifayətlənmək məcburiyyətində qalır. Amma artıq bizim Mərkəzdə bunun üçün bütün avadanlıqlar var. Biz peşə təhsili üzrə sözün əsl mənasında mütəxəssis hazırlayırıq. Bizim tələbələrimiz burada bu bacarıqları əldə edib şirkətlərdə təcrübə keçirlər. Onlar əmək bazarı üçün tam hazırlıqlı kadr olaraq yetişirlər. Artıq iş üçün müraciət etdikdə onlar lazım olan avadanlıqları işlətməyi bacarır, özləri sərbəst çalışa bilirlər. Çünki, bizim mərkəzdə müəssisələrdə istifadə edilən müasir avadanlıqlar var".
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

R. Çopsiyev bildirir ki, bu gün Azərbaycanda universitetlərin belə bu cür emalatxanaları yoxdur. Ona görə də müəllim hətta ali təhsil alanların praktiki bilik əldə etmək üçün bu peşə Mərkəzinə üz tutduğunu söyləyir.

Hazırda pandemiya dövrü olduğundan, tələbələr dərslərini virtual davam etdirsələr də, müəllimlər müvafiq resurslarla onlara avadanlıqlardan istifadə qaydasını izah edirlər.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

52
Teqlər:
emalatxana, Texniki Peşə Məktəbi, peşə təhsili, peşə
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

18
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

18
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

9
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

9

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa