Müəllimlərin diaqnostik imtahanı, arxiv şəkli

Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər

12
(Yenilənib 16:52 31.05.2020)
Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak üçün sənəd qəbulu 1-5 iyun tarixlərində aparılacaq.

BAKI, 31 may — Sputnik. Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsində hansı namizədlərin iştirak edə bilməyəcəyini açıqlayıb.

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, müddətli əmək müqavilərinin daimiləşdirilməsi məqsədilə keçirilən müsabiqədə uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Lakin yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak üçün sənəd qəbulu 1-5 iyun tarixlərində aparılacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.

İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmur. Bu müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək.

Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.

12
Əlaqədar
Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın nə tərbiyəsi olacaq, nə də sağlamlığı
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur
Sabahdan müəllimlərin yerdəyişməsi başlayır
Sənəd qəbulu başlanır: kimin şansı daha çoxdur?
Müəllimlərə daha çox ehtiyac duyulan şəhər və rayonlar bəlli oldu
Auditoriyada tələbə, arxiv şəkli

Bir ətək pul alırlar, verdiklərinə bax: Pandemiya dövründə isə xüsusi həngamə olacaq

420
(Yenilənib 00:17 10.07.2020)
Deputat Etibar Əliyev deyir ki, müəyyən təhsil güzəştləri paketi hazırlanmalıdır: “Universitetlərin təhsil haqlarına yenidən baxılmalıdır”

Zülfiyyə  Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Azərbaycanın ali təhsil müəssisələrində ödənişli təhsilin qiymətinin baha olması yenidən müzakirələrə səbəb olub. 

Sosial şəbəkələrdə ölkəmizdə bəzi universitetlərin təhsil haqqı üçün fantastik qiymət müəyyən etməsi, verilən təhsilin təhsil haqları ilə tərs mütənasib olmasına dair fikirlər yer alıb.

Qeyd edək ki, yaranmış müzakirələrə, Baş nazir Əli Əsədovun “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarı imzalaması səbəb olub. Bu qərarda “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" öz əksini tapıb.  Məsələn, rəngkarlıq ixtisası üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı 6 min manatdır. İnstrumental ifaçılıq üçün bu rəqəm 8200, müalicə işi 4800 manat təşkil edir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bu qərarın ictimaiyyət tərəfindən yanlış anlaşıldığını, düzgün şərh edilmədiyini söyləyir. Onun sözlərinə görə, orada qeyd edilən rəqəmlər təhsilalanın illik ödəyəcəyi təhsil haqqı deyil: "Bu, təhsil haqlarının artırılması demək deyil. Bu qiymətlər adambaşına düşən xərclər ilə bağlıdır. Yəni həmən ixtisas üzrə tələbəyə çəkilən xərclər bu qədərdir. Təbii ki, tələbələrin sayı artdıqca xərclər də onlar arasında bölünür. Təhsil haqqını müəyyən etmək ali təhsil müəssisələrinin özlərinin ixtiyarındadır. Onlar tələbə sayı ilə xərclər smetasını müəyyən edirlər. Burada təhlükəsizlik marjası var. Yəni nə qədər minimum tələbə olsa, təhsil müəssisəsi zərərsiz işləyə bilər. Yəni break-even point (Zərərsizlik nöqtəsi) baş nazirin imzaladığı qərara uyğun olacaq. Qısası, təhsil haqları artırılmayacaq".

Sputnik Azərbaycan pandemiya dövründə ali məktəblərin təhsil haqlarının real vəziyyətə və verilən təhsilin səviyyəsi ilə uyğun olub-olmadığını da araşdırıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov açıqlamasında bildirib ki, təhsil haqlarını bazar müəyyənləşdirməlidir: "İnzibati yolla təhsil haqlarını müəyyənləşdirmək ancaq dövlət ali təhsil müəssisələri üçün doğrudur. Fərz edək ki, dövlət təhsil müəssisəsi hansısa fakultə üçün 1000 manat qiymət qoyub. Özəl ali məktəb daha yaxşı  təhsil verirsə onun iki min manat qiymət qoymaq haqqı var. Amma bütün hallarda elə qərar qəbul etmək lazımdır ki, gənclərimiz kütləvi şəkildə xaricə axışmasın".

