CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrimizin "başsız atlı" kabusu: tövsiyə var, təminat yox

© pixabay / Wokandapix / StudentTələbə, arxiv şəkli
Tələbə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün Azərbaycanda formal distant təhsil həyata keçirilir. Bu da əmək bazarında peşəsini bilməyən kadrların məzun olması ilə nəticələnəcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Ölkəmizdə koronavirus pandemiyası və hərbi vəziyyət səbəbindən təhsilin məsafədən idarəedilməsi ali təhsildə ciddi problemlərə səbəb olub. Xüsusilə bölgələrdə tələbələr internet və distant təhsilə qoşulmaq üçün alətlərin olmaması səbəbindən mühazirələri dinləyə bilmirlər. Qax rayonunun müxtəlif kəndlərində tələbələr məsafədən təhsildə ciddi problem yaşadıqlarını söyləyirlər. Qaxın Qaratala kənd sakini Fərid Məmmədli evlərində internet olmadığı üçün qonşudan dərslərə qoşulur. Amma yenə də distant təhsilə qoşulmağın çox çətin olduğunu, internetin sürətinin zəif olduğunu bildirir.

Дошкольная группа, фото из архива - Sputnik Azərbaycan
Məktəbəqədər təhsil ləğv oluna bilərmi?

Bu problem ölkənin müxtəlif bölgələrində yaşanır. Ağcabədi rayonu ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün yaradılmış Ağbulaq obasında yaşayan tələbə Şamama Bəxtiyarova pandemiya dövründə onlayn dərslərə qoşula bilmədiyindən hazırda məsafədən təhsil üçün xeyli məsafə qət etməli olub. Bakı Slavyan Universitetinin “İngilis dili-tərcüməçi” ixtisası üzrə 2-ci kurs tələbəsi Şamama bu ilin mart ayının 3-dən etibarən karantin elan olunduğundan öz evlərinə gedib. Həmsöhbətimiz deyir ki, həmin dövrdə yaşadığı obada internet olmadığından onlayn keçirilən dərslərə də qoşula bilməyib. Tələbə yoldaşlarından çox az qismi onlayn dərslərdə iştirak etdiyindən, universitet rəhbərliyi yaranmış vəziyyəti nəzərə alaraq avqust ayınadək imtahanları təxirə salıb. Şamama deyir ki, onlayn təhsilin əsas problemi keçirilən dərslərə təkrar qoşularaq baxmaq, dinləmək imkanının olmamasıdır. Tələbə bu səbəbdən də onlayn dərslərə qoşulmaq üçün bu tədris ilindən babası evinə, Ağcabədidəki Taxtakörpü qəsəbəsinə getdiyini söyləyir. Ş.Bəxtiyarova internetin keyfiyyətinin çox aşağı olmasının distant təhsilə qoşulmada çətinliklər yaratdığını, bəzən kəsilmələr olduğunu da bildirir.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta təhsildə teledərslər və repetitor hazırlığı sayəsində şagirdlər dərs proqramını mənimsəyə bilsələr də, ali təhsildə vəziyyət daha çətindir: "Çox təəssüf ki, Azərbaycan təhsil sistemində distant təhsil nəzərdə tutulsa da, bu sahədə heç bir addım atılmayıb. Mart ayından pandemiya səbəbindən onlayn təhsilə keçid baş tutmasına baxmayaraq, bunun üçün infrastruktur, cihazlar, nə də ki alətlər üçün heç bir iş görülməyib. Halbuki, Təhsil Nazirliyi qeyd olunan müddət ərzində alternativ təhsilalma formalarını müəyyənləşdirməli idi. Həmçinin bunun üçün qanunvericilik bazasını və resursları hazırlamalı idi. Azərbaycanda orta ümümtəhsil məktəblərinin şagirdləri üçün müəyyən qədər məlumat əlçatanlığı var. Ali təhsillə bağlı isə bu fikri söyləyə bilmərik.

