İlham Əliyev - Əgər müharibə şəraitində olmasaydıq, təhsil xərcləri birinci yerdə olardı

39
(Yenilənib 09:50 15.09.2020)
"Təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir"

BAKI, 15 sentyabr — Sputnik. "Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyilir.

Müəllim, tələbə və şagirdlər yeni dərs ili münasibətilə təbrik edən dövlət başçısı pandemiya dövrü ilə əlaqədar olaraq yeni dərs ilinin yeni formatda təşkil ediləcəyini bildirib: "Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.

Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir".

"Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur.

Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir", - İlham Əliyev bildirib.

Prezident bu il, eyni zamanda, ali məktəblərə ayrılan diqqət haqda da danışıb: "İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir.

Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.

Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.

Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.

Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.

Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram".

39
Teqlər:
müraciət, Prezident İlham Əliyev, şagirdlər, tələbələr, müəllimlər, Bilik Günü, Azərbaycan, təhsil, məktəb
Venera planeti (solda qara nöqtə formasında) Günəşin qarşısından keçir, arxiv şəkli

Venera planetində həyat var?!

4
Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.

BAKI, 20 sentyabr — Sputnik. İngiltərə və ABŞ alimləri Veneranın atmosfer tərkibini analiz edərək, bioloji mənşəli olduğu ehtimal edilən element tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, söhbət fosfin elementindən gedir.

Versiyaya görə, fosfin müəyyən orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələ bilər. Bunun doğru olub-olmaması hələ məlum deyil. Ancaq Venerada tədqiqatçıların əvvəllər düşünmədikləri mürəkkəb kimyəvi proseslərin getdiyi göz qabağındadır.

Bu kəşf ALMA rəsədxanası (Çili) və James Clark Maxvell infraqırmızı teleskopu (Havay) ilə edilib. Alimlər hələ illər əvvəl Venerada həyatın mümkünsüz olduğuna inanırdılar. Çünki ora çox isti idi və hava zəhərli maddələrlə dolmuşdu. Ancaq son illərdə bu planetdə mikroorqanizmlərin koloniyalarının əmələ gələ biləcəyi deyilən bir neçə tədqiqat həyata keçirilib.

Bununla da elm adamları naməlum canlıları təsvir edə biliblər. Belə ki, bu canlılar yaşamaq üçün yüksəklikdə qalmalı və xüsusi bir metabolizma növü istifadə etməlidirlər.

4
 Distant təhsil, arxiv şəkli

Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ həllini tapmayıb

1200
(Yenilənib 10:19 17.09.2020)
Hər kəsin distant təhsilin çətinliyi - smartfon, planşet, kompüter və internet qıtlığından şikayət etdiyi ərəfədə NRYTN maraqlı açıqlama verib: "Evdə oturan şagirdlərin və tələbələrin izlədiyi onlayn videokonfranslar bütün trafikin təxminən 70%-ni təşkil edir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Yeni tədris mövsümü ölkədə həm valideynlərin, həm müəllimlərin narazılıqlarıyla başladı. İlk iki gündən məlum oldu ki, məktəblərin bağlı olduğu müddət ərzində, demək olar ki, heç nə dəyişməyib - təsəvvür edin, informatika müəllimi onlayn dərsə qoşula bilmirsə, əlində qadcetləri olsa belə, interneti olmayanlar nə etsinlər? 

Çarəsiz dərd yoxdur deyib, distant təhsilin formal olmaması, keyfiyyətliliyi və əlçatanlığı üçün cari tədris ilində hansı paketlərin hazırlanmalı olduğunu mütəxəssislərdən soruşduq.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açqlamasında tədris mövsümü başladığından təkliflər üçün gecikdiyimizi bildirib. O, regionlardan əldə etdiyi məlumatlara əsasən hesab edir ki, həm internet, həm də avadanlıqlarla təminat və müəllimlərin hazırlığı baxımdan distant təhsillə bağlı vəziyyət ürəkaçan deyil. Vəziyyətin yaxşılığa doğru düzəlməsi üçün ekspertin təklifləri var: "Hökumət Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyini bir araya gətirərək bir sürətli keçid planı hazırlamalıdır. Kəndlərdəki vəziyyət çox ciddidir, bunu böhran kimi də dəyərləndirmək olar. Yəni necə etməliyik ki, təhsil bu böhran durumundan çıxsın?! Çünki kəndlərdə 2G, 3G, ya da 4G yoxdur. Nazirliyin əlində internetin durumu ilə bağlı rəqəmlər var. Bu rəqəmlərdə hansı məktəbin ərazisində vəziyyətin necə olduğu bəllidir. Bunun üçün düşünürəm ki, ilk olaraq mobil operatorlarla əlaqə qurularaq güzəştli paketlər yaradılmalıdır, məktəblərdəki kompüter və avadanlıqlar şagirdlərə verilə bilər. Bundan başqa, hökumət özü büdcədən aztəminatlı hissə, həssas ailələr üçün vəsait ayıraraq kompüter, planşet verməlidir. Əhalinin digər təbəqəsi üçün də müəyyən addımlar atmaq olar".

"Distant təhsillə əlaqədar olaraq bu gün valideyn mağazalara baş çəkərək övladına kompüter, planşet almaq istəyir. Digər tərəfdən isə Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən, valideynlər 20 sentyabrdan şəxsi məqsəd üçün bu cür avadanlıqları xaricdən gətirə bilməyəcəklər. Bunun üçün gömrük rüsumu artacaq. Bu səbəbdən hesab edirəm ki, NK-nın 305 saylı qərarının icrası dayandırılmalı və ona yenidən baxılmalıdır. Bu qərarın ləğvi bizim bazarda 2-3 dəfə baha olan belə avadanlıqların xaricdən alınaraq gətirilməsində valideynlərə kömək ola bilər. Bütün bunlar təcili atılmalı addımlardır", - deyə ekspert bildirib.

Perspektivlərdən danışdıqda isə, o hesab edir ki, NRYTN regionlar və kəndlərin də internetləşməsi, optik internetin çəkilməsi üçün hökumətə proqram təqdim etməlidir: "Bu proqramın da arxasında böyük bir büdcə dayanmalıdır. Yəni bu artıq iki nazirliyin görəcəyi iş deyil. Ümumiyyətlə, xarici ölkələrdə distant təhsilin təşkilinə baxdıqda bizim ölkədə bu təhsili qüsurlu hesab edirəm. Hər şey Təhsil Nazirliyinin üzərinə qoyulur, hansı ki, bu nazirliyin resursları yoxdur".

Millət vəkili Fazil Mustafa Nazirlər Kabinetinin haqqında danışılan qərarının ləğvinin tərəfdarıdır: "Osman Gündüzün Nazirlər Kabinetinin 305 saylı qərarıın ləğvi ilə bağlı səsləndirdiyi fikirlə razıyam. Bu qərar təcili dayandırılmalıdır. O, təhsilə mane olacaq bir şəkil almamalıdır. Vətəndaş övladını oxutmaq üçün mütləq şəkildə kompüterdən istifadə etməlidir. Təhsilə zərbə vurmaq olmaz. Bu səbəbdən belə hesab edirəm ki, bütün bunlar nəzərə alınaraq təhsilin inkişafında rol oynayan elektronik məhsullara olan qadağalar təcili götürülməlidir". 

"Milli Məclis fəaliyyətə başladıqdan sonra bu məsələ müzakirə oluna bilərmi?" sualına cavab olaraq F.Mustafa bildirib ki, bu mümkündür: "Lakin bunadək hələlik Nazirlər Kabineti özü bu qərara yenidən baxmalıdır. Çünki kompüterə əlçatanlıq olmasa, təhsilalma imkanları çox bərbad vəziyyətdə olacaq".

Millət vəkili distant təhsilin vəziyyətindən də danışıb və Azərbaycan təhsil sistemi üçün yeni olan bu modelin vəziyyətinin ürəkaçan olmadığını bildirib: "İlk olaraq internet lazımi səviyyədə olmalıdır. Çox yerdə internet keyfiyyətli deyil və bu istiqamətdə problemlər var. Bu səbəbdən bu kimi məsələlərdə öncə keyfiyyətli xidməti təşkil etmək lazımdır, daha sonra isə distant təhsilin mümkünlüyü barədə danışmaq olar".

"Qeyd edim ki, bir sıra universitetlərdə bu istiqamətlərdə müəyyən işlər görülüb. Digərlərində, məktəblərdə belə bu işlər formal xarakter daşıyır. 10-15 il öncə kompüterləşmə dedikdə xarab olmuş kompüterlərlə məktəbləri doldurub, bununla da guya məktəblərin kompüterləşməsi problemini həll etdik deyə özümüzü aldatdığımız üçün bu gün belə əziyyət çəkməli oluruq. Yəni problem daha çox elə buradan qaynaqlanır. Hər halda hökumət tərəfindən təcili olaraq bu istiqamətdə addımlar atılmalıdır. Çünki distant təhsil günün reallığına çevrilib, bunu gecikdirsək, şəxslərin təhsildən uzaq düşməsinə şərait yaranmış olacaq".

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında ötənilki vəziyyəti qiymətləndirərək atılması vacib olan addımlardan söz açıb: "Hazırkı dövrdə məktəblərin açılması həqiqətən də böyük riskdir. Nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada distant təhsilə keçidlə bağlı vəziyyət birmənalı deyil. Elə ölkələr var ki, Azərbaycan distant təhsildə onlardan geri qalsa da, bəzi ölkələrlə müqayisədə qısa müddətdə xeyli işlər görülüb. Qeyd edim ki, ən mükəmməl təhsil elə ənənəvi təhsil forması idi. Lakin yeni təhsil modeli hər nə qədər əlçatan olmasa da, biz buna keçməliyik".

"Distant təhsillə bağlı bir çox məsələlər Təhsil Nazirliyinin iradəsindən kənara çıxır. Çünki bu gün Bakının özündə belə internetə çıxışda problemlər olur. Biz İctimai Şura olaraq yaranmış problemlərlə əlaqədar Təhsil Nazirliyinə müraciət etmişik", - deyə ekspert əlavə edib.

"İnternetin əlçatanlığı üçün nə edilməlidir?" sualına cavabında İ.Orucov maraqlı bir təklif irəli sürüb: "Düşünürəm ki, hazırkı dönəmdə müəllimlər üçün internet tamamilə pulsuz olmalıdır. Təhsilalanlar üçün də internet ya pulsuz olmalı, ya da qiymətlərdə ciddi güzəştlər olmalıdır. Pandemiya dövründə tədris alanları təhsilsiz qoymamaq üçün ciddi iradə ortalığa qoyulmalıdır. Eyni zamanda NRYTN, operatorlar da məsuliyyətlərini dərk etməli, qiymətlərdə dəyişiklik etməlidirlər" .

İ.Orucov hesab edir ki, yalnız sadaladığı addımlar atıldıqdan sonra distant təhsillə bağlı vəziyyət yaxşıya doğru dəyişiləcək.

Ümumi vəziyyətin qiymətləndirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət öyrəndik. Bildirildi ki, nazirliyin tabeliyində xidmət göstərən “Baktelecom” pandemiya dövrü ərzində paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Bu dövr ərzində məsafədən iş rejiminin təşkili ilə əlaqədar daha sürətli internet bağlantıları olan ofislərdə istifadə olunan trafik gücləndirilmiş şəbəkə nəzərdə tutulmayan yaşayış yerlərində istifadə edilməyə başladı. Eyni zamanda təhsil müəssisələri bağlandı. Evdə oturan şagirdlərin və tələbələrin izlədiyi onlayn videokonfranslar bütün trafikin təxminən 70%-ni təşkil edir. Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır, rabitə xidmətlərinin göstərilməsinə tələbat yaranır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır. Bütün bunları nəzərə alaraq “Baktelecom”un mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində operativ tədbirlər həyata keçirirlər. Həmçinin, yüklənmələrin qarşısının alınması məqsədilə daşıyıcı şəbəkənin tutumu da artırılır".

Nazirliyin məlumatına görə, ötən illə müqayisədə bu ilin son 9 ayı üzrə “Baktelecom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40% artım müşahidə olunub: "Bakıətrafı ərazilərdə “Evədək optika” layihəsinin icrasını sürətləndirmişik. Əvvəl layihə yalnız köhnə və yeni yaşayış binalarında icra olunurdu. İndi fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir. Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır.

Təbii ki, müraciət sayını nəzərə alaraq telekommunikasiya infrastrukturunun qurulması işləri planlı və operativ qaydada aparılır.  Bundan əlavə, məhdud infrastrukturlu ərazilərdə “Baktelecom” tərəfindən LTE texnologiyası ilə “simsiz rabitə” xidməti təqdim edilir. Bu texnologiya uzun zaman telefon çəkilişi mümkün olmayan ərazilərdə, telefon xətlərindən asılı olmadan telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan yaradır".

Qeyd olunub ki, ötən illə müqayisədə 2020-ci ilin 8 ayında “Aztelekom” MMC üzrə yeni qoşulan istifadəçilərin sayı 30% artıb: "Eyni zamanda göstərilən xidmətlərə olan tələblər də artıb. Onlayn dərslər, seminarlar, iclaslar. Bu da regionlara ötürülən trafikin 40%-dan çox artmasına səbəb olub".

