Onlayn təhsil, arxiv şəkli

Tətildən sonra onlayn təhsildə dəyişəcək? Nazir vəd verir, ekspertlər isə...

174
"Onlayn təhsilin keyfiyyətli olması ona görə mümkün olmayacaq ki, buna rəvac verən bir sıra problemlər hələ də öz həllini tapmayıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda noyabrın 2-dən etibarən tədris distant üsulla davam etdiriləcək. Təhsil naziri Emin Əmrullayev də keçirdiyi brifinqdə ölkəmizdə hərbi vəziyyəti və koronavirusa yoluxma sayını nəzərə alaraq ən optimal variantın dərslərin onlayn davam etdirilməsi olduğunu bildirib. Nazir tətil müddətində bunun üçün hazırlıq işləri görüldüyünü və onlayn təhsil platfomaların işləməsi üçün testlərin aparıldığını bəyan etsə də hələ də cəmiyyətdə bu məsələyə inamsızlıq var. Çünki indiyədək onlayn təhsillə bağlı hazırlanan platformalar o qədər də ümidləri doğrultmadı.

Sputnik Azərbaycan tətildən sonra Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlərin nə dərəcədə effektiv olacağını araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazir tətildən sonra görülən işlər nəticəsində onlayn təhsilin keyfiyyətinin artacağını vəd etsə də, bu o qədər də inandırıcı deyil: "Onlayn təhsilin keyfiyyətli olması ona görə mümkün olmayacaq ki, buna rəvac verən bir sıra problemlər hələ də öz həllini tapmayıb. Bu gün həm təhsilverənlər, həmçinin də təhsilalanlar arasında müvafiq texniki alətlərə, internetə əlçatanlıq tam təmin olunmayıb. Heç şübhəsiz ki, kompüteri, interneti olmayan müəllimlərin heç də hamısı onlayn dərsi keçməyəcək. Çünki onların çoxunun kompüteri və internetə çıxışı yoxdur. Rayonlarda bu problem daha ciddidir. İkinci məqam isə müəllimlərin sui-istifadə hallarına yol vermə ehtimalıdır. Bu gün onlayn dərs keçən müəllimdən hesabat tələb olunmur. Bundan əlavə, müəllimlərin 37 faizinin yaş həddi 60-ın üzərindədir. Onların çoxunun İKT bacarıqları yoxdur. Yəni bu müəllimlər arasında kompüterdən istifadə edə bilməyənlər az deyil. Bütün bunlarla yanaşı, ölkəmizdə internetin sürəti aşağı, qiyməti isə bahadır".

K.Əsədov deyir ki, nazirin onlayn təhsil platformalarına girişin VPN-siz olmasını əsas gətirməsi çıxış yolu deyil:

"Bu platformalara indi də VPN-siz daxil olmaq mümkündür. Problem həmin platformanın istifadə dilini Azərbaycan dilinə tərcümə etmək də deyil. Məsələ ondan ibarətdir ki, bu gün ölkəmizdə onlayn təhsilə keçid üçün illərlə görülməli olan işlərin heç biri həyata keçirilməyib. Bu səbəbdən də bütün valideynlər boğazlarından kəsib uşaqlarını repetitorların yanına qoyurlar".

Ekspert deyir ki, bu gün virusa yoluxma riski böyük olan ən təhlükəli yerlər kurslar, repetitor hazırlıqlarıdır: "Heç bir müəllim öz maddi mənfəətindən keçib özünü həftədə bir dəfə testdən keçirməyəcək. Bu isə məktəb bağlı olsa da repetitor hazırlıqlarında uşaqların virusa yoluxmasını sürətləndirəcək".

K.Əsədov onlayn platformaların bu gün bəzi fənləri keyfiyyətli tədris etməyə imkan vermədiyini söyləyir. Onun sözlərinə görə, heç bir məllimin evində kimya, fizika fənlərini tədris etmək üçün laboratoriya yoxdur: "Üstəlik, dərsliklərdə yazılanları müəllimlərin izahı olmadan şagirdin anlaması çox çətindir. Kitablar elə dildə yazılıb ki, onu şagird oxumaqla başa düşə bilməyəcək. Bütün bunlara rəğmən nazirlik buraxılış imtahanlarının keçiriləcəyini söyləyir. Halbuki, bu gün Azərbaycan təhsilinin heç bir uğurunun arxasında Təhsil Nazirliyi, məktəblərin verdiyi təhsil dayanmır. Nazir şagirdlərə planşet paylanmasının onlayn təhsilə əlçatanlığı təmin etməyəcəyi fikrindədir. Amma artıq Türkiyə pandemiyadan əvvəl 70 min şagirdinə planşet verib. Azərbaycanın Təhsil Nazirliyi isə hələ də yumşaq mebel almaq üçün tenderlər keçirir".