Ölkəmizin 54 ali təhsil müəssisəsində 380 fərqli  ixtisas üzrə 185 min tələbə təhsil alır. Eyni ixtisas qruplu tələbələrin sayı azdır. Elə ixtisaslar var ki, onların onlayn tədrisi mümkün deyil. Praktiki, laborator təhsilin vacib olduğu ixtisaslar var. Biz internet və alətlərlə bağlı iki problemi həll etsək də, mühəndis iqtisadiyyatı və sair texniki fənlər üzrə məsafədən təhsil çox çətindir. Bunun üçün təkliflər hazırlasaq da, heç bir iş görülməyb. Azərbaycan təhsil sistemi bu gün başsız atlıya bənzəyir".

K.Əsədov deyir ki, ali məktəblərdə keçirilməyən dərslərin kompensasiyası mümkün deyil: "Hər tədris semestrinin öz proqramı var. Bunun təxirə salınması mümkün deyil. Bu, qanunvericilik aktlarına ziddir.  Birinci semestrdə keçirilməyən dərslər ikinci semestrdə keçirilərsə, tələbələr  ikinci semesterin fənlərini keçə bilməyəcəklər. Bu gün Azərbaycanda formal distant təhsil həyata keçirilir. Bu da əmək bazarında peşəsini bilməyən kadrların məzun olması ilə nəticələnəcək".

Смартфон без сети - Sputnik Azərbaycan
İnternet problemi həll olunacaq, bəs niyə tələsmək lazım deyil

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, internetin sürətində yaranmış məhdudiyyətlər distant təhsillə bağlı qarşıya qoyulan vəzifələrin həyata keçirlməsində problemlər yaradıb: "Amma bunun pandemiya və hərbi vəziyyəti nəzərə alaraq tətbiq olunduğu aydındır. Artıq Ordumuz qələbə qazandı. İnternetin sürətində məhdudiyyətlər aradan qaldırılacaq. Bu narahatlıq başadüşüləndir. Sağlamlıq və təhlükəsizlik təhsildən daha yüksək dəyər olduğundan biz bu problemi anlayışla qarşılamalıyıq. Kompensasiyaya gəldikdə, distant təhsildə proqram mövzularının mənimsəmə səviyyəsi ölçülməlidir. Ənənəvi dərslərdə tələbə məlum saatlarda dərslərdən yararlanırdısa, distant təhsildə bu məhdudiyyət yoxdur. Proqram mövzularından bir ay müddətində geriqalmalar bərpa edilə biləcək. Qış tətili müddətində və yay tətilində müəyyən əvəzləmələr aparıla bilər. Bütün dünyada təhsildə gecikmələr müşahidə olunur. Əsas odur ki, baza və resurslar var. İnanmıram ki, bundan yararlanmaq istəyən tələbələr çətinlik çəksinlər".

İ.Orucov bildirir ki, Azərbaycanda distant təhsilə ali təhsil müəssisələri çox gec başlayıblar. Bu isə öz təsirini bu gün büruzə verir: "Təəssüf ki, bu baxımdan distant təhsil resursları çatışmazlığı yarandı. Ali təhsil müəssisələri bunun üzərində işləməli, elektron formada o resurslara çıxışı əldə etmək imkanı yaradılmalıdır".

Cəmiyyət sədri bildirir ki, bunun üçün Təhsil Nazirliyi bütün zəruri tövsiyələri verib:

"Təhsil Nazirliyi ali təhsil müəssisələrini koordinasiya edən təhsil siyasətini həyata keçirən qurumdur. Nazirliyin də ali təhsil müəssisələrinə tövsiyəsi ondan ibarətdir ki, onlar distant təhsildə qabaqcıl təcrübələrdən istifadə etsinlər. Təhsil Nazirliyi onları bu resurslarla təmin etməli deyil. Bizim tələbələrin böyük qismi ödənişli təhsil alır. Elektron resursların yaradılması ali təhsil müəssisələri tərəfindən təmin edilməlidir".

Təhsil Nazirliyindən isə bildirdilər ki, distant təhsillə bağlı nazirlik tərəfindən ali təhsil müəssisələrinə zəruri tövsiyələr verilib.

Onu da qeyd edək ki, Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək

Xəbər lenti
0