Ş. Əsgərov deyir ki, bəzən təhsil haqları verilən keyfiyyətə adekvat olmur. Ona görə də buna bir nəzarət mexanizmi olmalıdır: "Soruşan olmalıdır ki, tələbədən bu qədər pul alırsan, əvəzində necə təhsil verirsən? Aldığın pul keyfiyyətli təhsil vermək üçün xərclənirmi? Əgər müəllimin əmək haqqına ödənilirsə, yüksək qiymət də qoya bilərlər. Bu gün bahalı ali məktəblər var. Amma bu gün orta təhsil müəssisələri arasında da bahalıları var. Paytaxtda illik 10  min manat təhsil haqqı olan məktəblər fəaliyyət göstərir".

Ş. Əsgərov bildirir ki, Azərbaycandan xaricə tələb qəbulu təkcə ölkəmizdəki ali təhsil müəssisələrində təhsil haqlarının baha olması ilə bağlı deyil: "Xarici universitetlər abituriyentləri imtahansız tələbə qəbul edir. Ona görə də, Azərbaycan xaricdə təhsilin sosioloji tədqiqatını aparmalıdır. Hər bir qurum öz şəxsi mənafeyi ilə yanaşı, dövlətin də mənafeni düşünməlidir".

Millət vəkili Etibar Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada təhsil haqları universitetlərin nüfuzuna və universitetlərdə verilən təhsilin keyfiyyətinə görə müəyyənləşdirilir. Onun sözlərinə görə, universitetlərin akkreditasiyadan keçməsinin nəticəsi də təhsil haqlarının müəyyənləşdirilməsində rol oynayır: "Əlbəttə ki, indiki şəraitdə təhsil haqları təhsilin keyfiyyəti ilə ekvivalentlik təşkil etmir. Amma bəzi universitetlər burada  istisnadır. UNEC, ADA kimi universitetlərdə təhsilin keyfiyyəti yüksəkdir. Təhsilin keyfiyyəti yüksək olduğu halda valideynlər yüksək təhsilə sərmayə qoyduqlarından təhsil haqqının qiymətinə çox da qayıtmırlar. Amma təhsilin keyfiyyəti aşağı olub, təhsil haqqı yuxarı olan ali məktəblərdə bu narazılıq yaradır. Cari tədris ilindən pandemiya məsələsi isə təhsil haqları müəyyənləşərkən nəzərə alınmalıdır. Mart ayından bəzi insanların işində fasilə yaranması təhsil haqqlarının müəyyənləşdirilməsində nəzərə alınmalıdır. Məsələn, Tibb Universitetində təhsil haqları çox yüksəkdir. Halbuki, Tibb Universiteti bir çox sahələr üzrə mütəxəssis hazırlamaq iqtidarında deyil. Amma orada təhsil haqqı çox yüksəkdir. Hüquq fakültəsində, İdarəçilik akademiyasının bir sıra ixtisaslarında da qiymət çox bahadır. Gələcəkdə mütləq təhsil haqlarında endirim edilməlidir".

Deputat deyir ki, müəyyən təhsil güzəştləri paketi hazırlanmalıdır: "Pandemiya nəzərə alınaraq Prezidentin göstərişi ilə dövlət həssas ailədən olan tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon vəsait ayırdı. Tələbələrə güzəşt olundu. Anacaq hesab edirəm ki, xaricdə oxuyan tələbələr üçün də müəyyən güzəştlər hazırlanmalıdır. Bütün məqsəd pandemiyanın təhsilə etdiyi təsiri azaltmaq məqsədi daşıyır. O ki, qaldı universitetlərdə təhsil haqlarına, düşünürəm ki, universitetlərin dəqiq akkreditasiyası keçirilməli, universitetlərin təhsil haqlarına yenidən baxılmalıdır".

420
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO

813
(Yenilənib 21:03 09.07.2020)
“Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil” - Həsən Abbaslı

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı 11-ci siniflər üçün buraxılış imtahanında mümkün 300 baldan 297.1 balı toplamaqla respublikada ən yüksək nəticə əldə edib.

Həsən Abbaslı Sputnik Azərbaycan-a bildirib ki, onun imtahanlara hazırlaşmaq üçün konkret qrafiki olmayıb. 

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

“Bacardığım qədər dərslərimi öyrənməyə və eləcə də digər məşğuliyyətlərimə vaxt ayırmağa çalışırdım. Yəni başqa məşğuliyyətlərimdən əl çəkim, ancaq dərslə məşğul olum - xeyr, belə etmədim. Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil. Hər bir məşğuliyyətə müəyyən qədər vaxt ayırmaq lazımdır. Təbii ki, son vaxtlar istirahət saatlarımı azaldıb dərs saatlarına daha çox yer ayırmışdım. Bütün səylərim də imtahan nəticəsində öz əksini tapdı. 

Son aylarda, bildiyiniz kimi, məlum səbəblərdən dərslər dayandırılıb və buna görə də biz öz dərslərimizi onlayn formada davam etdirirdik. Onlayn dərslərimi öyrənməklə bərabər, buraxılış imtahanlarına da ciddi hazırlaşırdım. Lakin mən 9-cu sinifdən başlayaraq bu ilin mart ayına kimi repetitor müəllimləri vasitəsilə əlavə hazırlıqlar keçmişəm”.

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

H.Abbaslı ikinci imtahandan da gözlənilən nəticəni əldə edəcəyi təqdirdə seçəcəyi ixtisasları da açıqladı: “3-4 ixtisas mənim hədəflərimdir. Bunlar “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”,  “Kimya mühəndisliyi” və "Kimya" ixtisaslarıdır. Mən inanıram ki, bu ixtisaslardan biri üzrə təhsilimi alacağam. 

Növbəti illərdə məzun olanlara isə məsləhətim odur ki, imtahan zamanı çalışsınlar həyəcanlanmasınlar. Sualların cavablandırılması və tapşırıqların həllində vaxtlarını səmərəli bölüşdürsünlər. Amma dərslərinə hazırlaşmaqları ilə bağlı konkret məsləhət verə bilmərəm. Çünki hər bir məzun özünə uyğun olaraq hazırlığını qurmalıdır”.

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Həsənin atası İskəndər Abbaslı isə oğlu ilə qürur duyduğunu və yüksək nəticə əldə edəcəyinə hər zaman inandığını vurğulayıb: “Mən Həsənin dərslərinə güclü hazırlaşmasına görə, məsuliyyətli olduğuna görə imtahanlardan yüksək nəticə əldə edəcəyinə inanırdım. O, əyləncəsinə də vaxt ayırırdı, amma dərslərinə daha çox hazırlaşırdı. Orta məktəbdə də nümunəvi şagird olub və bütün müəllimləri ondan razı qalıblar. Həsənin bir qardaşı var, Həsən kimi olmasa da, amma dərslərini yaxşı oxuyur. Hazırda 9-cu sinifdədir və inanıram ki, o da 11-ci sinfi bitirəndə yüksək nəticə əldə edəcək”.

Məlumat üçün bildirək ki, Həsən Abbaslı ölkədə keçirilən bir çox bilik və intellektual yarışlarda Lənkəranı layiqincə təmsil edərək qalib olub.

813
Əlaqədar
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
İlk qəbul imtahanları barədə abituriyentlərə vacib məlumatlar açıqlandı
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

0
(Yenilənib 22:21 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

 

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

0
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir