BAKI, 27 avqust – Sputnik. Bu gündən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir.
İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada keçiriləcək. Xüsusi qabiliyyət imtahanları Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti və Memarlıq istiqamətləri üzrə keçiriləcək.
Abituriyentlərin (subbakalavrların) tapşırıqlarını qiymətləndirmək üçün 34 Qabiliyyət İmtahanı Komissiyası(QİK) təşkil ediləcək. QİK-lərə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının, digər təşkilat, komitə və birliklərin nümayəndələri və DİM-in əməkdaşları daxil edilirlər.
Xatırladaq ki, avqustun 24-dən başlayaraq abituriyentlər (subbakalavrlar) bəzi komissiyalar üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilirlər. Digər komissiyalar üzrə buraxılış vərəqələri 28 avqust tarixindən başlayaraq Mərkəzin saytına yerləşdiriləcək.
Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
53-cü komissiyanı (xoreoqrafiya sənəti) seçən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.
BAKI, 23 yanvar — Sputnik. Elm adamları koronavirusun ağciyərlərə düşməsinin yeni metodunu müəyyənləşdiriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, tədqiqatın nəticəsi "Cell Research" jurnalında dərc olunub. Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.
Tədqiqat zamanı koronavirusun insan bədəninə düşməsi üçün əsas "giriş qapısı" sayılan ACE2 ekspressiyasının ağciyər və traxeyanın bütün hüceyrə xətlərində aşağı, böyrəklərdə və həzm sistemi orqanlarında isə daha aktiv olduğu ortaya çıxıb.
Bununla belə, elm adamları başqa bir zülal – UFO (AXL) tirozin-protein kinaz reseptoru da aşkarlayıblar ki, onun tənəffüs sistemində həddən artıq olması SARS-CoV-2 virusunun hüceyrələrin daxilinə nüfuz etməsini sürətləndirir. Qeyd olunur ki, bu ferment bir sıra fizioloji proseslərə cavabdehdir.
Əldə olunan nəticələr əsasında alimlər bu qərara gəliblər ki, həmin reseptorları söndürərək, ağciyərlərdə virus konsentrasiyasını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:
“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.
Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:
“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.
BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələr ərzində Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişmək üçün ədliyyə naziri vəzifəsini icra edən şəxsi daha loyal biri ilə əvəz etmək istəyirmiş. Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.
Qəzetin məlumatna əsasən, Ədliyyə nazirliyinin işçilərindən biri olan Ceffri Klark Trampla birlikdə Ceffri Rozenin ədliyyə naziri vəzifəsini icra edən postundan kənarlaşdırılması barədə plan hazırlayıb. Planın səbəbi Rozenin Corciya ştatındakı seçki nəticələrini dəyişmək üçün Trampın xahişlərinə rədd cavabı verməsi imiş.
Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb. Öz növbəsində Ceffri Klark belə bir planda iştirakını təkzib edib. Tramp isə şərh verməkdən imtina edib.
Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdən sonra Tramp qalib gəldiyini bildirərək, seçkilərinin nəticəsini məhkəmə yolu ilə dəyişmək istəyib. Lakin seçənlər Co Baydeni prezident elan ediblər. Co Baydenin andiçməsi yanvarın 20-də keçirilib.