Distant təhsil, arxiv şəkli

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

2251
(Yenilənib 19:00 08.04.2020)
"Heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. İndiki durumda Təhsil Nazirliyinin hər bir addımı dəstəklənməlidir. Bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb" - İlqar Orucov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. "Virtual məktəb" layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

"Virtual məktəb" portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat" funksiyasından istifadə edə biləcəklər.

Ancaq bəzi valideynlər "virtual məktəb" layihəsindən digər məqsədlər üçün istifadə etməyə başlayıblar.

Portalın çat bölümündə valideynlər arası təhsildən kənar söhbətlər aparılır. Bəzi vətəndaşlar isə portala qeydiyyata düşə bilmədiklərindən şikayətlənirlər.

Sputnik Azərbaycan təhsil ekspertləri ilə bu problemləri müzakirə edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlayn təhsil dünyada çox geniş yayılmış təcrübədir.

"Nazirliyin rəhbərləri də qeyd etdilər ki, bu, əvvəldən də üzərində işlənilən bir proqram idi. Və müəllimlərdən motivasiyası yüksək olanlar özləri onlayn dərslər keçirdilər. Virtual məktəb əvəzedilməz bir üsuldur. Teledərslər bir dəfə televiziyada verilir. Əgər şagird ona baxa bilmirsə, o, dərsi buraxmış olur. Amma virtual məktəb bir portaldır. Və dərslər yaddaşda qalır. Uşaqlar istədiyi qədər həmin dərslərə baxa biləcəklər. Teledərslər virtual məktəb portalına yüklənəcək və bu, karantin dönəmindən sonra da şagirdlərin köməyinə çatacaq. Virtual məktəb əyani təhsili dəstəkləyəcək çox lazımlı platformadır", - deyə Qoşqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bütün onlayn vasitələr sui-istifadəyə açıq olduğu üçün bunun qarşısını almaq mümkün deyil:

"Həyatda hər şey mənfi də, müsbət də istifadə edilə bilər. Hansısa vasitədən mənfi məqsədlər üçün istifadə edilirsə, biz bunun qarşısını ala bilmərik. Ümumiyyətlə, çat da, "Facebook" da, "Whatshap" da mənfi məqsədlər üçün istifadə edilə bilər. Platformanın hazırkı vəziyyəti, dövlətin təqdim etdiyi budur. Bundan istifadə etmək lazımdır. Microsoft teams yüzlərlə şirkətin istifadə etdiyi bir proqramdır. Virtual məktəb platforması da bu proqramdan istifadə edir. Yəni virtual məktəb təkmil bir sistemdir".

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov isə bildirib ki, hazırki pandemiya vəziyyəti, əlbəttə ki, nəinki Azərbaycan, bütün dünya üçün gözlənilməz oldu və bunun təsirləri bütün sferalarda olduğu kimi, təhsil sahəsidə də ciddi şəkildə hiss edildi.

"Azərbaycanın Təhsil Nazirliyi ilk növbədə şagirdlərin sağlamlığını düşünərək məhz dərslərin təxirə salınması ilə bağlı məsələ qaldırdı. Nazirlər Kabineti yanında operativ qərargah bu çağırışa cavab olaraq məktəblərdə mart ayında üst-üstə 2 müddətə dərs günlərinin təxirə salınması ilə bağlı qərar qəbul etdi. Növbəti dəfə isə karantin rejimi tətbiq olunduğu üçün aprel ayının 20-nə qədər dərslər təxirə salındı. Belə olan şəraitdə Təhsil Nazirliyi şagirdlərin dərslərdən geri qalmaması üçün bir neçə alternativ variant təklif etdi. Bunlardan biri teledərslərdir. Teledərsləri müşahidə etmək üçün heç bir məhdudiyyət yoxdur. Kənd yerlərində belə şagirdlərimiz bu teledərsləri dinləmək imkanına malikdirlər. Teledərs formatı indiki durumda ən real addım idi. Teledərslər çərçivəsində bu dərslərdən sonra şagirdlərin müəllimlərlə hər hansı üsulla - "Whatsapp" və s. - əlaqə saxlaması qadağan edilmədi".

İ.Orucov vurğulayıb ki, şagirdlərin dərs proqramından geri qalmaması üçün bütün imkanlar mövcuddur.

"Azərbaycanın tətbiq etdiyi teledərs prosesindən sonra Britaniya BBC telekanalında teledərslərin yayımlanmasına qərar verib. Qeyd edək ki, teledərslərdə ənənəvi dərslərdən fərqli olaraq interaktivlik yoxdur. Teledərslər, təbii ki, ənənəvi dərsləri əvəz edə bilmir. Bu, birmənalıdır.

Yalnız distant təhsillə müəyyən qədər ənənəvi dərslərə yaxınlaşmaq olardı. İnteraktivlik təmin etmək olardı. Ancaq hazırkı durumda Azərbaycanda distant təhsillə bağlı imkanlar mümkün deyil. Bundan yalnız paytaxtda bir qrup şagird yararlana bilər. Bu baxımdan teledərslər variantı daha optimaldır".

Ekspertin fikrincə, virtual məktəb layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris üçün əlavə bir vasitədir. Əlbəttə ki, virtual məktəb platforması özlüyündə bir çox yenilikləri əhatə edir.

"Təqdim olunmuş layihədə ənənəvi məktəbdəki kimi qiymətləndirmə mümkün deyil, amma bu platforma ilə şagirdlərə qiymətləndirmə alətlərini, müəllimlər ilə, sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və bunun kimi bir sıra imkanları təqdim etmək planlaşdırılır.

Burada, əlbəttə ki, virtual məktəb layihəsi ilə bağlı bizə də müraciətlər olunur. Buraya qoşula bilməyən şagirdlər bunun üçün bizə müraciət edirlər. Bunlar başadüşüləndir. Anlayırıq, amma burada mütləq şəkildə bütün şagirdlərin qoşulmasından söhbət getmir. Bu bir alətdir, vasitədir. Hər halda, əlavə imkanlar yaradacaq. Vəziyyət budur ki, karantin rejiminin müddəti məlumdur. Amma hazırda pandemiyanın nə qədər davam edəcəyi və xüsusi karantin rejiminin müddətinin artırılıb-artırılmayacağı məlum deyil. Bunu heç kim planlaşdıra bilmir. Təhsil Nazirliyi bu kimi vasitələr ilə hər halda şagirdlərin bilik almasına imkan yaradır".

Bizi yeni dövr gözləyir: Pis, yoxsa yaxşı olduğunu sonra biləcəyik...>>

İctimai şuranın katibi vurğulayıb ki, heç bir vasitə ənənəvi dərsləri əvəz edə bilməz. Ancaq şagirdlərin heç nə ilə məşğul olmamağındansa, bu vasitələrlə hansısa bilikləri əldə etməsi daha yaxşıdır.

"Virtual məktəb layihəsinin üstünlüyü ondan ibarətdir ki, vaxt və zaman fərqi olmadan qeydiyyatdan keçmək olur. Nəzərə alaq ki, 1.6 milyon şagird kontingentindən söhbət gedir. Bu qədər şagirdin qeydiyyatdan keçməsində problemlərin yaranması başadüşüləndir. Bunu anlayışla qarşılamaq lazımdır".

İ.Orucov həmçinin bildirib ki, platformada yaradılmış ünsiyyət imkanlarından qeyri-səmərəli istifadəyə nəzarət etmək mümkün deyil. Bu, öyrənənlərin potensialında asılı olan bir məsələdir:

"Yaxşı olardı ki, yazışma üçün ayrılmış hissədə dərslər ilə bağlı məsələlər müzakirə edilsin. Suallar, problemlər qoyulub, onunla bağlı məsələlər müzakirə edilsin. Bu çat həmin məsələlərin müzakirəsi üçün nəzərdə tutulub.

Heç kəs hazırkı durumun baş tutacağını düşünmürdü. İndiki durumda Təhsil Nazirliyinin hər bir addımı dəstəklənməlidir. Bunlar şagirdlərin evdə boş qalmamasına hesablanıb. Evdə qalmaqla, öz sağlamlıqlarını qorumaqla bərabər, proqramlardan geri qalmasınlar və məktəb proqramı davam etdirilsin. Formasından asılı olmayaraq proqramlar üzərində iş getsin".

Ekspert əlavə edib ki, "Microsoft" şirkəti texnologiyalar sayəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir. Dünyanın təqdim olunan məsafəli təhsil formalarından ən optimalı isə onlayn təhsildir: "Bu səbəbdən də biz çətinlikləri və narahatlıqları başa düşürük. Çünki hazırkı durumda başqa variantlar yoxdur".

2251
Əlaqədar
Cansıxıcı sözünü unutdurmaq üçün "e"ləri bir yerə topladılar
Bakıda məktəbə qəbulla bağlı valideynlərə sms-lər göndəriləcək
Məleykə Abbaszadə imtahanların vaxtını dəqiq deyə bilmir - bu da riyazi izahı
Nazirin müşaviri hamını narahat edən məsələyə aydınlıq gətirdi
Ekspert distant təhsil modelindəki problemlərdən danışır
İmtahan, arxiv şəkli

Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF

196
"Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Bu gün Azərbaycanda da yayılan koronavirus pandemiyası bütün sahələrə zərər vursa da, bir müddət sonra bir çox fəaliyyət sahələri bərpa olunub. Lakin mart ayından etibarən təhsil ocaqları, tədris müəssisələri və repetitorların fəaliyyəti dayandırılıb ki, bu da buraxılış imtahanı verməyə hazırlaşan 9 və 11-ci sinif şagirdlərinin ali məktəbə hazırlıq prosesinə mənfi təsir edib. Bu faktorlar fonunda ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı da abituriyentlərdə narahatlıq yaradıb. Belə ki, M.Abbaszadə bildirib ki, hərarəti olan abituriyentlər imtahan zalına buraxılmayacaq.

