Kaliforniya ştatının Beyker şəhərində yol kənarında yadplanetlilərə qoyulmuş abidə, arxiv şəkli

ABŞ ordusu yadplanetli ovçularına xəbərdarlıq etdi uzaq durun

3198
(Yenilənib 10:09 17.07.2019)
"Məsləhət görürük ki, əraziyə heç kəs daxil olmasın"

BAKI, 17 iyul — Sputnik. ABŞ Hərbi Hava Qüvvələri məşhur "Zona 51" hərbi bazasını yadplanetli axtarışında olan insanların "hücum"undan qoruyacağını deyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı yaradılmış "Facebook" səhifəsində artıq 1,14 milyon insan hərbi bazaya "hücum" edəcəyini təsdiqləyib. Əlavə olaraq 945 min nəfər də "hücum"a qoşulmaqda maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Nevada ştatında yerləşən "Zona 51" ilə bağlı əhvalatlara görə, bazada Yerin yadplanetlilər tərəfindən ziyarət olunmasına dair sübutlar və hətta yadplanetlilərin özləri saxlanılır.

Sentyabrın 20-də keçirilməsi planlaşdırılan tədbirin də məqsədi bu əfsanənin doğru olub-olmadığını aydınlaşdırmaqdır.

"Zona 51"in adı artıq uzun müddətdir ki, yadplanetlilərin mövcudluğuna dair konspirativ nəzəriyyələrdə çəkilir. 1996-cı ilin "Müstəqillik Günü" (Independence Day) filmində baza yadplanetlilərin üzərində eksperimentlərin keçirildiyi laboratoriya kimi təsvir olunur. Lakin bazanın əsas məqsədi ictimaiyyətə hələ də açıqlanmayıb. Qeyd edək ki, ABŞ hökuməti "Zona 51" bazasının mövcudluğunu yalnız 2013-cü ildə etiraf edib.

"Washington Post"a müsahibəsində Hərbi Hava Qüvvələrin rəsmisi Lora Makendryus tədbir iştirakçılarına bazanın ərazisinə daxil olmamağı məsləhət görüb: "Bura ABŞ Hərbi Hava Qüvvələrinin təlimlər üçün istifadə etdiyi poliqonudur. Burada Amerika silahlı qüvvələri təlimlər keçir və məsləhət görürük ki, əraziyə heç kəs daxil olmasın. ABŞ Hərbi Hava Qüvvələri həmişə Amerikanı və onun mülkiyyətini qorumağa hazırdır".

İyunda "Politico" nəşri xəbər verib ki, ABŞ senatorları naməlum uçan obyektlərə dair qapalı dinləmələr keçirib. Dinləmələrdə ölkənin hərbi dəniz qüvvələrinin rəsmiləri amerikalı pilotların uçuşlar zamanı naməlum obyektlərlə qarşıladığı haqqında məlumat veriblər. Kəşfiyyat komitəsinin vitse-prezidenti Mark Uornerin təmsilçiləri deyiblər ki, Konqresdə bu məsələyə ciddi yanaşırlar.

3198