Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, arxiv şəkli

Təhsil nazirinin müavini dərs ili ilə bağlı vacib açıqlamalar verdi

1529
(Yenilənib 13:37 30.04.2020)
Məhəbbət Vəliyeva yay tətilinin ləğvi və yeni dərs ilinin başlama müddəti ilə bağlı hamını maraqlandıran suallara cavab verdi

BAKI, 30 aprel — Sputnik. "Dərs ilinin sonuna qədər məktəblərin açılması yəqin ki, real görünmür. Məktəblərdə şagirdlər arasında sosial məsafənin saxlanılmasını təmin etmək çətin olacaq. Ona görə də yəqin ki, bu, real deyil".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibəsində deyib.

M.Vəliyeva qeyd edib ki, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır: "Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək. Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.

“Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik” – deyə o, bildirib.

Məhəbbət Vəliyeva yay tətilinin ləğv edilməsi məsələsinə də toxunub: "Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur".

Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz: "İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətili müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar".

1529
Şuşa şəhərinin ətrafında dağılmış evlər, arxiv şəkli

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

23
(Yenilənib 02:17 24.11.2020)
Etibar Əliyev: "İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər".

BAKI, 24 noyabr - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, peşə təhsilində inkişaf, oyanış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra başlayıb.

Deputatın sözlərinə görə, hazırda peşə təhsilli kadrlara ciddi ehtiyac var. Həmçinin ixtisaslı peşə təhsilli kadrların hazırlanması üçün peşə məktəblərində maddi-texniki bazanın, infrastrukturun genişləndirilməsi zəruridir.

Etibar Əliyevin sözlərinə görə, regionlarda infrastrukturu, maddi-texniki bazası inkişaf etmiş peşə təhsili məktəblərinin yaradılması üçün ayrıca fəaliyyət planı hazırlanmalıdır:

“Biz Vətən müharibəsində qələbə çalmışıq. İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər”.

Deputat təəssüflə bildirib ki, peşə təhsili ilə bağlı cəmiyyətimizdə bilgi azdır.

“Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmaldır. Buna çox ciddi ehtiyac var. Tikinti infrastrukturunu əhatə edən sahələr üzrə, İKT sahəsində, elektronika, kənd təsərrüfatı sahəsində texnologiyalar gətirilməlidir ki, gənclər peşə təhsilinə meyl etsinlər".

Millət vəkili əlavə edib ki, bu gün söhbət ali təhsilli kadrlara tələbatın azalmasından getmir. Burada əsas məqam texnologiya dövrünün tələbləri ilə bağlıdır.

"Müasir avadanlıqları idarə etmək bacarığına malik peşə təhsilli kadrlar hazırlanmalıdır. Düşünürəm ki, regional peşə məktəblərinin yaradılması işğaldan azad olunmuş rayonlarımızın sakinləri üçün cəlbedici ola bilər”, - deyə E. Əliyev əlavə edib.

23
Teqlər:
Milli Məclis, deputat, XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Etibar Əliyev, "Peşə təhsili haqqında" qanun layihəsi, peşə təhsili müəssisələri, peşə təhsili, peşə
Dərsliklər, arxiv şəkli

Dərsliklər dəyişiləcək: üzü də, məzmunu da

330
(Yenilənib 15:35 23.11.2020)
"11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun duruşunu özündə əks etdirən bir foto təklif olunur" - Təhsil eksperti.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ savaşı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə, demək olar ki, bir sıra sahələrdə köklü dəyişikliklərin olacağından xəbər verdi. Eyni zamanda da dərsliklərlə bağlı bir sıra dəyişikliklərin olacağı gündəmə gəldi.

Maraqlıdır, qazandığımız möhtəşəm zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə nə kimi dəyişikliklər olacaq?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə dəyişikliklərin edilməsi vacibdir. Artıq bununla bağlı olaraq tərəfimizdən nazirliyə müvafiq tövsiyələr verilib. Ötən həftə nazirlikdə baş tutan görüşümüzdə də bu haqda danışdıq".

"10 Noyabr Azərbaycan hərb tarixində ən böyük zəfərlərdən biridir. Bu səbəbdən yeni dərsliklərin yazılmasına ehtiyac var. Bu dərsliklərdə qəhrəmanlarımızın həyatı, onların keçdikləri keşməkeşli həyat yolundan bəhs edilməldir. Təkliflərimiz nəzərə alınıb, bu təkliflərlə bağlı müvafiq dərsliklər hazırlanacaq", - deyə İ.Orucov əlavə edib.

Dərsliyin hazırlanmasının elə də asan prosedur olmadığını deyən ekspert bu işin müəyyən qədər zaman alacağını bildirir: "Ümid edirəm ki, növbəti tədris ilinin dərsliklərində bu məsələlər yer alacaq. Lakin dərsliklərin dəyişdirilməsi məsələsi növbəti tədris ilinədək çatdırılmazsa, bununla əlaqədar olaraq əlavə vəsaitlər hazırlanması gündəmdədir. Bununla bağlı müvafiq addımlar atılacaq".

"Artıq nazirlik faktların toplanması, onların təqdim olunması istiqamətində işlər görür. Toplanan bütün materiallar da faktlara əsaslanacaq", - deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, orta ümumtəhsil məktəbləri üçün ayrılan dərsliklərdə əsas məqsədlərdən biri də şəxsiyyət yetişdirməkdir: "Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanla müharibə şəraitində idi. 90-cı illərdə baş verən hadisələr tarix dərsliklərində də əksini tapmışdı. I Qarabağ müharibəsi ilə bağlı faktları oxuduqda müəyyən qədər bədbin olurdular. Lakin 44 günlük müharibə ilə Azərbaycan özünün zəfər tarixini yazdı, beləcə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Təbii ki, bu müharibədə igidlərimizin göstərdikləri qəhrəmanlıq, zəfər gənc nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında müstəsna rola malik olacaq və bir mənbə kimi istifadə olunacaq".

"Qeyd edim ki, 2021-ci ildə istifadəsi nəzərdə tutulan orta ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında dəyişiklik olacaq. Bu dəyişikliklər bir neçə formatda olacaq. Birincisi, dərsliklərin üz qabığında, yəni dizaynında dəyişikliklər olacaq. Tarix dərsliklərinin, xüsusən də 11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun (Vüsal Şahkərimov - red.) duruşunu özündə əks etdirən bir foto təklif olunur", - deyə o əlavə edib. 

Digər dəyişiklik isə məzmunla bağlı olacaq. İndiyədək biz dərsliklərdə bu torpaqların işğal tarixi haqda məlumatlara yer verirdiksə, artıq bu məzmun tamamilə dəyişəcək, yeni tarix yazılacaq: "Dərsliklərdə, gündəliklərin əvvəlində işğal edilmiş ərazilər haqda məlumat verilirdisə, artıq onlar hamısı silinəcək və azad edilmiş ərazilərin tarixləri yazılacaq, şanlı tariximiz haqda məlumat veriləcək. Bununla yanaşı, azad edilmiş torpaqlarla bağlı atılacaq addımlar, eyni zamanda da hüquqi baxımdan atılacaq addımlar haqda da məlumat veriləcək. Bundan sonra dərsliklərimizin bədbin deyil, mübariz ruhda yazılması gündəmdə olacaq".

"Bununla yanaşı, ibtidai sinif dərsliklərinin məzmununda da dəyişikliklər ediləcək. Bir sıra yeni hekayələr əlavə olunacaq. Bu hekayələr Azərbaycanın zəfər tarixini özündə əks etdirəcək formatda olacaq. Yəni biz hansısa xarici ədəbiyyatdan götürülən qəhrəmanlıq mövzusunda yazılan hekayələrə deyil, Azərbaycanın özünün 44 günlük şanlı tarixində göstərdiyi qəhrəmanlığı işıqlandıracağıq. Burada II Qarabağ savaşında baş tutan qələbələrdən bəhs ediləcək. Bu baxımdan birmənalı olaraq ibtidai siniflərdə şeirlərin, hekayələrin də məzmunu dəyişəcək", - deyə o əlavə edib. 

330
Teqlər:
tarix, dəyişiklik, dərslik, orta məktəb, Azərbaycan
Təcili yardım avtomobili

Karantin rejimi qaydalarını pozan COVID-19 xəstələri məsuliyyətə cəlb edildilər

0
(Yenilənib 15:50 24.11.2020)
Paytaxtda 30, bölgələrdə isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub.

BAKI, 24 noyabr — Sputnik. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

0
Teqlər:
Daxili İşlər Nazirliyi, COVID-19, Koronavirus