Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanda internetin məhdudlaşdırılması onlayn təhsili mümkünsüz etdiyindən evdən təhsil alan şagirdlərin ümidi teledərslərə qalıb. Valideynlər isə teledərslərin hər sinif üçün iki gün yayımlanmasının şagirdlərin dərs proqramını mənimsəməsi üçün yetərli olmadığından şikayətlənirlər.
Övladı şagird olan valideyn Elmira Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 7-ci sinif üzrə teledərslər həftədə iki dəfə yayımlanır. İki gün bir saat yayımlanan teledərslər isə fənnlər üzrə keçirilən dərsləri tam əhatə etmir. Valideynin sözlərinə görə, teledərslər zamanı bir saat ərzində bir neçə dərsin proqramı sıxışdırılaraq keçirilir ki, bu da şagirdlərin həmin dərsləri tam mənimsəməməsinə, proqramdan geri qalmasına səbəb olur.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında valideynlərin narazılığının haqlı olduğunu söyləyib. O bildirib ki, təhsilin əlçatanlığı üçün alternativ təhsilvermə formatları tətbiq edilməlidir: "Pandemiya səbəbindən mart ayından ənənəvi təhsilin dayandırılması vacib oldu. Həmin vaxt təcili olaraq alternativ təhsilvermə forması kimi teledərslərin keçirilməsi mütləq idi. Teledərslər dünya təcrübəsində olduğu kimi fərqli kanallarda həyata keçirilir.
Təhsil Nazirliyinin isə televiziyası var. Amma hansısa kanalın yerinə Təhsil TV-yə tezlik verilməsi mümkün olardı. Türkiyədə tədrislə bağlı 12 televiziya var. Biz təklif etmişdik ki, Azərbaycanda təhsil televiziyası açılmalı, bütün cədvəllər üzrə gündəlik dərslər yayımlanmalıdır. Bunun digər variantı da olmalı idi.
Hər sinif üzrə 9-11 fənn tədris olunur. Orta ümumtəhsil məktəblərinin 1 və 11-ci sinflərinə ən yaxşı halda 12-yə yaxın fənn tədris olunur. Biz isə bu dərsləri gün ərzində 4-5 saat müvəqqəti keçirik. Bu əlbəttə ki, effektiv olmayacaq. Əksinə, şagirdləri ortada dolaşıq salacaq. Pandemiya yeni başlayanda teledərslərin bu formada keçirilməsini haradasa başa düşmək olardı. Amma artıq köhnə qaydaları tətbiq etmək olmaz. Azərbaycanda elə televiziyalar var ki, baxan yoxdur. Onun bazasında və yeni bazada telekanal açaraq təhsilə həsr etmək mümkündür. Həmin telekanalın maliyyələşməsi elə də ciddi problem olmaz. Təhsilə ildə 3 milyard vəsait ayrılır. İnternetin olmadığı dövrdə 24 saat fəaliyyət göstərən təhsil televiziyasına ehtiyac var. Hazırda dərslərlə bağlı bütün məsuliyyət valideynlərin üzərinə düşüb. İmkanı olanlar çıxış yolunu repetitora müraciət etməkdə görür. Bu gün Azərbaycan şagirdləri təhsildən kənarda qalıblar. Mütləq buna bir çıxış yolu tapılmalıdır ki, təhsil harada yaşamasından asılı olmayaraq hər şagird üçün əlçatan olsun".
Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir gündə 7-8 saat efir teledərslərə görə məşğul edilir: "Məsələ bizim dərsləri keçmək istəməmizdə deyil. Sadəcə siniflərin və fənlərin sayının çoxluğu imkan vermir ki, bir fənnə bir saatdan artıq vaxt ayıraq. Biz əsasən ağırlığı ibtidai siniflərə vermişik. Yuxarı siniflərdə heç cür çatdıra bilmədiyimizdən hər sinfə yalnız fənn üzrə bir dərs ayırırıq. İki gün də məhz buradan əmələ gəlir ki, onları da iki günə yığmışıq. Əgər istək ondan ibarətdirsə ki, biz onları parçalayıb fənlərlə başqa-başqa günlərə keçirək, bu məsələyə baxmaq olar. Amma bir saatdan artıq bir fəndən dərs keçməyimiz çətindir. Çünki bunu yayımlamağa efir vaxtı yoxdur. Teledərslər sıxışdırılmış proqramla hazırlanır. Məsələn, həftədə 3 saat riyaziyyat dərsi varsa, teledərslərdə bu saatlar bir dərsə sığışdırılıb. Nəzərə almaq lazımdır ki, teledərslərdə ümumən dərsin hamısı əhatə olunmur. Şagirdin anlaşılmayan çətinlik çəkəcəyi məsələlər keçirilir. Bütün dərsləri keçməyə efir vaxtı yoxdur".
Nəzakət Mehdiyeva bildirir ki, teledərslər 11 sinif və 2 bölmə üzrə hazırlanır və "Mədəniyyət" kanalı vasitəsilə həftəiçi hər gün 35 dərsə qədər yayımlanır. N.Mehdiyeva da təsdiqləyir ki, teledərslər məktəbdə olan əyani dərslərə dəstək üçün nəzərdə tutulub və şagirdlərin çətinlik çəkdiyi məsələlər üzrə təşkil olunur:
"Televiziyanın öz efir vaxtından hər gün 7 saat "Dərs vaxtı"na ayırması nəzərdə tutulan ən uzun zaman müddətidir. Onu da qeyd edək ki, məktəblərdə üz-üzə dərslərin təşkili prosesində epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Bu günə qədər birbaşa məktəbdə yoluxma hallarının olmaması burada epidemioloji vəziyyətin normal olduğundan xəbər verir və şagirdlərin həftədə 3 dəfə üz-üzə dərslərdə iştirak etməsi onların zəruri biliklərə yiyələnməsi üçün vacib olan imkanı yaradır. Teledərslər isə şagirdlərin öyrənməsinə dəstək olaraq nəzərdə tutulur".
Qeyd edək ki, oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər. Amma N.Mehdiyeva bunun teledərslərə aidiyyatının olmadığını söyləyir: "Teledərslərin artırılması mümkün deyil. Artırılan məktəb saatlarıdır. Biz bacardığımızı etmişik. Bundan artıq etməyə efir vasitəsilə imkan yoxdur!"
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.
Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.
Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".
Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".
N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.
Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir.
BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.