Bakı məktəblərinin birində

Məktəblərdə inqilab gözlənilir: STEAM sistemi genişlənir

5718
(Yenilənib 17:32 19.10.2019)
STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan məktəblərində STEAM adlı yeni bir layihənin tətbiqinə başlanıb. Bu barədə məlumat Sputnik Azərbaycan-a AR Təhsil Nazirliyindən verilib.

2019-2020-ci dərs ilində Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeronda yerləşən 42 ümumi təhsil müəssisəsində pilot layihə çərçivəsində ilk dəfə 6-cı sinif şagirdlərinə informasiya-kommunikasiya texnologiyaları tədris edilməyə başlanıb. STEAM 6 min məktəblini əhatə edir.

STEAM-in "İnformatika" fənnindən fərqi odur ki, burada uşaqlara təkcə proqramlaşdırma dili deyil, eyni zamanda dizayner proqramları da öyrədilir. Pedaqoqlar uşaqlara robotlar yaratmağı, onları proqramlaşdırmağı, öz dizaynerlik ideyalarını həyata keçirməyi, maketləri 3D printerlərdə çap eləməyi, obyektləri kompüter monitorlarında hərəkətə gətirməyi, eləcə də əllə yığılmış robotları hərəkət etdirməyi öyrədirlər.

Layihə müəlliflərinin dediyinə görə, bu pilot layihə üçillikdir. Bu müddət ərzində Təhsil Nazirliyi sözügedən yeni fənni ölkənin digər təhsil müəssisələrində tədris edib-etməməyi müəyyənləşdirəcək. İndilik isə məlumdur ki, 2020-2021-ci dərs ilində STEAM layihəsi üzrə artıq 6 min deyil, 20 min məktəbli, o cümlədən regionlardakı uşaqlar təhsil alacaq.

Sputnik Azərbaycan-ın müxbiri STEAM-in tətbiq edildiyi təhsil müəssisələrindən birində olub. Bu, Səttar Bəhlulzadə adına xarici dil təmayüllü gimnaziyadır.

Bakıda Azərbaycan Beynəlxalq Təhsil - "EduExpo" sərgisi keçiriləcək>>

Bu təhsil müəssisəsində uşaqlara təkcə proqramlaşdırma dili öyrədilmir, bununla yanaşı onların yeni kompüterləri, robot yığmaq üçün müvafiq texnikaları və hətta bahalı 3D printerləri var.

Qeyd etmək lazımdır ki, müəllimlərin özləri yeni STEAM fənninə şagirdlərdən heç də az maraq göstərmirlər. Çünki bu, onlar üçün də yenilikdir. Bu fənnə oğlanlar xüsusi maraq göstərirlər, onlara verilən ləvazımatlardan böyük məmnuniyyətlə robotlar qururlar və bu işdən zövq alırlar.

Dərs zamanı pedaqoqlar şagirdlərə mobil telefondan istifadəni qadağan etmirlər, əksinə buna geniş imkan verirlər.

"Uşaqlar smartfonların köməyilə internetdə müəllimlərin onlara verdiyi tapşırıqları necə düzgün yerinə yetirmək lazım gəldiyini öyrənirlər. Misal üçün, mən şagirdlərə hərəkət edən maşın yığmağı həvalə edirəm. Həmin vaxt onlar internetə baxırlar ki, bunu necə düzgün etsinlər və hansı mühərriki qoşsunlar" - deyə pedaqoq Sücar Əsgərova bildirib.

Öz növbəsində STEAM layihəsinin rəhbəri İqrar Nəzərov qeyd edib ki, bu layihə eyni anda bir neçə aspekti - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirir.

Tədris prosesi beşinci sinifdən məktəblərdə tədris olunan "Alqoritmika" layihəsinin bir növ davamıdır. Nəzərov, gələcəkdə artıq uzun müddətdir xaricdə olduğu kimi STEAM-ın bir fənn olaraq bütün təhsil səviyyələrində tədris olunacağını istisna etməyib.

"Prosesin hansı istiqamətdə getdiyini başa düşmək üçün ilin birinci yarısının qiymətləndirməsinin nəticələrini görmək istəyirik. İlin birinci yarısının sonuna qədər məktəblilər artıq öz layihələrinin ardınca gedə biləcəklər. Məsələn, TINKERCAD proqramını öyrəndikdən sonra, stəkan dizayn edə və onu 3D printerdə çap edə biləcəklər. Şagirdlərin tam fəaliyyət azadlığı var.", - deyə layihə rəhbəri bildirib.

Mehriban Əliyeva: "Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanıb">>

"Layihənin yekun nəticəsi məhz təhsilə yeni yanaşmanın formalaşdırdığı məhsul olacaq", - deyə layihə rəhbəri əlavə edib.

Təhsil Nazirliyi istənilən vəziyyətdə rəqəmsal bacarıqların vacib olduğu qənaətinə gəlib. Bununla əlaqədar mütəxəssislər tədris prosesinə mobil tətbiqlər təklif edirlər. Yəni, təhsilə yanaşma kökündən dəyişir: mobil telefonlara qadağalar qoymaq əvəzinə, əksinə, uşaqların ondan öz xeyirləri üçün istifadəsinə icazə verilməsi barədə qərar qəbul edilib.

STEAM layihəsinin heç də ucuz olmadığını söyləmək lazımdır. Təhsil Nazirliyi onun həyata keçirilməsini təsdiqləsə, layihə ən çox informasiya-kommunikasiya texnologiyalarına uyğunlaşdırılmış məktəblərdə tətbiq ediləcək.

Qeyd edək ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

5718

Qəbul imtahanları başlayır: 13 14 avqusta təyin olunub

14
(Yenilənib 15:21 07.08.2020)
I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

BAKI, 7 avqust – Sputnik. Dövlət İmtahan Mərkəzi 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Bu ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

13-14 avqust tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

• I-IV ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

© Photo : REPORT
Cədvəl

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

 

- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.

14
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Hər kəs oxuyacaq - Nazirlik yeni tədris ili məsələsinə aydınlıq gətirdi

851
Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir

BAKI, 5 avqust — Sputnik. Hazırda Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir.

Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyatı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı, müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir.

Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

851
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0