Distant təhsil, arxiv şəkli

Distant təhsil - Gələcəyimizi təmin edən fürsət, yoxsa savadsızlığa aparan "Troya atı"

2397
(Yenilənib 07:16 10.08.2020)
Təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. "Şagirdlər biliklə doldurulacaq gəmi deyil. Onlar biliklərin effektiv şəkildə mənimsənilməsinə, müəllimlə, sinif yoldaşları ilə ünsiyyətə ehtiyac duyan canlı varlıqlardır. Kompüter ekranında bilik nə ötürülə bilər, nə də real olaraq qəbul edilə bilməz".

Sputnik Azərbaycan xəbər verir ki, italiyalı professor Nuçço Ordine belə hesab edir.

Professorun fikrincə, distant təhsil ənənəvi təhsilə ucuz alternativdir və biliyə olan susuzluğu söndürə bilməz.

© AR Ministry of Education.

"Mənə elə gəlir ki, distant təhsil pandemiyadan yararlanaraq təhsilimizin əsaslarını sındırmağa çalışan Troya atıdır" - deyə professor öz narahatlığını dilə gətirib.

Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayının 3-dən ənənəvi təhsil dayandırılıb. Bunun əvəzində virtual məktəb, teledərs layihələri təqdim edilib.

Ölkə ərazisində internet sürətinin problemli olması, ən əsası isə uşaqların uzaqdan qavrama qabiliyyətinin zəif olması teledərs və vitrual məktəb layihələrinə kölgə salır. Çünki orta məktəb şagirdlərinin belə təcrübəsi olmayıb. Eyni zamanda italiyalı professorun dediyi kimi onların müəllimlərlə və digər şagirdlərlə ünsiyyətə ehtiyacı var.

Distant təhsilin nə kimi zərərləri və faydaları var?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsafəli təhsil (distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır: "Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır".

K.Əsədov qeyd edir ki, məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Bu təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

Ekspertin fikrincə, distant təhsilin çatışmazlıqları öyrənənlər və öyrədənlər arasında birbaşa canlı ünsiyyətin olmaması, praktik məşğələlərdə çatışmazlığın hiss olunmasıdır.

Belə ki, distant tədrisi reallaşdıran tədris müəssisələrinin çoxunda axşam və ya istirahət günlərində əyani məşğələlər də keçirilir.

"Bu məşğələlər məcburi deyil, amma təhsilalanların praktik bacarıqlarının formalaşması üçün çox faydalıdır. Tədris müəssisələri sırasında istirahət günlərində öyrənənlərin qrup işini təşkil etmək üçün qısa (iki-üç günlük) "gəzən" məktəblərdən də istifadə olunur. İstənilən yeniliyin tətbiqi çox mürəkkəb bir prosesdir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, distant təhsilin təşkili ikiqat mürəkkəbdir.

"Müəllim və tələbələrin çoxu distant təhsil forması ilə işləməyə hazır deyil. Distant təhsil sisteminin qurulmasının baha başa gəlməsi, tədris kurslarının hazırlanması, texniki təminatın alınması xərclərinin yüksək olması çətinlik yaradır. Distant təhsil kurslarının hazırlanması böyük əmək, bilik, bacarıq tələb edir. 1 saatlıq interaktiv multimediyalı fəaliyyətin hazırlanması professionalların 1000 saatlıq işinə bərabərdir. Bu problemin həlli yollarından biri kimi axtarış sistemlərinin köməyi ilə mövcud olan audio və video fayllardan, distant kursların yavaş-yavaş mürəkkəbləşdirilməsi metodundan istifadə etmək olar", - deyə o vurğulayıb.

K.Əsədov hesab edir ki, öyrədici proqramların və kursların hazırlanması üçün müvafiq tədris vəsaitlərini hazırlaya bilən ixtisaslaşmış mütəxəssislərin azlığı problem yaradır. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyətinin kifayət etməməsi problemi bir çox ölkələrdə, eləcə də respublikamızda artıq aradan qaldırılıb: "Azerspace-1" peykinin fəaliyyəti ilə ölkəmizdə bu sahədə olan problemlərin (İnternetin qiyməti, sürəti və s.) istifadəçilərin xeyrinə dəyişməsi distant təhsil həyata keçirilməsində qarşıya çıxacaq bəzi maneələrin aradan qaldırılmasına çox böyük təkan verdi.

Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir".

Mütəxəssis deyir ki, təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.

Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.

Onun sözlərinə görə, təlim kursları kifayət qədər interaktiv olmur: "Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur".

Digər təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, distant təhsil insanların alışmadığı, öyrəşmədiyi bir təhsil formasıdır. Bunun mənimsənilməsi üçün uzun illər və texnoloji infrasturuktur lazımdır. Bu səbəbədn də distant təhsil həm təhsil alanlar, həm də təhsil verənlər üçün adaptasiyası uzun çəkən bir prosesdir.

Ekspert hesab edir ki, distant təhsilin mənfi tərəflərindən biri də hamıya əlçatan olmamasıdır. Şagirdlər və müəllimlər olduqları əraziyə görə üstün və geridə ola bilərlər. Müəllim və şagirdlər şəhərdə, İKT-nin inkişaf etdiyi ərazilərdə yaşayırsa, distant təhsil daha əlyetən olur. Regionlarda yaşayanlar üçün isə distant təhsil daha çətindir.

"Distant təhsil cəmiyyətin sinifləri arasında fərqləri daha da dərinləşdirir. Yəni distant təhsil ictimai sinifləri arasında təhsil uçurumunu dərinləşdirir. Çünki maddi rifah səviyyəsi yuxarı olan sinfin uşaqları distant təhsilə daha açıq və daha rahatdırlar. İqtisadi səviyyəsi daha aşağı olan ailələrin uşaqları isə distant təhsilə hazır deyil. Sosial-iqtisadi səviyyəsinə görə mövcud siniflər arasında olan təhsil fərqi distant təhsildə özünü büruzə verməkdədir", - deyə eskpert bildirir.

Onun sözlərinə görə, distant təhsil öyrənilmiş-alışılmış təhsil növü olmadığına görə, bəzi müəllimlərin işə səhlənkar yanaşması, bir qisim müəllimlərin isə İKT-ni öyrənə bilməməsi keçən dövr ərazində özünü büruzə verdi.

"İcbari şərt olmadığı üçün rayonların ən yaxşı məktəblərində belə virtual məktəb platformalarından istifadə edən müəllimlərin sayı az oldu", - deyə qeyd edən Q.Məhərrəmov əlavə edib ki, bəzi valideynlərin laqeydliyi səbəbindən bir çox şagirdlər distant təhsilə ciddi yanaşmadı və ondan faydalana bilmədi.

Ekspert bildirir ki, distant təhsilin dezavantajlarından biri də qiymətləndirmənin obyektivliyinin sual altında olmasıdır: "Dərsin interaktivliyinin sual altında olması, dərslərdə sosiallaşmanın olmaması, müəllim və şagirdlərin bir-birini görməməsi, müəllimlərin kollegial davranışlarının, bir-birindən faydalanmaq davranışlarının olmaması distant təhsilin mənfi tərəfləridir".

Qeyd edək ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın formalarından biri də distant təhsildir. Amma təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir.

Distant təhsilin tətbiqi üçün məktəblərin internetə çıxışı təmin edilməli, distant təhsil almaq üçün hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır. Bu isə, hələ ki, mümkün deyil…

2397

Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi

5195
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib

BAKI, 29 sentyabr — Sputnik. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

5195
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

2569
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

2569
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron