Onlayn təhsil, arxiv şəkli

Virtual dərsdən qaçan müəllimlər - imkansızlıq, yoxsa sui-istifadə?

260
(Yenilənib 17:52 05.11.2020)
"Təhsil Nazirliyi bu məsələyə nəzarəti gücləndirməlidir. Virtual Məktəbə qoşulmayan müəllimlərin problemi araşdırılmalı, bunun obyektiv və subyektiv amilləri barədə ölçü götürülməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Noyabrın 2-dən etibarən respublika ərazisində distant təhsilə start verilsə də, ilk gündən etibarən məsafədən təhsildə yenidən problemlər yaranıb. Belə ki, bu dəfə şagirdlər yox, müəllimlərin Virtual Məktəbə girişində problemlər yaranıb.

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında iki övladı təhsil alan valideyn İradə Cəlilova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, noyabrın 2-də hər iki övladı Virtual Məktəbdə ancaq bir dərs keçə bilib. Səbəb isə müəlllimlərin Virtual Məktəbə daxil olmamasıdır. Valideyn bildirir ki, uşaqlarının biri 6-cı, digəri 7-ci sinifdə oxuyur. Övladı Xətai rayonundakı məktəblərdən birində oxuyan valideynlər də müəllimlərin əksəriyyətinin Virtual Məktəbə daxil ola bilməməsi səbəbindən bir neçə dərsin boş keçdiyini söyləyirlər. Başqa məktəblərdə də əksər siniflər üzrə müəllimlər Virtual Məktəbə daxil ola bilmirlər.

İki günün təcrübəsi göstərir ki, Virtual Məktəb üzərindən dərslərin keçirilməsində bu dəfə şagirdlər yox, müəllimlər passivlik nümayiş etdirirlər. Sputnik Azərbaycan bəzi məktəblərdə müəllimlərin Virtual Məktəb üzərindən dərslərdə iştirak etməməsinin səbəbini araşdırıb. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bunun bir neçə səbəbi olduğunu söyləyib. O bildirib ki, şagirdlərlə yanaşı, müəllimlərin də Virtual Məktəbə daxil ola bilməməsinin bir səbəbi internetin olmamasıdır: "Bu, səbəblərdən biridir. Eyni zamanda kompüteri olmadığından Virtual Məktəbə daxil ola bilməyən müəllimlər də var. Amma bunlarla yanaşı, müəllimlər tərəfindən sui-istifadə hallarına da yol verilir. Müəllimlər Virtual Məktəbdə dərslərin keçirilməsinə nəzarətin olmamasından, hesabatın tələb edilməməsindən sui-istifadə edirlər. Müəllimlərin əmək haqqı verilsə də, onların arasında virtual dərslərin keçirilməsinə nəzarətin olmamasından istifadə edənlər də var. Buna görə bəzi müəllimlər Virtual Məktəbə daxil olmadıqda müxtəlif bəhanələr gətirirlər".

K.Əsədov bildirir ki, ibtidai sinif və riyaziyyat, ana dili, fizika və kimya kimi fənləri tədris edən müəllimlərin onlayn dərs keçməsi vacibdir: "Müəllimlər dərslərə daxil olmadıqlarından valideynlər çıxış yolunu bir sıra fənlər üzrə repetitora müraciət etməkdə görürlər".

Ekspert deyir ki, bu gün məktəblər interneti olmayan, kompüteri olmayan müəllimlərə məktəbdən dərs keçmək imkanı yarada bilər: "Artıq bəzi ali təhsil müəsssisələri bu üsula müraciət edib. Hansı müəllimin evində internet, kompüter yoxdursa, ona məktəbin resurslarından istifadə edərək virtual dərs keçmək imkanı yaradılıb. Orta məktəblərdə də direktorlar bu üsulla interneti və kompüteri olmayan müəllimlərə məktəbdən dərs keçməyə şərait yarada bilərlər".

K.Əsədovun sözlərinə görə, Təhsil Nazirliyi bu məsələyə nəzarəti gücləndirməlidir. Virtual Məktəbə qoşulmayan müəllimlərin problemi araşdırılmalı, bunun obyektiv və subyektiv amilləri barədə ölçü götürülməlidir.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, Virtual Məktəbə müəllimlərin qoşulmasına məktəb direktorları nəzarət edirlər. Məktəb direktorları dərslərə qoşulan müəllimlərlə bağlı qeydlər aparır, hansı müəllim onlayn dərs keçmirsə, bununla bağlı məlumatları nazirliyə hesabat şəklində təqdim edirlər.

260
Teqlər:
kompüter, internet, müəllimlər, qaçmaq, dərs, virtual
Əlaqədar
Virtual məktəb üzrə müəllimlərin kalendarları sıfırlanıb
Tətildən sonra onlayn təhsildə nə dəyişəcək? Nazir vəd verir, ekspertlər isə...
Pandemiya elektron dərs və əlavə dərs resurslarına tələbatı artırıb
"Nazirlik bu qədər müddətə bir problemin öhdəsindən gələ bilməyib"
Qiymətə görə şagirdlər sinifdə saxlanmayacaq

Təhsil naziri: 1,6 milyon kompüteri alıb paylamaq təhsilin problemlərini həll etməyəcək

21
(Yenilənib 19:18 22.04.2021)
Emin Əmrullayev: "Təhsil xərcləri kifayət qədər böyükdür. Düzünü desəm, təhsilin keyfiyyətinə müsbət təsir edən tələblərlə çox da üz-üzə qalmırıq".

BAKI, 22 aprel - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev buraxılış imtahanlarına çətin sualların salındığı barədə ictimaiyyət arasında yaranan narazılıqlara münasibətini ifadə edib.  

"Təəssüf ki, bizdə bütün imtahanlardan sonra ən çox müzakirə olunan məsələ imtahanın çətinliyi və asanlığıdır. İmtahanlar həmişə ya çətin, ya asan olur", - deyə nazir Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, imtahanlarda hansı suallar verilirsə, hansı tip suallar soruşulursa, bu cavabların iqtisadiyyatımıza, ölkəmizin gələcəyinə hansı formada xidmət etməsini başa düşmürüksə, bu, yenə də kifayət qədər ciddi problemdir

Nazir bildirib ki, pandemiya dövründə ən çox müzakirə olunan məsələlərdən biri şagirdlərin kompüterlərlə təchizatı məsələsidir:

"Başa düşürəm ki, kompüter olduqca vacibdir və rəqəmsallaşma Azərbaycan təhsilinin ən vacib prioritetlərindən biridir. Eyni zamanda, şagirdlərin, müəllimlərin daha çox rəqəmsal alətlərdən istifadəsi imtahanların rəqəmsallaşması, kompüter əsaslı imtahanların keçirilməsi və s. Təhsil Nazirliyinə və digər təhsil idarəedicilərinə daha çox məlumat ötürməyə, məlumatları düzgün toplamağa, sistemləşdirməyə, həmin məlumatlar əsasında daha yaxşı qərarlar qəbul etməyə imkan verir. Bu, məsələnin danılmaz həqiqət hissəsidir. Amma 1 milyon 600 min kompüteri qısa zaman ərzində şagirdlərə alıb paylamaq Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”. 

E. Əmrullayev deyib ki, gömrük orqanlarından gələn məlumata görə, Azərbaycan bütün ölkə üzrə il ərzində təxminən 150 min kompüter alır: “Birdən-birə bundan 10 dəfə çox kompüterin alınıb uşaqlara paylanmasını texniki olaraq fikirləşmək lazımdır. Hər bir siyasətdə istənilən məsələ fürsət hədəfləridir. Bu o deməkdir ki, bir məsələni düzəldirsizsə, digər fürsəti qaçırırsız. Bu gün uşaqlara 1 milyon 600 min kompüter alırıqsa, demək, məktəbləri təmir etmək qalır. Bizim resurslarımız məhduddur, bunu başa düşmək lazımdır. Ölkə olaraq Azərbaycan həm koronavirus vaxtında, həm işğaldan azad olunan torpaqların bərpası baxımından kifayət qədər böyük xərclərlə üz-üzədir. Eyni zamanda, təhsil xərcləri də kifayət qədər böyükdür. Düzünü desəm, təhsilin keyfiyyətinə müsbət təsir edən tələblərlə çox da üz-üzə qalmırıq. 1 milyon 600 min kompüteri də alıb insanlara verdikdən sonra onların hansı məzmunla təchiz edilməsi çox vacib sualdır".

