Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində, arxiv şəkli

Müharibə pandemiya fonunda Azərbaycan təhsili: indi A planı işləyir

158
(Yenilənib 23:55 15.10.2020)
Ekspert hesab edir ki, insanların bir qismi telekanallardan, internetdən dərs öyrənməyə alışıblar. Buna görə də internetə çoxlu məzmunlar yerləşdirilməli və telekanallarda çoxlu dərslər olmalıdır ki, şagirdlər nəsə öyrənə bilsinlər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. 2020-ci il Azərbaycanda təhsil üçün demək olar ki, çox çətin il oldu. İlin ilk aylarında koronavirus pandemiyasının yayılması ilə mart ayının 3-dən ənənəvi tədris dayandırıldı, məktəblilərə teledərs, virtual məktəb və ya onlayn dərslərdən istifadə etmək təklif edildi.

Sentyabrın 27-dən isə müharibə şəraiti ilə əlaqədar olaraq ölkədə internetin verilməsində məhdudiyyətlər yarandı.

Pandemiya və müharibə dövrü yaşayırıq. Bəs gələcəyimiz hesab edilən uşaqların təhsili necə olacaq? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 2020-ci il Azərbaycan təhsili üçün ağır il olsa da, ancaq peşəkar təhsil idarəediciləri üçün o qədər də çətin olmamalı idi: "Çox təəssüf ki, Azərbaycan təhsili özünü normal şərt və normal qaydalarda mövcud olma prinsiplərinə uyğunlaşdırıb. Fövqəladə vəziyyət və müharibə şəraiti ilə bağlı bizim hər hansı bir planımız yoxdur. Təhsil ancaq A planı üzrə işləyir. Biz hər hansı bir bədbəxt hadisə baş verəndə və yaxud tədrisin normal qaydalarda həyata keçirilməsi mümkün olmadıqda tədrisi həyata keçirməmək üçün planlar hazırlamamışıq".

O qeyd edib ki, bir sıra qanunlar, o cümlədən təhsil haqqında qanunlar qəbul edilməsinə baxmayaraq, problemli və böhranlı vəziyyətdə tədrisin idarə edilməsi ilə bağlı planlar yoxdur.

"Martın 3-də koronavirus pandemiyasına görə tədris müəssisələri bağlandı, tədris dayandı və təəssüf ki, bizim üçün normal tədrisin axarı davam etmədi. Biz distant - məsafədən təhsilə başladıq. Ancaq regionlarda internetin əlçatanlığı ürəkaçan deyildi. Həmin şərtlərlə belə tədrisi həyata keçirmək mümkün idi. Sentyabrın 27-dən isə biz yeni bir dövrə qədəm qoymuşuq", - deyən ekspert vurğulayıb ki, indi Azərbaycan təkcə pandemiya ilə deyil, erməni işğalçıları ilə mübarizə aparır.

Müharibə şəraiti ilə əlaqədar ölkədə internetin verilməsində problemlər olduğunu dilə gətirən ekspert bildirir ki, şagirdlər Bakı, Abşeron və Sumqayıtda 3 gün məktəbə getməli, digər iki günü isə onlayn dərs keçməlidirlər. Ancaq internetin verilməməsi ilə bağlı onlayn dərs keçmək mümkün deyil.

Bəzi valideynlərin isə iltizam yazaraq, pandemiyaya görə övladlarını dərsə də qoymadıqlarını xatırladan K.Əsədov deyir ki, onlar distant təhsil də ala bilmirlər: "Bu zaman uşaqlar ancaq teledərslərə baxmalıdırlar. Teledərslər isə siniflər üçün həftədə cəmi iki dəfə keçirilir. Digər variant isə uşaqlarda olan dərsliklərdir".

Ekspertin fikrincə, bu vəziyyətdən çıxış yolu teledərslərin artırılmasıdır. Hər gün bütün siniflər üzrə teledərslər keçirilməlidir.

Ali təhsil müəssisələrinə gəldikdə isə, o qeyd edib ki, ali təhsil müəssisələrində pandemiya ilə bağlı ənənəvi təhsil onlayn təhsillə əvəz edilib. Hazırda onlayn dərslərin də keçirilməsi mümkün deyil. Ali təhsil müəssisələrində problemi həll etmək üçün dərslərin keçirilməsinə müvəqqəti olaraq fasilə verməyin vacib olduğunu bildirən ekspert deyir ki, 2020/2021-ci tədris ilinin başlama və bitmə vaxtları, semestrarası tətil və s. digər vaxtlar dəyişdirilməlidir.

"Biz mütləq şəkildə tədris ilini dəyişməyə məcburuq. Burada tətilin və dərs müddətlərinin vaxtı dəyişdirilməlidir. Ali təhsil müəssisələri ən azından xüsusi fənlər üzrə (ali təhsil müəssisələrinin ümumi keçdiyi fənlər var – tarix-nitq mədəniyyəti və s.) ümumi mərkəz olmalı, tələbələr üçün teledərslər keçirilməli və tələbələrə bu biliklər çatdırılmalıdır", - deyə o bildirib.

K.Əsədovun sözlərinə görə, indiki halda tədrisin əlçatanlığı təmin edilmir. Tədrisin axarlılığı yoxdur. O hesab edir ki, ali təhsil müəssisələri üçün ümumi dərslərin teledərs, radio və ya digər vasitələrlə keçirilməsi lazımdır.

"Mütləq şəkildə ali təhsil müəssisələrində tətil elan edilməli, internetin normal verilməsi bərpa ediləndən sonra dərslər bərpa edilməlidir. Digər təklif isə orta məktəblər kimi ali məktəblərdə də dərslərin müəyyən formada bərpa edilməsidir", - deyə Əsədov əlavə edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövcud vəziyyətlə əlaqədar uşaqlara kömək edilməlidir. Belə ki, telekanallarda olan kontentlərin sayını artırmaq lazımdır: "Şagirdlər valideynləri tərəfindən dəstəklənməlidirlər. Yeni bir teledərs kanalının yaradılması gündəmdə olmalıdır. Həmin telekanalda bütün gün dərslər keçirilməlidir".

Ekspert bildirir ki, hazırda ölkədə olan müharibə gərginliyinə görə 1000-dən çox məktəbdə dərslər dayandırılıb.

"Belə hesab edirəm ki, vəsait ayrılmalı, videokontentlər, dərs məzmunları hazırlanmalıdır. Həmin kontentlər daha vizual, daha əyani – yəni bir müəllimin lövhə qarşısında dərs izah etməsi kimi deyil, animasiya xarakterli, şagirdlərin gözünə xoş gələn, mücərrəd məsələləri izah edən mövzulardan ibarət olmalıdır. Bununla da tədris boşluğu qapana bilər".

Ekspert hesab edir ki, insanların bir qismi telekanallardan, internetdən dərs öyrənməyə alışıblar. Buna görə də internetə çoxlu məzmunlar yerləşdirilməli və telekanallarda çoxlu dərslər olmalıdır ki, şagirdlər nəsə öyrənə bilsin.

158
Əlaqədar
Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı
Teledərslər həftədə iki dəfə effekt vermir, alternativi də yoxdur
Bəzi şagirdlərin əyani dərs saatları artırılıb
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

29
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

29
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

23
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

23
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

0
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

0
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq