Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Vəziyyət heç acınacaqlı deyil, amma üzərində düşünüləsi məqamlar da var

522
(Yenilənib 13:54 22.10.2019)
İbtidai siniflərdə şagirdlərin sinifdə qalmasına yol verilmir. Sinifdə qalma əsasən 4-cü sinifdən 5-ci sinfə keçəndə, 9-cu sinifdən 10-cu sinfə keçəndə qeydə alınır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. İllər öncə sinifdə qalmaq şagird üçün ən ağır cəza növü sayılardı. Hətta dərsini pis oxuyan şagirdləri müəllimlər və valideynlər sinifdə qalmaqla qorxudar, beləcə uşaqlarda dərsə məsuliyyət yaradardılar. Məhz özündən yaşda kiçik olan şagirdlərlə bir parta arxasında oturmaq xofu çox şagirdi sinifdə qalmamaq üçün oxumağa vadar edirdi... Bu cəza metodu Sovet təhsil sistemində tətbiq olunsa da, sən demə şagirdlərin sinifdə saxlanılması müasir təhsil sistemimizdə də qüvvədə saxlanılıb.

Belə ki, ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib. Nazir müavini qeyd edib ki, onları maraqlandıran məsələlərdən biri də təhsildən yayınan şagirdlərdir: "Elmin, tərəqqinin inkişaf etdiyi dövrdə dövlətin qayğısı ilə əhatə olunan uşağın təhsildən yayınma səbəblərinə heç vaxt bəraət qazandırmaq olmaz. Daha böyük məsələ şagirdin sinifdə saxlanmasıdır. Hansı dövrdə yaşayırıq ki, oxuyub-yaza bilməyən şagird sinifdə saxlanılsın? Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən iki alır. Ümumiyyətlə, təlim tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri saldıqda nə olur? Məktəb rəhbərliyi çox yaxşı bilir ki, həmin şagird ikinci ilə qalanda 99% halda məktəbə gəlmir, ya da ümumiyyətlə təhsilə marağı olmur. Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb onu müsbətə doğru dəyişəcəksə, bu, onda başqa məsələ olar. Təhsil standartları onsuz da ən minimum həddi müəyyənləşdirib və normal təfəkkürə malik hər bir uşaq bunu mənimsəyə bilər. Buna görə də bu məsələni nəzarətə götürmək lazımdır".

Sputnik Azərbaycan mövzunun ictimai maraq kəsb etdiyini nəzərə alaraq şagirdlərin hansı halda, hansı siniflərdə sinifdə saxlanılmasını araşdırıb.

Təhsil Nazirliyindən bildirilib ki, bununla bağlı təhsil naziri 2014-cü ildə əmr imzalayıb. "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar"ında qeyd edilib ki, I-VIII və X (XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət ("kafi") və daha yüksək olduğu halda keçirilirlər. Dörd və daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır. Üç fəndən illik "qeyri-kafi" qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə bilirlər. Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi" qiymət alan şagird təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən "qeyri-kafi" qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxət fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etmir.

Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəblərdə məktəbdaxili qiymətləndirmədə irəliləyişlər var: "Bu Təhsil Nazirliyinin artıq orta məktəblərdə keyfiyyətə xüsusi diqqət yetirdiyini göstərir. Hesab edirəm ki, bu tipli yanışma təhsilin inkişafına müsbət təsir göstərəcək. Artıq Təhsil Nazirliyi keyfiyyətə xüsusi diqqət yetirir. Düşünürəm ki, bu yanaşma şagirdlərin sinifdə qalma hallarını azaldacaq".

K.Əsədov deyir ki, hazırda ölkə üzrə 1.5 milyon şagird təhsil alır: "1-ci sinfə isə 165 min şagird qəbul olub. İbtidai siniflərdə şagirdlərin sinifdə qalmasına yol verilmir. Sinifdə qalma əsasən 4-cü sinifdən 5-ci sinfə keçəndə, 9-cu sinifdən 10-cu sinfə keçəndə qeydə alınır. 

Şagirdin sinifdə qalması təhsilin keyfiyyət göstəricisidir. Bu rəqəm dolayısı ilə təhsilin keyfiyyətində çatışmazlıqların olduğundan xəbər verir".

K.Əsədov deyir ki, şagirdin sinifdə qalması təkcə onun günahı sayıla bilməz. Bu məsələdə şagirdlə yanaşı, məktəb rəhbərliyi, müəllim heyəti, eləcə də valideyn də məsuliyyət daşıyır.

Onu da qeyd edək ki, SSRİ dövründə ümumi təhsil alanların 1.5 faizinin ikinci ilə qalması norma sayılırmış. Hazırda isə Azərbaycandakı rəqəm heç ümumi rəqəmin 0,3 faizini belə təşkil etmir. Yəni, vəziyyət heç də düşünüldüyü kimi acınacaqlı deyil.

522