Xidmətlərin dayanıqlığının təmin edilməsi və şəbəkənin ötürülmə qabiliyyətinin artırılması məqsədilə Aztelekom tərəfindən DDDM/ İPMPLS texnologiyaların tətbiqi ilə magistral xətlərin yenidənqurulma layihəsi həyata keçirilirdi. Situasiyanı nəzarə alaraq layihə çərçivəsində görülən işlərin tezləşdirilməsi ilə bağlı qərar qəbul edilib və demək olar ki, artıq quraşdırılan avadanlıq tam istifadəyə verilib. Bu müddət ərzində mövcud şəbəkənin tutumu 36000 port artırılıb. Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində gpon texnologiyanın əsasında FTTH və ya evədək optika layihəsi həyata keçirilir.

Qeyd edək ki, https://www.speedtest.net-in (https://www.speedtest.net/global-index/azerbaijan) cari ilin iyuluna dair hesabatına görə, sabit genişzolaqlı şəbəkə ilə bağlı vəziyyət belə qiymətləndirilib: Endirmə sürəti 21.27 Mbps, Yükləmə sürəti: 22.43 Mbps, Gecikmə: 30 ms.

Mobil operatorlar üzrə vəziyyət belə qiymətləndirilib: Endirmə sürəti: 31.23 Mbps, Yükləmə sürəti: 13.72 Mbps, Gecikmə: 28 ms.

1200
Teqlər:
internet, telefon, planşet, kompüter, İlqar Orucov, Osman Gündüz, Fazil Mustafa, millət vəkili, Distant Təhsil Sistemi, distant, onlayn, təhsil
Əlaqədar
Mindən artıq şagird indi daha keyfiyyətli təhsil alacaq
Kamal Abdulla: Azərbaycanda təkcə rusdilli yox, İndoneziyadilli məktəblər də olmalıdır
Ekspert: “Təhsil alanlar üçün internet tariflərində güzəştlər tətbiq edilməlidir”
İlham Əliyev - Əgər müharibə şəraitində olmasaydıq, təhsil xərcləri birinci yerdə olardı
Şagirdlər arasında oğlanlar qızları yüz min fərqlə üstələdi - Azərbaycanda

Günəş olsa, parkda işıqlar sönməyəcək: Burada axırıncı dəfə işıq sovet dövründə yanıb

41
(Yenilənib 20:25 20.09.2020)
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunan park turistlərin və yerli sakinlərin marağına səbəb olur

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. 

İllərdir turizm şəhəri olan Naftalanda yerləşən Qələbə parkında işıqlandırma sistemi yox idi. Sakinlər burada gündüz rahat gedib dincələ bilirdilərsə, gecə oradan keçmək insanda hünər tələb edirdi. Qaranlığa qərq olan park, bir neçə gündü işıqılığa çıxıb.

Kurort şəhəri olan Naftalan tək nefti ilə deyil, təmiz havası, səliqəli parkları ilə seçilir. Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə turistlərin və yerli sakinlərin diqqətini çəkən pilot layihə həyata keçirilib. Abadlıq-quruculuq işləri çərçivəsində illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb. İşıqlar günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

"Naftalanda turistlərimiz də olur, qonaqlarımız da gəlir. İndiyə qədər parka gecə çıxmaq olmurdu, çünki işıqlar yanmırdı, qaranlıq olurdu. Şükür indi müasir işıqlar qoyulub. Bu işıqlandırma sistemi qənaətlidir. Digər bölgələrdə beləsini görməmişik. Bu yaxşıdır, səliqəli də görünüşü var. Parkın gözəlliyini pozmur, ona daha da yaraşıq verir".

  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Naftalanda maraqlı işıqlar

Şəhər sakini Mahmud Həsənov müasir işıq dirəklərinin çox effektiv olduğunu deyir:

Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər sakini Əbülfət Bayramov hesab edir ki, parkın ərazisindəki işıqlanmanı hamı bəyənir. Çünki bu park axırıncı dəfə sovet dövründə işıqlandırılıb. Sonrakı illərdə isə orada işıq olmayıb:

"Bu gün biz şəhər parkının işıqlandırılmasını çox müsbət qarşılayırıq. Baxırıq ki, müasir işıqdı, günəş şüası ilə işıqlanır. Bu da indiki dövrdə elektrik enerjisinə qənaətdir. Hər halda bizim büdcəmiz üçün xeyir gətirəcək".

Hazırda sözügedən Qələbə parkında 10 ədəd müasir işıq dirəkləri qoyulub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən Naftalanın müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

41
Teqlər:
kurort, park, Naftalan