CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxşı ustanı necə axtarmalı, yaxud sizin peşə təhsiliniz var?!

Abunə olmaq
Zamiq Tahirov: "Peşə təhsilimi başa vurduqdan bir müddət sonra avtomobil şirkətində fəaliyyətə başlamışam. Ümid edirəm ki, yaxında avtomobil sahiblərinin sevimli ustasına çevriləcəyəm".

BAKI, 12 sentyabr — Sputnik. Avtomobili xarab olan yaxşı usta axtarır, özünə ev tikdirmək istəyən də yaxşı bənna. Kim istəyər ki, evə çağırdığı santexnikin quraşdırdığı borular tez bir zamanda sıradan çıxsın? Yaxud televizor təmirdən qısa müddət sonra normal işləməsin? Bu zamanda normal soyuducu, kondisioner, kompüter ustası tapmaq da müşküldür. Əslində usta çoxdur, amma işinin peşəkarı azdır. Çünki onların çoxu işi kiminsə əlinə baxaraq öyrəniblər. Əgər keyfiyyətli peşə təhsili alsaydılar, hər şey başqa cür olardı.

Müsahibimiz Zamiq Tahirov peşə təhsili sayəsində öz ayaqları üstündə duran gənclərimizdən biridir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi məzunlardan olan Zamiq Tahirov "Avtomobil diaqnostikası və təmiri üzrə usta" ixtisasının məzunudur. O, deyir ki, peşə təhsili alması onun karyerasında inkişafa səbəb olub:

"Peşə təhsili almaq seçimim texniki bilik və bacarıqlara yiyələnmək istəyimdən irəli gəlirdi. Həmçinin, çalışdığım sahə üzrə özümü inkişaf etdirmək istəyirdim. Bu məqsədlə Mərkəzə üz tutdum və avtomobil sahəsində ixtisas seçimi etdim. Ümumiyyətlə, Mərkəzə gəlmədən öncə buradakı dərslərin Koreya modelinə əsaslanan proqram əsasında keçiriləcəyi, 60-70% praktiki dərslərə üstünlük veriləcəyi barədə məlumat almışdım. Həqiqətən də burada təhsil aldığım müddətdə bunun şahidi oldum. Zənnimcə, dünya standartlarına uyğun şəraiti olan Mərkəzdə təhsil almağım, yeni texniki avadanlıqlarla tanışlığım və istifadə imkanım, peşəkar kollektivin nümayəndəsinə çevrilməyim buradan qazandıqlarımdır".

Zamiq Mərkəzdəki təhsilini başa vurduqdan bir müddət sonra avtomobil şirkətində fəaliyyətə başlayıb. Hazırda burada "Avtomobil diaqnostikası və təmiri üzrə təcrübəçi" kimi fəaliyyət göstərir. Hesab edir ki, bu işi başqalarından daha yaxşı bacarır. Çünki o, bu işin necə deyərlər, fəlsəfəsini bilir.

"Peşə məktəbində qazandığım nəzəri və tətbiqi biliklər işdə üzümü ağ edir. Təcrübəmi artırandan sonra avtomobil sahiblərinin ən çox tələb olunan və sevimli ustasına çevriləcəyimə əminəm", - deyə Zamiq Tahirov bildirib.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0