Dövlət İmtahan Mərkəzinin binası

II III qrup üzrə qəbul imtahanının nəticələri açıqlanıb

61
(Yenilənib 23:31 28.08.2020)
Bir illik fasilədən sonra Azərbaycanda növbəri dəfə maksimum - 700 bal toplanıldı. II ixtisas qrupu imtahan verən Binəqədi rayonu 276 saylı məktəbin məzunu imtahanın I mərhələsində 300, II mərhələsində 400 bal yığıb

BAKI, 28 avqust – Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, nəticələrlə bağlı sms artıq abituriyentlərə göndərilib.

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

İmtahan nəticələri buradan tanış ola bilərsiniz.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36840 abituriyentdən 2395 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 8 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.3 bal toplayan Sumqayıt şəhəri, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu göstərib. O, hər iki mərhələnin cəminə görə 688.4 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu göstərib. O, imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 31 avqust 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. 

Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 30 avqust - 1 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında məlumat veriləcək.

61
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

63
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

63
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

25
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

25
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

0
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

0