Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Peşə təhsilli kadrlara əmək bazarında ciddi tələbat var - Elçin Əfəndi

25
(Yenilənib 15:49 26.11.2020)
Təhsil üzrə ekspert: “Azərbaycan bu mənada Cənubi Koreya, Yaponiya təcrübələrindən yararlana bilər. Bu ölkələrdə müxtəlif sahələrdə peşə təhsili yüksək səviyyədə inkişaf edib”

BAKI, 7 noyabr - Sputnik. Azərbaycanda son illər peşə təhsili sahəsində ciddi dönüş yaranıb. Ölkəmizdə peşə məktəbləri yenidən qurulur, yeni peşə təhsili mərkəzləri fəaliyyətə başlayır. Bununla belə peşə təhsilinə maraq ali təhsillə müqayisədə çox aşağıdır. Buraxılış siniflərinin məzunları hələ də peşə təhsilinə maraq göstərmir. Bəziləri hətta ali məktəbə qəbulda uğursuz nəticə üzündən məcburən peşə təhsilini seçməli olur. Baxmayaraq ki, bu gün əmək bazarında peşə təhsilli kadrlara ciddi tələbat var. Bəs görəsən cəmiyyətdə peşə təhsilinə marağı artırmaq üçün hansı işlər görülməlidir? Hansı ölkələrin təcrübəsi Azərbaycanda peşə təhsilinin inkişafında istifadə edilməlidir?

Tanınmış təhsil ekspert Elçin Əfəndi ilə söhbətdə bu suallara aydınlıq gətirməyə çalışdıq...

-Elçin müəllim, Azərbaycanda peşə təhsili sahəsində son illər görülən işləri necə qiymətləndirirsiniz?

-Peşə təhsili sahəsində son illər inkişaf var. Bu sahə üzrə agentliyin fəaliyyətə başlaması nəticəsində ölkəmizdə peşə təhsilində bir sıra yeniliklər edildi. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması ilə paytaxtda müasir peşə təhsili mərkəzi yaradıldı. Amma bu sahədə vəziyyəti tam qənaətbəxş saymaq olmaz!

-Sovet dövründə peşə məktəblərinə geniş maraq vardı. Amma hazırda bu maraq hiss olunmur. Sizcə bunun səbəbi nədir?

-Əvvəlki illərlə müqayisədə cəmiyyətdə peşə təhsilinə də maraq artıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi çalışıb bu marağı daha da artırmalıdır. Bunun üçün müxtəlif maarifləndirici addımlar atılmalıdır ki, insanlarda peşə təhsilinə maraq oyansın. Bir sıra müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Düşünürəm ki, gələcəkdə biz bunun müsbət tərəfini göstərəcəyik.

-Sizcə Azərbaycan peşə təhsilinin inkişafında hansı ölkənin təcrübəsindən istifadə etməlidir?

-Bu gün dünyanın bir sıra ölkələrində peşə təhsili çox populyardır. Azərbaycan bu mənada Cənubi Koreya, Yaponiya təcrübələrindən yararlana bilər. Bu ölkələrdə müxtəlif sahələrdə peşə təhsili yüksək səviyyədə inkişaf edib. Xüsusilə elektronika üzrə peşə təhsili bu ölkələrdə çox inkişaf edib. ABŞ da da peşə təhsili üzrə inkişaf var. Peşə təhsili sahəsində ABŞ təcrübəsinin tətbiqi çox yaxşı olar.

-Bəs insanlarda peşə təhsilinə marağı necə oyatmaq olar ki, onlar peşə təhsilinə üstünlük versinlər?

-Bunun üçün gərək insanlar peşə təhsilinin vacibliyini dərk etsinlər. Peşə məktəblərində ixtisaslı kadrların əmək bazarında özlərinə yer tapdığı təcrübələrlə təbliğ olunmalıdır. Əmək bazarında ixtisaslı peşə mütəxəssislərinə tələbat olduğu aşılanmalıdır. İnsanların beyninə yeridilməlidir ki, əvvəllər bəzi yerlərdə ali təhsil diplomları tələb olunurdusa, indi dövr dəyişib. Peşə təhsilli kadrlara əmək bazarında ciddi tələbat var.

P.s. Bu müsahibə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

25
Teqlər:
peşə, peşə təhsili, əmək, ali təhsil, Elçin Əfəndi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 'Qadın Liderliyi Uğrunda' İctimai Birliyi

İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir

473
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

BAKI, 24 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "Nizami Gəncəvi İli"nə həsr olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.

Eyni zamanda, konfransda "Sənaye 4.0 və yeni təhsil texnologiyaları", "Bilik idarəçiliyi", "Rəqəmsal kənd təsərrüfatı", "İqtisadiyyatın rəqəmsallaşması", "Süni intellekt və etika", "Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir" və "Rəqəmsal dövrdə yeni peşələr" kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.

Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.

Beynəlxalq spikerlər "Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması", "4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər", "4-cü Sənaye İnqilabı və "Əşyaların İnterneti" (IoT) üçün yeni bir təhsil yolu", "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

473
Teqlər:
Bakı, konfrans, sənaye, inqilab
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

27
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

27
Teqlər:
universitet, dərs
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

0
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

0