21

Bu gün buraxılış imtahanının ilk günüdür

17
(Yenilənib 07:52 22.04.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib

BAKI, 22 aprel — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində keçiriləcək imtahanda 8790 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Xatırladaq ki, 22-23 aprel tarixlərində respublikanın 26 şəhər və rayonunda buraxılış imtahanı keçiriləcək. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 126 imtahan binası, 2055 imtahan zalı, imtahanların idarə olunmasına 126 ümumi imtahan rəhbəri, 340 imtahan rəhbəri, 2548 nəzarətçi-müəllim, 252 buraxılışı rejimi əməkdaşı (mühafizə), 126 bina nümayəndəsi ayrılıb.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

17
Futbolçu, arxiv şəkli

Moskva kinofestivalında gey futbol fanatları haqqında filmin nümayişinə qadağa qoyulub

0
(Yenilənib 21:57 23.04.2021)
"Fanatlar" filmi 2016-cı ildə baş vermiş real hadisələr əsasında lentə alınıb. Həmin vaxt bir-biri ilə yaxın münasibətlərdə olan iki nəfər skinhed futbol fanatı qeyri-standart seksual oriyentasiyalı gəncləri taparaq onlara qarşı zorakılıq törədib.

BAKI, 23 aprel — Sputnik. Moskva beynəlxalq kino festivalında rusiyalı kinorejissor Vsevolod Qalkinin gey ultra-sağ futbol fanatları barədə qısametrajlı filminin nümayişinə səbəb bildirilmədən qadağa qoyulub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, festivalın rəhbərliyi filmi baxışdan səbəbsiz olaraq çıxarıb və rejissora həmin filmin nümayişi üçün başqa yer tapmaq məsləhət görülüb.

"Mən başa düşə bilmirəm ki, festival təşkilatçılarını daha çox nə narahat edir? Filmdə fon şəklində teletəbliğat da var, televiziyada gah Donbasda müharibə barədə, gah da gey-paradlar barədə nə isə göstərirlər. Bu film heç bir qiymətləndirmə cəhdləri olmadan sadəcə həyat haqqındadır", - deyə filmin rejissoru bildirib.

Onun sözlərinə görə, o, filmi festivala göndərərkən heç cavab olacağını da gözləməyib və əsərin qısametrajlı filmlər proqramına daxil edildiyini biləndə xeyli təəccüblənib.

Qeyd edək ki, "Fanatlar" filmi 2016-cı ildə baş vermiş real hadisələr əsasında lentə alınıb. Həmin vaxt bir-biri ilə yaxın münasibətlərdə olan iki nəfər skinhed futbol fanatı qeyri-ənənəvi seksual oriyentasiyalı gəncləri taparaq onlara qarşı zorakılıq törədib.

Filmdə rejissor "kişilik məfhumunun böhranı və dövlət KİV-lərində homofob ritorikanın nəticələrindən" bəhs edir.

Xatırladaq ki, "Fanatlar" filmi Tallində keçirilən PÖFF Shorts festivalında müsabiqədən kənar proqramda nümayiş olunub. Adıçəkilən film "Dublin Independent Film Festival"da ən yaxşı qısamüddətli film, Oslo kino festivalında isə ən yaxşı operator işinə görə mükafatlara iddiaçı seçilib. Bunlardan əlavə, həmin film Kanada, Sloveniya və ABŞ-da da festivalların nominantı olub. "Fanatlar" filmi aprelin 23-də saat 20.00-da Moskvadakı Mərkəzi Kino Evində nümayiş olunmalı idi.

0