Qeyd edək ki, "Virtual Məktəb" şagirdlərin ən çox yararlandığı platforma olsa da, hələ də burada qeydiyyatdan keçə bilməyən, onlayn təhsil ala bilməyən şagirdlər var. Şagirdlərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bəzən "Virtual Məktəb"də siniflər qarışır. Şagirdlər müəllimlərini tapa bilmirlər. Bu isə dərsin keçirilməsinə mane olur.

Təhsil Nazirliyi: Noyabrın 2-dən dərslər distant formada davam etdiriləcək>>

Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Virtual məktəb"lə bağlı bir sıra çətinliklər həll olunub: "Bu platformadan istifadə bəzən şagird və müəllimlərin dil biliyi ilə bağlı olurdu. Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər. Həmçinin təhsilalan və təhsilverən olmayan vətəndaş "Teams" proqramından qeydiyyatdan keçə bilməyəcək".

Fidan Nəcəfova deyir ki, onlayn sistemdə siniflərin qarışması, müəllimlərin görünməməsi isə direktorların İKT biliklərinin az olması ilə bağlıdır:

"Respublika üzrə qeydiyyatdan keçmiş direktorlar səhifələrində öz məktəblərinin bütün siniflərini görə bilirlər. Bu, yeni tədris ilində yenilikdir ki, direktor 1-ci sinifdən tutmuş yuxarı siniflərə qədər istədiyi dərsə daxil olub baxa və davamiyyətini yoxlaya bilər. Bu yenilik əsasında direktorlar öz profillərində dərs dedikləri bütün sinifləri görürlər".

O ki qaldı "Virtual Məktəb"də dərslərə müəllimlərin necə daxil olmasına, Nəcəfova bildirir ki, direktorlarda cədvəl var və o cədvəl üzrə müəllimlər həmin qruplara daxil edilməlidirlər: "Əgər hər-hansı müəllimin profilində sinif görülmürsə, deməli, direktor müəllimi əlavə etməyib. Bakı məktəblərində həddən çox sinif olur ki, direktor siniflərə müəllimləri əlavə etməyə vaxt çatdırmır. Bu zaman bu işi müavinlər də edə bilərlər".

F.Nəcəfova bu problemlərin aradan qaldırılması üçün vebinarlar keçirildiyini söyləyib.

Xatırladaq ki, oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar qəbul edilib. Qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

174
Teqlər:
VPN, təhsil naziri, Azərbaycan, internet, planşet, məktəb, onlayn, tətil
Əlaqədar
Dağlıq Qarabağ və ətraf rayonlardakı məktəbdənkənar təhsil müəssisələrinin sayı barədə
Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"
Müharibə və pandemiya fonunda Azərbaycan təhsili: indi A planı işləyir
Təhsil Nazirliyi məktəb direktorlarına töhmət verdi
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Distant təhsil, arxiv şəkli

Distant təhsilə yaşıl işıq - Universitetlər xərcə düşəcək, amma daha çox qazanacaq

694
(Yenilənib 17:26 21.04.2021)
"Azərbaycan universitetlərinin distant təhsil verməsi böyük maliyyə vəsaiti tələb etsə də, bütün ali təhsil ocaqlarında distant təhsil mərkəzləri qurulmalıdır" - ekspert.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Azərbaycanda distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək. Bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formalarına əyani təhsil, qiyabi təhsil, distant, sərbəst təhsil daxil olacaq. Distant təhsil təhsilin rezidentura və doktorantura səviyyəsindən başqa bütün pillələrində mümkün olacaq.

