İmtahan, arxiv şəkli

Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF

252
"Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Bu gün Azərbaycanda da yayılan koronavirus pandemiyası bütün sahələrə zərər vursa da, bir müddət sonra bir çox fəaliyyət sahələri bərpa olunub. Lakin mart ayından etibarən təhsil ocaqları, tədris müəssisələri və repetitorların fəaliyyəti dayandırılıb ki, bu da buraxılış imtahanı verməyə hazırlaşan 9 və 11-ci sinif şagirdlərinin ali məktəbə hazırlıq prosesinə mənfi təsir edib. Bu faktorlar fonunda ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı da abituriyentlərdə narahatlıq yaradıb. Belə ki, M.Abbaszadə bildirib ki, hərarəti olan abituriyentlər imtahan zalına buraxılmayacaq.

Yəni, bu şəxslərin imtahanı sentyabradək təxirə salına bilər. Tədris üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu qərara etirazını bildirib: "Martdan etibarən tədris prosesi dayandırıldıqdan sonra iki əsas məsələ ortaya çıxdı: dərslərin bərpası və mövcud pandemiya dövründə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının verilməsi. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq orta ümumtəhsil məktəblərində dərslərin bərpası mümkün olmayıb. Bunun fonunda qəbul imtahanlarının təşkili problemi ortaya çıxdı. Pandemiya ilə əlaqədar olaraq bir neçə yeni qayda ortaya çıxdı ki, onlardan biri imtahan otaqlarında imtahan iştirakçılarının sayı ilə bağlı oldu. İmtahan otağında şagird sayı 12-15 olaraq müəyyənləşdirildi".

"Yeni qaydalardan biri kimi imtahana gələn şəxsin tibbi yoxlanışı da vacibdir və əgər bu şəxslərdən hər hansı birində yüksək temperatur aşkarlanarsa, onun imtahana buraxılışı məhdudlaşdırılır. Lakin bu şəxslərə sentyabrda təkrar imtahan vermək şansı verilir", - deyə ekspert əlavə edib.

O bildirib ki, hər bir imtahan iştirakçısı imtahan vərəqəsinin arxa hissəsində koronavirusla bağlı məlumatın olduğu səhifəyə də imza atmalı olacaq: "Yəni, bu şəxslərin hər hansı birində koronavirus varsa, onlar bunu gizlədirsə, bu zaman həmin şəxslərin imtahan nəticələri ləğv olunacaq. Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər. Bu səbəbdən ən azı iki dəfə onların hərarəti ölçülməlidir".

"Bundan başqa, hesab edirəm ki, imtahana giriş zamanı yüksək hərarəti olan şəxslərə sentyabrda deyil, keçirilən digər imtahanlarda şərait yaradılsın. Mövcud vəziyyətə görə, ölkəmizdə 6 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Bunların hər birini bir ailə hesab etsək, bu o deməkdir ki, 6 min abituriyentin imtahanda iştirakı məhdudlaşdırıla bilər. Bu da düzgün yanaşma tərzi deyil. Onlara ayrı otaqlarda da imtahan vermək imkanı yaradıla bilər. Çünki martdan etibarən repetitorların da fəaliyyətinin məhdudlaşdırılması fonunda əlavə stress faktorunun yaradılması düzgün deyil".

252
Tələbələr imtahan verirlər, arxiv şəkli

Rusiyada oxumaq istəyənlər pandemiyaya rəğmən sərhədi keçə bilərlər

482
(Yenilənib 21:19 12.07.2020)
Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib

BAKI, 12 iyul — Sputnik. Rusiya Dövlət Dumasında MDB-dən olan abituriyentlərə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərə rəğmən, Rusiyaya gələrək qəbul imtahanlarında iştirak etmək üçün icazə verilməsi təklif olunub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, təşəbbüs ölkənin Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo”ya göndərilib.

Həmçinin bildirilir ki, təkliflər sırasında məzunlara Moskva Dövlət Universitetinin xaricdəki filiallarına gələrək əyani imtahan vermək imkanının yaradılması da səslənib.

Məlumata görə, Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib.

İyun ayında Rusiya Təhsil Nazirliyi “Ali məktəbə onlayn qəbul” servisini istifadəyə verib. Rusiyalı abituriyentlər dövlət xidmətləri portalından istifadə edərək Rusiyanın 54 universitetinə sənəd verə bilərlər.

482
Əlaqədar
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Bir ətək pul alırlar, verdiklərinə bax: Pandemiya dövründə isə xüsusi həngamə olacaq
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”
İmza, arxiv şəkli

Baş nazir təhsil sahəsi ilə bağlı qərar verdi

14
(Yenilənib 15:21 11.07.2020)
Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

BAKI, 11 iyul — Sputnik. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.

Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

Yaradılan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosialİqtisadi Kolleci, Bakı Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və 3 Humanitar Kolleci, Sumqayıt Musiqi Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Şəki Dövlət Texniki Kolleci, Şəki Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirəcələr.

Təhsil Nazirliyi bu Qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazanın təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir.

14
Düyü, arxiv şəkli

Əziyyəti çox, qiyməti baha, gəliri az - Özümüz əkmirik, gətirəndən şikayət edirik

0
(Yenilənib 08:42 15.07.2020)
Ekspert bildirir ki, düyünün əkilməməsi və qiymətinin artmasına bu il ilk növbədə həm də Azərbaycanda quraqlıq olması, suyun çatışmaması səbəb olub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. 2020-ci ilin yanvar-may aylarında Azərbaycan 19 milyon dollar dəyərində 28,7 min ton düyü idxal edib. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon dollar (12,5%) və 8 min ton (38,5%) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

“Çox dadlı və sərfəli” – Düyü unundan halva
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Qeyd edək ki, ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Lakin Azərbaycanda bu sahənin inkişafı prioritet məsələdir və bu istiqamətdə Dövlət Proqramı da qəbul edilib. Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Ölkəmizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənmiş "Ağ ənbərbu", "Vilgəri", "Yetim", "Lənkəran sədrisi", "Ağ qılçıqlı" və digər yerli sortlar becərilib. İqtisadi şəraitlə əlaqədar olaraq ölkəmizdə çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olub.

Düyü idxalının artması ilə bağlı iqtisadçı-ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu il də Azərbaycanda su problemi yaşanır: "Təkcə düyüdə deyil, bu il qarğıdalı əkinləri də azalıb. Çünki bunların suya tələbatı çoxdur. Ümumiyyətlə bütün çayların sululuğu azalıb, su qıtlığı var. Digər tərəfdən, bizdə çəltik təsərrüfatları əsasən cənub zonasındadır və bu zonada düyü istehsalına maraq da getdikcə azalır, çünki çox əziyyətli işdir. Bunun biçini üçün texnika olmalıdır və s. Bizdə bu iş əllə görülür".

"Fermerləri də anlamaq olar, onlar daha gəlirli və daha asan işlərə meyl edirlər. Bu sahəyə verilən subsidiya artırılsa, bəlkə də bunu stimullaşdırmaq olar. Burada həm iqtisadi səbəblər, həm təbii amillər, həm də insanların özlərinin maddi maraq məsələləri var. Bu il ciddi şəkildə su qıtlığı yaşanır. Məsələn, fermerlər var ki, ikinci əkin kimi yüz hektarlar ilə qarğıdalı əkmək istəyirdilər, amma su yoxdur. Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir", – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, xaricdə düyünün maya dəyəri çox aşağı başa gəlir: "Ona görə də düyü bizə ucuz qiymətə gəlir. Məsələn, Astara düyüsü Bakıda hər yerdə satılmır, müəyyən yerlərdə olur. Keyfiyyət baxımından bizim düyümüz çox keyfiyyətlidir. Qiyməti də bahadır. 

Adi düyü 2 manatdırsa, Astara düyüsünü 10 manatdan aşağı almaq olmur. Bazar boş qala bilməz, ona görə avtomatik idxal artır. İranda düyü çox ucuz qiymətə satılır".

"Dövlət hansı sahəyə dəstək göstərirsə, o iki ildən sonra özünü biruzə verir. Məsələn, vaxt var idi ki, bizdə qarğıdalı 100 faiz idxal edilirdi, qarğıdalı əkən yox idi. İndi isə hektarlarla qarğıdalı əkilir, çünki dövlət bu sahəyə dəstək verir. Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər. Digər bir misal olaraq pambığı göstərək. Pambıq əkilmirdi, dövlət bu sahəyə dəstək göstərdi, indi geniş şəkildə əkilir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəal işlər görür", – deyə o qeyd edib.

Onun sözlərinə görə, fermerlərə bu sahədə daha çox yol göstərmək lazımdır: "Məsələn, bizdə "soğan sindromu" var. 2 nəfər soğan əkib, yaxşı gəlir əldə edirsə, bu səfər hamı soğan əkir. Nəticədə soğanın qiyməti çox ucuzlaşır və onlar ziyana düşürlər. Burada ixtisaslaşma olmalıdır, soğan əkən soğan, pomidor əkən pomidor əkməlidir. Müvafiq qurumlar bunu tənzimləməlidir. Tələbata uyğun əkin aparılmalıdır. Tələbatdan çox əkəndə qiymət düşür, az əkəndə də qiymət qalxır. Bunu tənzimləsələr, düyü, qarğıdalı və digər məhsulların istehsalı da normasına düşəcək".

Qeyd edək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Qara kürü, arxiv şəkli
© Sputnik / Dmitry Korobeynikov

Azərbaycanda çəltikçiliyin inkişafı dövlət tərəfindən dəstəklənir. Çəltikçilik sahəsi subsidiyalaşmaya cəlb olunub. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə verilir. Bu ildən etibarən çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar.

Onu da qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb, ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. 2017-ci ildə 5,1 min hektarda çəltik əkilib, ölkə üzrə 15,9 min ton məhsul toplanıb. 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb.

0