CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ulağa gücü çatmayan palan döyəclər: Dərsliklər nə vaxtadək günahkar qalacaq?

© Photo : Baku city Education DepartmentDərsliklərin paylanılması, arxiv şəkli
Dərsliklərin paylanılması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kurikulumlarla bağlı geniş vüsət alan son ictimai müzakirələrdə də əksəriyyət konsepsiyanın təhsil ideyamıza çevrilə bilmədiyinin əsas səbəblərindən biri kimi bir daha məhz dərslikləri günahlandırdı

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Bir neçə gün öncə ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydaları təsdiq edildi.

Школьница смотрит на расписание уроков - Sputnik Azərbaycan
ELM
Oxutmuram, əl çəkin: Belə getsə, repetitorlardan can qurtarmaq olmayacaq

Qaydalara görə, bundan sonra dərsliklər məktəblərdə pedaqoji şuraların sifarişi ilə hazırlanacaq. Və dərsliklərlə yanaşı, digər metodik vasitələrin də hazırlanması nəzərdə tutulub.

Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a verdiyi məlumatda bildirib ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri də təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu şərtləndirən keyfiyyətlilikdir. Bu prinsipin həyata keçirilməsinin təmin edilməsində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin rolunun danılmaz olduğu, yəqin ki, çoxlarına məlumdur.

Onun sözlərinə görə, dərsliklərin nəşri və çap işləri hələ 2002-ci ildə təsdiq edilmiş "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.

"Heç də təsadüfi deyil ki, dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə, cəmiyyət üçün narahatlıq doğuran hal olaraq qalır. Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminatı ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir", - deyə İsrafilov vurğulayıb.

Ekspert qeyd edib ki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir: "Dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Digər tərəfdən mütəmadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və s".

Həmişə deyirdik "televizordan uzaq durun", indi deyirik "ekrana yaxın oturun">>

N.İsrafilovun sözlərinə görə, dərslik siyasəti təhsil siyasətinin ayrılmaz tərkib hissəsi olduğundan dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də bu sahəyə məsul olan qurumları məsuliyyətdən azad etmir. Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.

"Baxmayaraq ki dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bununla belə hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənara çıxma hallarından, təhsil qarşısında qoyulan məqsədə və təhsil siyasətimizə zidd olan faktlardan xali deyil, valideyn və mütəxəssisləri qane etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir", - ekspert bildirib.

O qeyd edib ki, kurikulumlarla bağlı geniş vüsət alan son ictimai müzakirələrdə də əksəriyyət konsepsiyanın gözlənildiyi kimi təhsil ideyamıza çevrilə bilmədiyinin əsas səbəblərindən biri kimi bir daha məhz dərslikləri günahlandırdı.

N.İsrafilov hesab edir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiq etməsi kurikulumun təkmilləşməsinə öz müsbət təsirini göstərəcək. Hər şeydən əvvəl ona görə ki, qaydalarda nəzərdə tutulan "etibarlılıq", "dəqiqlik", "inkişafyönümlülük", "dəyəryönümlülük", tərbiyəyönümlülük, "yaş xüsusiyyətlərinə uyğunluq" elə kurikulumun da əsas tələblərindən idi. Biz isə obyektiv və subyektiv səbəblərdən müəyyən kənaraçıxmalara yol verərək, özümüzü bir qədər də çətin vəziyyətə saldıq.

Xəbər lenti
0