Sputnik Azərbaycan ali təhsil müəssisələrində distant təhsilin tətbiqi üçün hansı işlərin görülməli olduğunu araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunun 13-cü maddəsində təhsil alma formalarından biri kimi distant təhsil var. Onun sözlərinə görə, bu qanun əsas verir ki, əyani və qiyabi təhsillə yanaşı distant formada alətlər tətbiq etməklə tədris həyata keçirilsin:

"Sadəcə 12 il ərzində bunun hüquqi bazası, texnologiyası, qiymətləndirmə meyarları hazırlanmamışdı. Amma biz 2020-ci ildə pandemiya səbəbindən məcburi olaraq təhsilin bu formasına keçdik. Məlum oldu ki, bunda hüquqi boşluq var. Digər tərəfdən uzun illər xaricdə distant təhsil alanlar var ki, onların diplomları tanınmır."

K.Əsədov bildirir ki, problemin əsas mahiyyəti məsafədən təhsilin hansı alətlərlə həyata keçirilməsidir. Onun sözlərinə görə, hazırda təhsil müəssisələri "Microsoft Teams" proqramından istifadə edir: "Bu proqramda hər şəxsin şəxsi kabineti vasitəsilə onun nə qədər dərs dinlədiyi, dərs yükü ilə bağlı informasiyanın alınması mümkündür. Amma indiyədək bizim belə bir platformadan xəbərimiz yox idi. Baxmayaraq ki, dünya ölkələri 30 ildən çoxdur ki, bu tipli formatda tədrisi tətbiq edirlər".

K.Əsədov deyir ki, distant təhsil təhsilin əlçatanlığını təmin edir: "Elə şəxslər var ki, maddi durumuna, səhhətinə görə digər yerlərə təhsil almağa gedə bilmirdilər. Distant təhsil yaşayış yerini tərk etmədən təhsil almaq imkanı yaradacaq. Elə insanlar var ki, ailə vəziyyəti, işi ilə bağlı ali təhsil müəssisələrinə gedə bilmirlər. Distant təhsil onlara ali təhsil almaq imkanı yaradacaq. Bu da nəticədə ixtisaslı kadrların, ali təhsil alanların sayını artıracaq".

Bununla belə ekspert bildirir ki, distant təhsili təşkil edən zaman özümüzün platforması olmalıdır. Onun sözlərinə görə, Türkiyədə 260 universitetin hər birinin şəxsi platforması var. Amma Azərbaycanda belə ali təhsil ocaqlarının sayı barmaqla sayılacaq qədər azdır: "Ölkəmizdə 52 universitet, yüzlərlə peşə təhsil müəssisəsi bir platformadan istifadə edir. Hansı universitetlərin ki, məlumat bazası var, distant təhsil onlarda təşkil oluna bilər. Bu gün Azərbaycanda özünün platforması olan bir neçə universitet var. Bizim özümüzün resursu olmalıdır ki, kənar müdaxilə olmasın. Distant təhsilin tanınması vacibdir".

K.Əsədov deyir ki, distant təhsil bütün ixtisaslarda tətbiq oluna bilməz. O qeyd edir ki, tibb və pedoqoji ixtisaslarda distant təhsil mümkün deyil. K.Əsədovun sözlərinə görə, bu ixtisaslar üçün individual təhsil olmalıdır.

Həmsöhbətimiz deyir ki, Azərbaycanda 182 min tələbə təhsil alır. Amma Türkiyədə distant təhsil verən universitet var ki, 100 mindən çox tələbəsi var.

Ekspertin sözlərinə görə, distant təhsil xaricdən tələbə axınına səbəb olur: "Distant təhsil ucuz başa gəldiyi üçün universitetin xərclərini azaldıb gəlirlərini artırır. Universitetlər bir dəfə platforma üçün pul xərcləyəcək. Bu gün ölkəmizdə ali təhsil müəssisələrindən beşi distant təhsilə hazırdır. Yerdə qalanlarında isə distant təhsil aləti yoxdur".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsi hazırlansa da, komitədə müzakirəyə çıxarılmayıb. Amma deputat bildirir ki, distant təhsillə bağlı məsələ yeni hazırlanan "Ali təhsil haqqında" qanuna salınıb: "Bununla belə distant təhsilin hansı formada olacağı, əsas hüquqi tərəfləri üzərində müzakirələr gedir. Distant təhsil həm anlayış, həmçinin də xüsusi maddə kimi qanuna əlavə edilib".

Millət vəkili deyir ki, distant təhsil dövrün tələbinə çevrilib, geniş vüsət alıb:

"Düşünürəm ki, postpandemiya dövründə distant təhsil təhsilin fasiləsizliyini ehtiva etdiyi kimi, təhsil forması kimi tətbiq olunacaq. Ötən əsrin 80-ci illərində distant təhsil Avropa ölkələrində tətbiq olunub. Elə universitet var ki, milyona yaxın dinləyiciləri var. Azərbaycan universitetlərinin  distant təhsil verməsi böyük maliyyə vəsaiti tələb etsə də, bütün ali təhsil ocaqlarında distant təhsil mərkəzləri qurulmalıdır".

Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanda distant təhsil mərkəzinin fəaliyyət göstərdiyi ali təhsil müəssisələrindən biri UNEC-dir. "UNEC Extern"də 6 tədris studiyası, 12 inzibati və bir müzakirə otağı mövcuddur. Mərkəz bir studiyadan eyni anda 1000 tələbəyə, gün ərzində isə 20.000 tələbəyə peşəkar müəllimlər tərəfindən distant təhsil vermək imkanına malikdir. "UNEC Extern" mərkəzi ən müasir texniki avadanlıqlarla təchiz olunub. "UNEC Extern"də auditoriyalar studiyalar adlanır, burada müəllimlər müəyyən cihazların və "ağıllı lövhə"nin köməyi ilə mövzunu izah edir, tələbələr müxtəlif məkanlarda müəllimə qulaq asır. Ölkəmizdə distant təhsilə əlçatanlıq ADA, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocaqlarında da təmin olunub.

694
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Nazirdən məktəbəqədər təhsillə bağlı paylaşım

12
(Yenilənib 17:45 20.04.2021)
Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb.

BAKI, 20 aprel — Sputnik. Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında məlumat verib.

Xəbərdə qeyd edilir ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

12
Teqlər:
paylaşım, nazir, məktəbəqədər təhsil
Mazda CX-30

"Mazda" şirkəti CX-30 modelini elektromobilə çevirib

0
(Yenilənib 23:03 21.04.2021)
Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına ilin ikinci yarısında başlanacaq.

BAKI, 21 aprel — Sputnik. "Mazda" şirkəti Şanxaydakı avtomobil sərgisində CX-30 modelinin elektrik mühərrikli variantını - CX-30 EV versiyasını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, daxili yanma mühərriki əvəzinə e-SkyActiv tipli elektrik mühərriki ilə təchiz olunmuş yeni model tanınmış yapon markasının Çin bazarına təqdim olunmuş ilk elektrokarıdır.

Elektrik mühərrikli CX-30 şirkətin ilk kütləvi istehsal olunan Mazda MX-30 elektrokarı ilə eyni SVA (SkyActiv Vehicle Architecture) platforması əsasında qurulub. Hələ ki şirkət "yaşıl" krossoverin mühərriki barədə məlumatı açıqlamayıb. Lakin yəqin ki, onda da MX-30 modeli ilə yeni mühərrikdən istifadə olunacaq.

143 at gücündə olan elektrik mühərriki həcmi 35,5 kilovatt/saat olan və həm sabit, həm də dəyişən cərəyan şəbəkəsindən doldurula bilən litium-ion batareyasından qidalanır.

Lakin bu batareya birbaşa cəmi 200 km məsafə qət etmək üçün bəs edir. "Mazda"nın mütəxəssisləri avtomobili qəsdən kiçik batareya ilə təchiz etdiklərini bildiriblər. Belə ki, daha iri batareyalar ətraf mühitə ciddi ziyan vurur.

Qeyd olunur ki, yeni CX-30 EV öz yanacaqla işləyən sələfindən təkcə mühərriki ilə fərqlənmir. Belə ki, krossoverin zahiri görünüşündə də dəyişikliklər baş verib. Avtomobilin banı bir qədər daha hündürdə durur, qabaq bamperdə əlavə "dodaq", ayaqaltılar və təkər kəsiklərinin daha da relyefli olması krossoveri bir az da cazibədar edir.

Mazda CX-30 EV bu şirkətin Çin bazarna təklif olunan ilk elektrokarıdır. Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına isə cari ilin ikinci yarısında başlanacaq.

0