Yəni, bu şəxslərin imtahanı sentyabradək təxirə salına bilər. Tədris üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu qərara etirazını bildirib: "Martdan etibarən tədris prosesi dayandırıldıqdan sonra iki əsas məsələ ortaya çıxdı: dərslərin bərpası və mövcud pandemiya dövründə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının verilməsi. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq orta ümumtəhsil məktəblərində dərslərin bərpası mümkün olmayıb. Bunun fonunda qəbul imtahanlarının təşkili problemi ortaya çıxdı. Pandemiya ilə əlaqədar olaraq bir neçə yeni qayda ortaya çıxdı ki, onlardan biri imtahan otaqlarında imtahan iştirakçılarının sayı ilə bağlı oldu. İmtahan otağında şagird sayı 12-15 olaraq müəyyənləşdirildi".

"Yeni qaydalardan biri kimi imtahana gələn şəxsin tibbi yoxlanışı da vacibdir və əgər bu şəxslərdən hər hansı birində yüksək temperatur aşkarlanarsa, onun imtahana buraxılışı məhdudlaşdırılır. Lakin bu şəxslərə sentyabrda təkrar imtahan vermək şansı verilir", - deyə ekspert əlavə edib.

O bildirib ki, hər bir imtahan iştirakçısı imtahan vərəqəsinin arxa hissəsində koronavirusla bağlı məlumatın olduğu səhifəyə də imza atmalı olacaq: "Yəni, bu şəxslərin hər hansı birində koronavirus varsa, onlar bunu gizlədirsə, bu zaman həmin şəxslərin imtahan nəticələri ləğv olunacaq. Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər. Bu səbəbdən ən azı iki dəfə onların hərarəti ölçülməlidir".

"Bundan başqa, hesab edirəm ki, imtahana giriş zamanı yüksək hərarəti olan şəxslərə sentyabrda deyil, keçirilən digər imtahanlarda şərait yaradılsın. Mövcud vəziyyətə görə, ölkəmizdə 6 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Bunların hər birini bir ailə hesab etsək, bu o deməkdir ki, 6 min abituriyentin imtahanda iştirakı məhdudlaşdırıla bilər. Bu da düzgün yanaşma tərzi deyil. Onlara ayrı otaqlarda da imtahan vermək imkanı yaradıla bilər. Çünki martdan etibarən repetitorların da fəaliyyətinin məhdudlaşdırılması fonunda əlavə stress faktorunun yaradılması düzgün deyil".

196
Dərsliklər, arxiv şəkli

Dərslikləri qaytarmaq üçün uşaqlara fərqli günlər təyin olundu

14
(Yenilənib 20:47 02.06.2020)
Bəzi siniflərin şagirdləri dərslikləri iyunun ortasından sonra, bəziləri isə avqustun əvvəlindən etibarən qaytarmalı olacaqlar

 

BAKI, 2 iyun — Sputnik. "9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

Onun sözlərinə görə, digər siniflər bu prosesi avqustun 1-15-də edəcəklər: "I-V sinfin şagirdləri isə dərslikləri sentyabrın 1-15-də təhvil verməli olacaqlar".

14
Əlaqədar
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Bu nazirlik qəbulu iyunun 15-dək dayandırdı
Buraxılış imtahanlarının vaxtı məlum oldu
Dərslərlə bağlı sərəncam verildi
Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər
PPX avtomobili, arxiv şəkli

Baş verən qətlin üstü açıldı

0
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 3 iyun — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü "isti izlərlə" açılıb. Sputnik Azərbaycan Baş Prokurorluğun  məlumatına istinadla xəbər verir ki, xəbər verildiyi kimi, iyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla Kürdəxanı qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Fuad Yusifli və 1992-ci il təvəllüdlü Sadiq Cəlalovun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək iyunun 1-də saat 04 radələrində mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə (skotçla) bağlamaqda onu öldürmələrinə, daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad Yusifli və Sadiq Cəlalov Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunmuşlar.

Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf etmiş, onlardan hadisə zamanı mağazadan götürdükləri vəsaitin 50 min 492 manatı həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

F.Yusifli və S.Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0