İmtahan, arxiv şəkli

Əkizləri ayıracaqlar: imtahanlarda daha heç kimin haqqı tapdanmayacaq

840
(Yenilənib 15:56 07.12.2019)
Dövlət İmtahan Mərkəzi hər il buraxılış və qəbul imtahanlarında iştirak edən on minlərlə insanın imtahanın keçirildiyi binaya sürətlə daxil olması və başqalarının abituriyentlərin əvəzindən imtahan verməsinin qarşısının alınması üçün asan yol tapıb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Buraxılış imtahanları çərçivəsində Face Recognition (üzün tanınması) sisteminin tətbiqi genişləndirilir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edək ki, DİM hər il on minlərlə abituriyentin iştirakı ilə buraxılış və qəbul imtahanları keçirir. Kütləvi test imtahanları zamanı qarşıya çıxan əsas problemlərdən biri də başqalarının abituriyentlərin əvəzindən imtahan verməyə cəhd etməsidir. Bəzən imtahan zamanı abituriyentləri görünüşcə onlara oxşarlığı olan tələbələr, yaxud da əvvəllər universitetə daxil olmuş yaxın qohumları əvəz edirlər.

Bu cür halların qarşısının alınması üçün bu il bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, indi abituriyent qeydiyyata alındıqdan sonra onun şəkli idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən və ya DİM-in informasiya sistemindən götürülür və ayrıca verilənlər bazasına daxil edilir. Abituriyent imtahanda iştirak etməzdən əvvəl nəzarətdən keçdikdə, xüsusi proqram onun görünüşünü kameralar vasitəsilə oxuyur və onu artıq verilənlər bazasında olan fotoşəkillə müqayisə edir.

Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin dediyinə görə, bu, nəinki əvəzetmə haqqında məlumat əldə etməyə, həm də imtahan otağına buraxıış prosesini sürətləndirməyə imkan verir.

"Təəssüf ki, bizdə əvvəllər abituriyentlərin əvəzindən başqalarının imtahan verməsi halları olmuşdu, amma yeni sistem bu təcrübəni tamamilə aradan qaldırmağa imkan verir. Üz Tanıma sistemi hər şeyi ən kiçik təfərrüatlara qədər oxuyur: burun ilə göz, gözlər, qaşlar və burun boşluqları arasındakı məsafəni. O, imtahana gələn şəxsin şəklini abituriyentin pasportundakı fotoşəkillə müqayisə edir. Bundan başqa, sistem hətta əkizləri də ayırd edə bilir", - deyə Xanlarzadə əlavə edib.

2018-ci ildə hüquq-mühafizə orqanları pul qarşılığında imtahan verəcək abituriyentlərin əvəzinə imtahana girən tələbələrdən ibarət mütəşəkkil bir qrupu müəyyənləşdirib. Nəticədə həmin abituriyentlər qəbul imtahanlarında yaxşı nəticələr əldə ediblər. Oxşar əvəzedicilər Gəncə və Mingəçevir şəhərlərində keçirilən qəbul imtahanları zamanı da aşkarlanıb. Nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmə) maddələri ilə cinayət işləri başlanıb.

Bundan əvvəl, Azərbaycanın bütün imtahan mərkəzlərində üz tanıma sisteminin tətbiqi "Bakinity" şirkətinin icraçı direktoru Eldar Qurbanov tərəfindən elan edilmişdi. O bildirmişdi ki, bu günə qədər də sistem test rejimində istifadə olunur. Bundan əvvəl isə hüquq-mühafizə sistemində sınaqdan keçirilib: metro stansiyasının girişlərində quraşdırılmış kameralar sərnişinlərin üzlərini oxuyur, bununla da cinayətkarların yaxalanmasına kömək edir.

"Əminəm ki, yaxın iki ildə bu, ölkə daxilində geniş tətbiq ediləcək", - Qurbanov deyib.

840
Əlaqədar
Başqa ölkənin vətəndaşları ölkəmizdə pulsuz təhsil alacaq
Dövlət qulluğuna qəbul imtahanının vaxtı dəyişdirildi
Bu şəxslər doktoranturaya qəbul imtahanından azad ediləcəklər
Təhsil fırıldaqçıları ələ keçdi - Ondan artıq təhsil müəssisəsində...